İnsanlara hürriyət, millətlərə istiqlal!

Qulu Məhərrəmliyə 70 illik yubiley TƏBRİKİ

Azərbaycan Mətbuat Şurası Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsininin kafedra müdiri, əməkdar jurnalist, professor Qulu Məhərrəmliyə 70 illik yubileyi münasibəti ilə təbrik ünvanlayıb.

Musavat.com həmin təbrikin mətnini təqdim edir: 

"Azərbaycanın müasir media və telejurnalistika ənənələrinin formalaşmasında xidmətləri olan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, qurumun Etika komissiyasının sədri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsininin kafedra müdiri, əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin 70 yaşı tamam olur.

Qulu Məhərrəmli ölkəmizin televiziya məkanında böyük populyarlıq qazanmış onlarla proqram və verilişin, beynəlxalq festival və müsabiqələrdə nümayiş olunmuş çoxsaylı sənədli filmlərin, dövlət əhəmiyyətli tədbirlərdən, rəsmi toplantılardan canlı yayımlanmış reportajların və digər yaradıcılıq nümunələrinin müəllifidir.

Azərbaycanın efir məkanında siyasi publisistikanın formalaşmasında xüsusi rolu olan yubilyar demokratik düşüncəli milli telejurnalistikamızın bənzərsiz nümayəndələrindəndir.  Peşəkarlığı, hadisələrə, ayrı-ayrı mövzulara yanaşma tərzi, ana dilimizə yüksək bələdçiliyi, ümumən, istedadı və işgüzarlığı, fəal ziyalı mövqeyi ona nəinki media cameəsində, eyni zamanda, bütövlükdə cəmiyyətdə rəğbət yaradıb. Əlbəttə, bu rəğbətin formalaşmasında başlıca amil AZTV-də yaratdığı və 12 il rəhbərlik etdiyi “Səhər” musiqili-informasiya proqramı olub.

Q.Məhərrəmli, həmçinin, sözün əsl mənasında, elm adamıdır, pedaqoqdur. Jurnalistika üzrə ilk elmlər doktoru adını daşıyan həmkarımızın araşdırmalarında peşənin, ümumən medianın nəzəriyyəsi, televiziya və radionun aktual elmi-nəzəri problemləri, ekran və efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutub. O, bununla bağlı 30-dan çox kitabın, bir neçə monoqrafiyanın, dərsliklərin, dərs vəsaitlərinin və izahlı lüğətlərin müəllifidir. Həmkarımız, həmçinin, 60-a yaxın xarici ölkədə düzənlənmiş, jurnalistika və elmi-pedaqoji fəaliyyətlə bağlı, habelə, medianın aktual problemlərinin müzakirəsinə həsr olunmuş toplantılara qatılıb, Vətənimizi yüksək səviyyədə təmsil edib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri zəngin və çoxşaxəli yaradıcılıq yoluna malik Qulu Məhərrəmlini 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırlar".

Mətbuat Şurasının İdarə Heyəti

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR