İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşuluqda qalanan TONQAL - "Azərbaycan da hazır olsun!..."

Fikrət Yusifov: “Yaxın Şərqdə baş verənlərin yalnız İsraillə HƏMAS və "Hizbullah" arasında qarşıdurma olduğunu düşünənlər ciddi yanılırlar”

İsrailin öncə HƏMAS, sonra isə “Hizbullah” liderini aradan götürməsindən sonra Yaxın Şərq və ətrafında gərginlik ən pik həddə çatıb. İndi bir çoxlarını düşündürən əsas sual budur ki, İran Həsən Nəsrullahın da qətlini cavabsız qoyacaq, yoxsa? Və ya cavab hansı şəkildə ola bilər? Olacaqmı? O halda regionda yeni və böyük müharibənin başlanması mümkünmü? İsrailin növbəti hədəfi doğrudanmı İrandır?

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi qarşıdakı planlarla bağlı danışarkən deyib: “Terror təşkilatı "Hizbullah"ın məhvinə davam etməkdə qərarlıyıq. Hələ bütün cəbhələrdə qarşıda bir çox missiyamız var. Qarşıda duran vəzifələr arasında terror təşkilatlarının və onların potensialının məhv edilməsi, Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılmasını, həmçinin İsrailin şimal və cənubunun sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtması var".

İran İsrailin “cinayətkar əməllərindən” heç birini cavabsız qoymayacaq.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında Livanda "Hizbullah" lideri Həsən Nəsrullah və SEPAH komandirinin əməliyyatlar üzrə müavini, briqada generalı Abbas Nilforuşan öldürülməsinə münasibət bildirərkən deyib.

Kənani İranın müharibə istəmədiyini, lakin müharibədən qorxmadığını qeyd edib.

“İran Livan hakimiyyəti ilə birgə bu məsələləri yaxından izləyir”, - Kənani vurğulayıb.

Onu da bildirək ki, gərginləşən müharibə fazası ilə bağlı beynəlxalq güclər də hərəkətə keçir. Belə ki, Avropa İttifaqına üzv ölkələrin baş diplomatları fövqəladə iclasda Livanda baş verənləri müzakirə edəcək.

Bu qərarı qurumun xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Cozep Borrel qəbul edib.

Toplantının keçiriləcəyi tarix hələ dəqiqləşməyib.

İsrail bu həftə ərzində Livanda yerüstü hərbi əməliyyatlara başlaya bilər.

Bu iddia ilə “The Wall Street Journal” qəzeti çıxış edib.

O da bildirilib ki, hazırda adıçəkilən ölkənin ərazisindəki kəşfiyyat fəaliyyəti məhz buna hazırlıq xarakteri daşıyır: “İsrail ordusunun məqsədlərindən daha biri "Hizbullah"ın gücünü əhəmiyyətli dərəcədə zəiflətməkdən ibarətdir. Hazırda sözügedən terror qruplaşması əhəmiyyətli dərəcədə zəiflədiyindən İsrail tərəfi Livana hərbi müdaxilə deyil, bu əməliyyatın davametmə müddəti haqqında düşünür. İsrail hökumətinə yönələn təzyiqlərin səbəblərindən biri Livan ərazisində bufer zonasının yaradılması ilə bağlıdır".

İsrail ordusunun yüksək vəzifəli rəsmisi Hertzi Halevi bu informasiyanı dolayısı yolla təsdiqləyib. O bildirib ki, Livan ərazisindən yönələn təhlükənin qarşısını almaq üçün bütün mümkün addımlar atılacaq.

Qəzetin yazdığına görə, ötən həftə İsrail ordusu Livandakı 2000-dən çox obyektə aviazərbələr endirib.

Rusiya “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsini və Livana endirilən zərbələri pisləyir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml bunun regionda sabitliyin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olduğunu düşünür.

“Rusiya tərəfi bu cür hərəkətləri pisləyir, onların regionda vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə səbəb olduğuna inanırıq. Başlıcası odur ki, Livanda yaşayış məhəllələrinin bu cür bombalanması çoxlu sayda insan tələfatına gətirib çıxarır. Bu, istər-istəməz Qəzzada gördüyümüz kimi humanitar fəlakətə gətirib çıxaracaq”, - deyə Kremlin sözçüsü vurğulayıb.

İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində təkcə “Hizbullah”ın baş katibi Həsən Nəsrullah deyil, həmin vaxt onun yanında olan xeyli komandir də öldürülüb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, “Hizbullah” liderinin müavini Şeyx Naim Kasım Həsən Nəsrullahın ölümündən sonra ilk çıxışında bir sıra mətləblərdən danışıb. O, “Hizbullah”ın yeni baş katibinin tezliklə seçiləcəyini açıqlayıb.

Şeyx Naim Kasım bu seçimi “Hizbullah” daxilindəki mexanizmə görə edəcəklərini bildirib.

“Hizbullah” liderinin müavini Həsən Nəsrullahın öldüyü hücumda başqa müqavimət liderlərinin də olduğunu etiraf edib: “Digər döyüşçülərin və şəhidlərin ailələrinə başsağlığı verirəm. Onlar məclisdə Nəsrullahın yanında idilər. Bu, təkcə 20 liderin iştirak etdiyi görüş deyildi. Onların mühafizəçiləri orada idilər”.

“ABŞ İsraili hər vasitə ilə dəstəkləyir. İsrailin ortağıdır. Sərhədsiz hərbi dəstəyin yanında hər cür iqtisadi dəstəyi də verir” deyən Şeyx Naim Kasım “çox fədakarlıqlar etdik. Peycer hücumunda çoxlu itkilər verdik” söyləyib.

Şeyx Naim Kasım çıxışını belə davam etdirib: “Həsən Nəsrullahın cızdığı yolla getməyə davam edəcəyik. Alternativ planlarımız da var. Lazım olan hər şey planlaşdırıldığı kimi ediləcək. İtkilərə qarşı da planlarımız var”.

O, “Nəsrullahın ölümündən sonra baş verənlərə baxmaq lazımdır. İsraili vurduq, Hayfanı vurduq. İsrail həmçinin 1 milyon israillinin qaçdığını bildirib. Biz bunu yalnız bir raketlə etdik. Hazırda biz yalnız minimum səylər göstəririk” deyib: “Müharibənin daha uzun sürəcəyini qəbul edirik, amma hər ehtimala hazırıq” deyən Şeyx Naim Kasım “quru hücumu olarsa, buna da hazırıq. Müqavimət qüvvələri qurudan hücuma hazırdır. Biz əminik ki, İsrail heç vaxt öz məqsədlərinə çatmayacaq”.

Proseslərin bundan sonrakı inkişaf ssenarisi nə ola bilər? Ümumiyyətlə, Yaxın Şərqdə “böyük tonqal qalamaq” istəyən kimdir və əsas hədəf nədir? Böhrandan çıxış yolu görünürmü? Tehran doğrudanmı yumşalma siyasətinə gedə bilər? Nəhayət, baş verənlərin Azərbaycana yaxın-uzaq təsirləri ola bilərmi?

Maraqlıdır ki, bu arada Hudson İnstitutunun baş əməkdaşı Lyuk Koffi  X səhifəsində Yaxın Şərqdə vəziyyətin pisləşdiyi bir vaxtda Azərbaycanı da “hazır olmağa” çağıran paylaşım edib. Ancaq Bakı nəyə hazır olmalıdır, bunu açıqlamayıb...

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov bu savaşı dünyanın yenidən bölüşdürülməsi prosesinin tərkib hissəsi olan bir savaş adlandırır: “Yaxın Şərqdə baş verənlərin yalnız İsraillə Fələstinin hərbi birləşmələri olan HƏMAS və "Hizbullah" arasında qarşıdurma olduğunu düşünənlər ciddi yanılırlar. Bu, sadəcə, bir və ya bir neçə terrorçu təşkilatın sıradan çıxarılmasını hədəfləyən bir müharibə deyil, dünyanın yenidən bölüşdürülməsi prosesinin tərkib hissəsi olan bir savaşdır.

Heç də əbəs deyil ki, son günlər beynəlxalq mətbuatda üçüncü dünya müharibəsinin qaçılmaz olacağına dair fikirlər daha intensiv bir şəkildə yayılmağa başlayıb. Görünən odur ki, böyük güclər artıq bu bölgü prosesinin tezliklə başa çatmasını istəyirlər. Baxın, Yaxın Şərqdə bu missiyanı hələlik İsrail, bir qədər şimalda isə Ukrayna yerinə yetirir. Sonda nə baş verəcək? Bu müharibələr alovlanıb dünya müharibəsinə çevriləcəkmi, yoxsa elə dünyanın yenidən bölgüsü İsrail və Ukrayna kimi dövlətlərin vasitəsilə baş verəcəkdir? Bu suala dəqiq cavab vermək bir o qədər də asan deyil. Çünki gedən müharibələrin ortasında Rusiya və İran kimi məkrli dövlətlər var. Rusiyanın nüvə silahına sahib olması isə məsələni bir qədər mürəkkəbləşdirir. İnanmaq olmur ki, arsenalında yetərincə nüvə silahı olan Rusiya asanlıqla öz məğlubiyyəti ilə barışacaq.

Ukrayna ordusunun Rusiya torpaqlarını nəzarətə götürməsi ilə dünyada nüvə müharibəsi təhlükəsi daha da artıb. Çünki Rusiyanın nüvə doktrinasında nüvə silahından məhz bu kimi hallarda istifadə olunmasına dair müddəalar var. Deməli, Ukrayna Qərbin dəstəyi ilə Rusiya torpaqlarının işğalını davam etdirərsə və bu işğal  Rusiyanı məğlubiyyətə yaxınlaşdırarsa, o halda Rusiyanın nüvə silahına əl atacağı şübhəsizdir. Çünki belə olan halda Rusiyanın bir başqa çıxış yolu qalmayacaq. Bu isə bəşəriyyət üçün böyük bir fəlakətlə nəticələnəcək üçüncü dünya müharibəsinin başlaması demək olacaq".

Sabiq nazir məsələnin Azərbaycan kontekstinə də toxundu: “Şimaldan Rusiya, cənubdan İran kimi böyük qonşularımızın bu hadisələrin mərkəzində dayanması Azərbaycanı narahat edir. Çünki İranda və Rusiyada üst-üstə 50 milyondan çox soydaşımız yaşayır. Müharibə fəlakətinin baş verəcəyi halda, biz hansı soydaşımıza Azərbaycana gəlməyin deyə bilərik? Azərbaycana ehtiyatlı olmaq çağırışı edənlər də bu məqamları nəzərə alıb belə çağırışlar edirlər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu 

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, günbəgün artan bu gərginlikdə Tehran da ciddi sınaqla üzləşəcək: “İsrail həm HƏMAS, həm də "Hizbullah"ı başsız qoyub, bu iki qruplaşmanı zəiflədib. Tehran isə illərdir bu iki təşkilatı silahlandırıb. Buna milyardlarla dollar xərclənib, halbuki bu maliyyə vəsaiti İran vətəndaşlarının iqtisadi və sosial problemlərinin həllinə yönəldilə bilərdi. İranın yeni prezidenti Məsud Pezeşkian HƏMAS və "Hizbullah"ın zəiflədiyini əsas gətirərək bu iki təşkilata ünvanlanan maliyyənin ölkənin problemlərinə yönəldilməsinə mühafizəkarları inandırmağa çalışa bilər. Bu halda Pezeşkian ABŞ və Avropa ölkələri ilə əməkdaşlığa da ümid bəsləyə bilər. Çünki İrana qarşı tətbiq edilən sanksiyalar həm də Tehranın İrandan kənardakı silahlı qruplara verdiyi dəstəklə bağlıdır. Bütün hallarda son qərar İranın ali dini liderindən asılıdır”.

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Haniyənin ölümündən sonra olduğu kimi, indi də diqqətlərin İranın üzərinə yönəldiyini vurğulayır: “Burada İranın cavabının necə olacağını hadisələrin inkişafı müəyyənləşirəcək. İran birbaşa hücuma keçəcəksə, bölgədə İsrailin planlaşdırdığı genişmiqyaslı müharibə qaçılmaz olacaq; cavab olmasa, yaxud adekvat addım atılmasa, İran xüsusilə "müqavimət oxu" coğrafiyasında ciddi təsir itkiləri ilə üzləşə bilər; Haniyənin ölümündən sonra Nəsrullahla Tehran arasında məhz “cavabın verilməməsi” üzərində fikir ayrılığı yaranmışdı, bu “uçurum”un dərinləşəcəyi ehtimalı böyükdür.

Bu dəfə zərbənin birbaşa "Hizbullah"a vurulduğunu nəzərə alanda, qruplaşmanın İrandan “cavab” tələbi daha da kəskinləşəcək ki, bu halda Tehran bölgədə ən güclü proksi qüvvəsini itirmək riski ilə qarşılaşır. Lakin birbaşa cavab zərbəsi beynəlxalq koalisiya ilə üzləşmək təhlükəsini yaratdığı üçün Tehran dilemmatik vəziyyətə düşür. Bu baxımdan, İran cavab zərbələrini "Hizbullah" vasitəsilə vurmaq xəttinə üstünlük verə bilər, hərçənd, bu onun “müqavimət oxu”nda təsir imkanlarına yenə də risklər yaradır. İran hazırda “pis” və “ən pis” arasında seçimlə üzləşib. Bu, İsrailin arzuladığı situasiyadır. İranın birbaşa müdaxiləsi İsrailə ABŞ başda olmaqla, beynəlxalq koalisiya yaratmaq, geri çəkilməsi isə Tehrana bağlı proksi qüvvələrin sıradan çıxarılması istiqamətində daha da irəliləmək imkanı verir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR