Onlayn ictimai-siyasi qəzet
Hindistanla Pakistan arasında gərginlik getdikcə artır. Son məlumata görə, Hindistan Kəşmir bölgəsində raket zərbələri endirib: "Sındur" əməliyyatı başladılıb.
Dünya bu iki ölkənin savaşından niyə narahatdır? Ümumiyyətlə iki qonşu ölkə niyə savaşır? Nəyi bölüşə bilmir? Musavat.com bu qarşıdurmanın tarixinə və bu gün baş verənlərə nəzər salır.
Pakistan və Hindistan arasındakı münasibətlər Cənubi Asiyada davamlı gərginlik və təhlükə mənbəyidir.
Bu iki nüvə silahına sahib qonşu ölkənin münasibətləri 1947-ci ildə hər iki dövlətin müstəqillik qazanmasından bəri ciddi qarşıdurmalar, hərbi toqquşmalar və siyasi intriqalarla yadda qalıb. Mübahisəli ərazilər, dini fərqlər, separatizm və beynəlxalq təsirlər bu münasibətlərin əsas problemləridir.
Qısaca tarix: Bölünmənin qanlı izi (1947)
1947-ci ildə Britaniya Hindistanı iki dövlətə – Hindistana və Pakistana bölündü. Bu bölünmə tarixdə “Partition” (bölünmə) adı ilə tanınır və bir çox baxımdan faciəvi nəticələrə səbəb oldu: təxminən 15 milyon insan dini əsasla köçməyə məcbur edildi, 1 milyona yaxın insan isə zorakılıq nəticəsində həyatını itirdi. Bu hadisə Pakistanla Hindistan arasında düşmənçiliyin ilk qığılcımlarını yandırdı.
Kəşmir problemi: Sonsuz mübahisənin mərkəzi
Pakistan-Hindistan münasibətlərində ən həssas və təhlükəli mövzu Kəşmir bölgəsidir. 1947-ci ildə bölünmədən sonra əhalisinin çoxu müsəlman olan Cammu və Kəşmirin Hindistana birləşdirilməsi Pakistanda ciddi narazılıq yaratdı.
Bunun nəticəsində:
1947-1948-ci illərdə Britaniya Hindistanı bölündükdən sonra Kəşmir hakimi Hindistana birləşmək qərarı verdi. Pakistan bu qərara qarşı çıxdı və dəstəklədiyi qəbilə döyüşçüləri Kəşmirə hücum etdi, Hindistan isə ordu göndərdi. Nəticədə BMT-nin vasitəçiliyi ilə atəşkəs elan edildi. Kəşmir ərazisi faktiki olaraq iki yerə bölündü: bir hissəsi Hindistanın, digər hissəsi isə Pakistanın nəzarətində qaldı.
1966-ci ildə Pakistan "Operation Gibraltar" adlı planı ilə Kəşmirə sızdı. Məqsəd əhalini Hindistana qarşı üsyana təşviq etmək idi. Hindistan buna hərbi cavab verdi. Kəşmir və Pəncab sərhədi boyunca böyük miqyaslı döyüşlər baş verdi. Nəticədə ABŞ və SSRİ-nin təzyiqi ilə Taşkent razılaşması (1966) imzalandı və hər iki tərəf status-kvoya geri döndü.
1999-cu ilin yazında Pakistan və Hindistan arasında baş verən Kargil müharibəsi, iki ölkə arasında baş vermiş üçüncü böyük silahlı qarşıdurma kimi tarixə düşdü. Bu münaqişə, xüsusilə təhlükəli idi – çünki tərəflər artıq nüvə silahına sahib idi və savaş bu silahların kölgəsində baş verirdi.
Hər üç müharibənin əsas səbəbi Kəşmir olub. Hazırda Hindistan Cammu və Kəşmiri inzibati olaraq idarə etsə də, Pakistan bu bölgəni qanunsuz işğal edilmiş ərazi kimi tanıyır. Bu səbəbdən bölgədə tez-tez atəşkəs pozuntuları, silahlı qarşıdurmalar və terror aktları baş verir.
Separatizm və terror iddiaları
Hindistan tez-tez Pakistana "terrorçuları dəstəklədiyi" ittihamını irəli sürür. Xüsusən Kəşmir bölgəsində fəaliyyət göstərən separatçı qrupların Pakistandan maliyyə və hərbi dəstək aldığına dair sübutlar təqdim edilir. Ən yadda qalan hadisələrdən biri 2008-ci ildə Mumbayda baş verən terror hücumudur. Bu hücumlarda 170 nəfər ölmüşdü. Hindistan hücumların arxasında Pakistan mənşəli "Lashkar-e-Taiba" qrupunun dayandığını bildirmişdi.
Son gərginliklər (2016-2024)
● 2016: Hindistan ordu bazasına hücumdan sonra "sərhədyanı cəza əməliyyatları" keçirdi.
● 2019: Pulvama hücumu nəticəsində Hindistan 40 əsgərini itirdi. Cavab olaraq Hindistan Pakistanın Balakot bölgəsinə hava zərbəsi endirdi.
● 2019-cu ilin avqustu: Hindistan hökuməti Kəşmirin muxtar statusunu ləğv etdi. Bu qərar Pakistan tərəfindən qəti şəkildə rədd olundu və diplomatik münasibətlər azaldıldı.
● 2021-2024: Nisbətən səssiz görünən illər olsa da, sərhəddə atəşkəs pozuntuları və təxribatlar ara-sıra davam etdi.
Nüvə təhlükəsi və beynəlxalq narahatlıq
Pakistan və Hindistan hər ikisi nüvə silahına malik ölkələrdir. Ən qorxulu ssenari hərbi qarşıdurmanın nüvə müharibəsinə çevrilməsidir. 1998-ci ildə hər iki ölkənin nüvə sınaqları keçirməsi dünya birliyində ciddi narahatlıq yaratmışdı. Hazırda hər iki ölkə nüvə silahlarını rəsmi olaraq strateji məqsədlər üçün saxladıqlarını bildirirlər.
Bu gün…
İki ölkə arasında ticarət əlaqələri dəfələrlə bərpa edilməyə çalışılsa da, siyasi səbəblərlə yenidən dayandırılıb. Hindistan Pakistanı terrora dəstək verdiyinə görə "Most Favored Nation" statusundan çıxarıb. Pakistan isə hind mallarına embarqolar qoyub. Diplomatik səviyyədə də münasibətlər aşağı səviyyədədir – səfirliklərdə fəaliyyət məhdudlaşdırılıb. Hazırda iki ölkə arasında gərginlik pik həddə qalxıb. Hərbi əməliyyatlar başlayıb. Hər kəsin diqqəti bu bölgəyə boşuna çevrilməyib. 2 nüvə ölkəsinin müharibəsi Dünyanın varlığını təhlükəyə ata bilər.
Məhəmməd Türkmən
Musavat.com
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ