Onlayn ictimai-siyasi qəzet
Ekspert deyir ki, vəziyyətin belə olması bəzi maraq qruplarına sərf edir
Alması ilə məşhur olan Qubada məhsul yığımı artıq başa çatıb. Kəndlilər məhsuldarlıqdan razı qalsalar da, bir sıra çətinliklərdən yan keçə bilməyiblər.
Təsərrüfat sahiblərinin sözlərinə görə, məhsulun satışından əldə etdikləri qazanc sərf edilən maddi xərci və əziyyəti qarşılamır. Onlar bildirir ki, almanın kilosunun dəyəri 50-60 qəpik arasında dəyişir. Bu isə kəndlinin qoyduğu xərci çıxarmasına imkan vermir. Fermerlər hər il olduğu kimi bu il də 3-4 min manat ziyana düşdüklərini deyirlər. Kəndlilər üçün məhsulu satmaq onu yetişdirməkdən çətindir.
Bəs fermerləri necə xilas etmək olar? Problemin həll olunmaması alma istehsalının azalmasına və xaricdən asılılığa səbəb ola bilərmi?
Musavat.com mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənib. Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin bir zamanlar elan etdiyi ”Tarladan süfrəyə” proqramları yenidən aktivləşdirilməlidir. Yəni, istehsalçılar pərakəndə satışla məşğul olan marketlər şəbəkəsi ilə müqavilələr bağlamalıdır: “ Təəssüf ki, bu günə qədər belə bir sistem qurulmayıb. Halbuki bu proqramı qurmaq o qədər də çətin deyil. Təşviq proqramları və müəyyən addımlarla, marketlərə müəyyən üstünlüklər verməklə, məsələn, vergi güzəştlərinin bir hissəsini tətbiq etməklə stimullaşdırma etmək lazımdır. İndi ölkədə pərakəndə ticarətin böyük hissəsi iri marketlər şəbəkəsinin vasitəsi ilə aparılır. Kiçik bazar və dükanlar sıxışdırılıb sıradan çıxıb. Böyük marketlər onları “uddu”.
Qeyd etdiyim sistemi qurmaq üçün böyük bir əməyə ehtiyac yoxdur. Onun hətta elektron versiyasını da həyata keçirmək mümkündür. Bildiyim qədəri ilə Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə müəyyən addımlar atdı, təəssüf ki, bu da yarımçıq qaldı.
Kənd təsərrüfatı məhsulları ilə bağlı sifariş saytı yaradıla bilər. Market orada məlumat yerləşdirə bilər ki, hansısa filialına müəyyən qədər alma lazımdır. Fermer həmin sifarişi görüb, marketin təmsilçisi ilə əlaqə saxlayıb sifarişə uyğun məhsulu göndərə bilər. Ödəməni isə kart vasitəsi ilə də edə bilərlər. Bu elektron qaydada müqavilə bağlamaq deməkdir. Azərbaycanda illərdir ki, bu haqda danışılır, lakin hələ də əməli fəaliyyət yoxdur. Belə bir sistem qurulsa, həm Qubanın alma istehsalçıları, həm də başqa bir bölgənin istehsalçıları rahat olar. Kənd təsərrüfatı ilə məşğul olmaq getdikcə problemə çevrilir. İnsanlar riskləri gözə almaq istəmirlər. Çünki əziyyət çəkir, lakin sonra məhsulunun satılacağına əmin deyil. Əziyyətlərin müqabilində az vəsait qazanırlar. Getdikcə daha çox insan aqrar sektordan kənarlaşır. Bu da ölkə üçün yaxşı heç nə vəd etmir. Nümunə olaraq, Azərbaycanda ət istehsalının azalmasını gətirə bilərik. Ölkəmizdə alma istehsalının taleyi ət istehsalına bənzəyə bilər, buna doğru gedir. Bir çox şaxələrdə olduğu kimi xaricdən möhtac qala bilərik. Fermer öz malını qəpik-quruşa satır. Bu işdə gəlir götürənlər isə aralıqda olan şirkətlərdir. Bu sistem yanlışdır. Getdikcə daha çox insan aqrar sahədən soyuyacaq”.
Ekspert deyir ki, vəziyyətin belə olması bəzi maraq qruplarına sərf edir: “Elə qruplar var ki, məhsulun xaricdən gətirilib satılmasında maraqlıdır. Çünki ondan daha çox pul qazanırlar. Onların arxasında duran məmurlar var və bu işdən məmnundurlar. Hansı maraq qrupu güclüdürsə, onun davranışları bazarda təsirli olur. Fermerlərin bazara çıxış imkanları dəyişməlidir. Burada dövlət kəskin olaraq öz mövqeyini qoymalıdır. Kənd təsərrüfatı riskli sahə olduğuna görə, oraya nə kredit ayrılır, nə də sığorta edilir. Bu çox ciddi məsələdir. Uzun müddətli və aşağı faizli kreditlər olmadığına görə fermer təsərrüfatları böyümür. Belə məqamda dövlət biznesə rəqabətli mühitdə fəaliyyət göstərmə şəraiti yaratmalıdır. O zaman inkişaf olacaq”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirir ki, Azərbaycanda alma istehsalçıları uzun illərdir ki, istehsal etdikləri məhsulun satışını həyata keçirə bilmirlər. Onun sözlərinə görə, məhsulun bir hissəsi sahələrdə, digər hissəsi isə anbarlarda xarab olur. Yerdə qalanı isə özləri daşıyıb çaya atırlar. Bu isə onların ümumi biznesinə ciddi təsir edir.
“Gəlir azaldığı üçün almaçılığa maraq da azala bilər. Hökumət gərək elə imkan yaratsın ki, alma istehsalçıları ucuz kredit resursları əldə edib, emal müəssisəsi yarada bilsinlər. Yəni, məhsulun bir hissəsi emala getsin. Digər tərəfdən ölkədə istehsal olunan almanı eyni vaxtda bazara çıxarmaq mümkün deyil. Bunun bir hissəsi anbarlarda saxlanılmalıdır. Anbarlar isə oliqarxların əlinə keçib və qiyməti elə yuxarı qoyurlar ki, istehsalçılara sərf etmir. İstehsalçıların özlərinə imkan yaratmaq lazımdır ki, soyuducu anbar inşa etsinlər. Orada uzun müddət saxlamaq mümkündür. Belə olan halda həm xarici, həm də daxili bazara alma çıxarmaq mümkündür. Eyni zamanda Türkiyədə olduğu kimi günəş panelindən istifadə edib, ucuz qiymətə soyuducu aparatların işlənməsini təmin etmək mümkündür”.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ