Onlayn ictimai-siyasi qəzet
Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 4 il ötür. Yenilməz Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək Dövlət bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident tarixi Qələbəmizdən bir həftə sonra işğaldan azad edilmiş ərazilərə səfərlərə başlayıblar. Növbəti səfər 2020- ci il dekabrın 23- də Qubadlı və Zəngilan rayonlarına oldu. Dövlət başçımız işğaldan azad edilən Qubadlıda və Zəngilanda Azərbaycan Bayrağını ucaldıb, şanlı qələbəmizin sevincini əsgər və zabitlərimizlə bölüşüb. Qubadlıda Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev 44 gün çəkən Vətən Müharibəsində qazanılan şanlı qələbənin ölkəmizin gücünü bütün dünyaya nümayiş etdirdiyini bildirib: “Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.
Bu fikirləri Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, müharibə başlanandan bir gün sonra xalqımız hər gün qəhrəman ordumuzun daim irəli getməsi və ərazilərimizin işğaldan azad edilməsi xəbərini eşidirdi:
“2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini xəbər verdi. 2020-ci il oktyabrın 25-i yeni Azərbaycan tarixinin növbəti şanlı səhifəsinə çevrildi. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti yenə də işğaldan azad edilən ərazilərimizin xoş müjdəsi ilə bitdi. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Ümumilikdə, rayonda 79 min 812 hektar torpaq fondu vardır. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun təsərrüfat fəaliyyətinin əsasını əkinçilik və heyvandarlıq təşkil edirdi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu”.
Ç.Qənizadə rayonun işğal tarixindən söhbət açaraq xatırladıb ki, 1988-ci ildən başlayaraq Еrmənistanla və keçmiş Dağlıq Qarabağla sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanıb, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilib. 1993-cü ilin avqustun 31-də rayon ermənilər tərəfindən tamamilə işğal olunub:
“İşğal nəticəsində rayondan 29 min 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Rayonun 94 yaşayış məntəqəsi fərdi evlər, səhiyyə, təhsil müəssisələri, yol, elektrik infrastrukturları, tarixi-mədəni abidələr tamamilə dağıdılmışdır. Beynəlxalq hüquq normalarına zidd olaraq xaricdən gətirilən ermənilər Qubadlıda qanunsuz yollarla yerləşdirilmişdir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Bütün bunlara baxmayaraq xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb”.
Hüquq müdafiəçisi Azərbaycan Prezidentinin çıxışlarına istinad edərək deyib ki, xalqımız bu işğalla barışa bilməzdi:
“Vətən müharibəsində hərbçilərimizin qəhrəmanlığı da bunu təsdiqlədi. 2020- ci il 25 oktyabr tarixi Vətən Müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Şəhərddə ermənilərin güclü istehkamlar qurmasına baxmayaraq, Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, qəhrəmanlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi”.
Tanınmış hüquqşünas 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15 min 209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Çingiz Qənizadə sözünə davam edərək bildirib ki, hazırda Qubadlının yeni inkişaf tarixi başlanıb:
“Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Yol infrastrukturu yenidən qurulur. Ötən il Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimləri keçirilib. Yaxın illərdə Qubadlı ölkəmizin ən cazibədar rayonlarından birinə çevriləcək”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ