İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşuda ara qarışır - Qərblə Rusiyanın toqquşma riski

Bu gün Gürcüstanda kritik seçkilər keçirilir, Saakaşvili xalqı meydanlara çağırdı; Qərb yenə dəyişikliklər edə bilərmi?

“Hər bir ölkənin tarixində elə məqamlar olur ki, yerindəcə və dərhal hərəkətə keçmək lazımdır”. Bunu Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili deyib. Onun iddiasına görə, hazırkı hökumət qarşıdan gələn seçkilərdə növbəti dəfə qələbə qazansa, ölkədə müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər olacaq (Teleqraf).

“Bütün bunlar olarsa, ümumi ümidsizlik baş qaldıracaq və Qərb bizdən əl çəkəcək. Ona görə də ayın 4-də ayağa qalxmaq, ölkəmizi xilas etmək üçün son şansdır. Odur ki, 4-də gəlin və sona qədər dayanın. Azadlıq indi və ya heç vaxt”, - Saakaşvili vurğulayıb.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək. M.Saakaşvilinin Milli Hərəkat Partiyası həmin gün Tiflisdə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Partiya təmsilçiləri nümayişlər zamanı sərt addım ata biləcəklərini açıqlayıblar. Gürcüstan rəsmiləri mümkün hadisələri Saakaşvilinin hakimiyyətə qaytarılması üçün təxribatçı plan hesab edir.

Gürcüstanda müxalifətin seçkiləri udmaq şansı varmı? Qərb bu ölkədə dəyişikliklər edə bilərmi?

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

 Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”a açıqlamasında bu seçkilərdə əldə olunacaq nəticələrin Gürcüstana baha başa gələ biləcəyini söyləyib: “Gürcüstanda oktyabrın 4-də keçirilməsi nəzərdə tutulan seçkilərdə Rusiyayönümlülərin qalib gələcəyini dünyanın aparıcı seçki institutları, beyin mərkəzləri də təxmin edirlər. Amma bu cür vəziyyət Gürcüstana baha başa gələcək. Çünki Qərb Gürcüstanla bütün ipləri qoparacaq. ABŞ tərəfindən də etirazların olması gözləniləndir, lakin ölkənin daxili siyasətinə görə Gürcüstana xüsusi diqqət ayırmır. Eyni zamanda, Böyük Britaniya tərəfindən də müəyyən sanksiyalar da gözləniləndır. Əvvəllər də Gürcüstana qarşı maliyyə və hərbi yardımların dondurulması, viza rejiminin sərtləşdirilməsi kimi addımlar atılıb. Amma Gürcüstan hökuməti bu vaxta qədər Qərbin bu kimi addımlarına arxasını çevirib və Kremlin qəzəbinə gələcək addımlar atmaqdan çəkinib.

Üstəlik, Rusiya indiki vəziyyətdə Gürcüstana heç nə verməyəcək. Bu baxımdan, şimal-qərb qonşumuzun iqtisadi durumu da pisləşəcək. Hətta ola bilər ki, Gürcüstana qarşı Qərbin sanksiyaları da tətbiq edilsin. Bəs Gürcüstan müxalifətinin seçkilərdə qalib gəlmək şansları varmı? Əslində bunu 4 oktyabr axşamına təyin edilmiş ümumxalq mitinqinin nəticələri göstərəcək. Digər tərəfdən, müxalifət liderlərinin bir çoxu ya həbs edilib, ya da təzyiq, təhdid altındadırlar. Üstəlik, müxalifət liderlərinin bəzilərinin arasındakı keçmiş narazılıqlar da səngiməyib. Bu da müxalif düşərgələrin birliyinə böyük əngəllər yaradır. Gürcüstanda növbəti inqilab dalğası olmayacaq. Bunun üçün müxalifətin resursları yoxdur. Eyni zamanda, hazırda gürcü ziyalılar “işlərini itirmək təhlükəsinə görə” əvvəlki kimi aktivlik göstərmir. Çünki Bidzina İvanişvilinin qanadları altında olan hazırkı hakimiyyət müxalif gürcü ziyalılarına qarşı sərt tədbirlər görür".

S.Əliyeva qeyd edib ki, 2022-2023-cü illərdə Tbilisi Dövlət Universitetinin bir sıra müxalifətyönümlü müəllimləri işdən qovulub, hətta bir çox tələbələr də radikal siyasi baxışlarına görə universitetdən uzaqlaşdırılıblar: “Bir sözlə, Mixail Saakaşvilinin yenidən hakimiyyətə gətirilməsi bu şərtlər altında elə də inandırıcı görünmür. Maraqlı faktlardan biri də odur ki, seçkilərin gedişini cəmi 56 media nümayəndəsi izləyəcək. Yəni Gürcüstan Mərkəzi Seçki Komissiyası müxalif jurnalistlərə akreditasiya verməyib. Bir sözlə, hazırkı hakimiyyət seçkilərə ”qırmızı dəyənək"lə gedirlər. Eyni zamanda, parlamentdə təmsil olunan 4 müxalif partiyadan 2-si iştirak üçün təsdiq ala bilib. Əgər onlar da geri çəkilməsələr, hakimiyyət seçkiləri keçirilmiş sayacaq. Həmin müxaliflər isə hakimiyyətə qarşı “loyallıqları” ilə seçilirlər. Görünən odur ki, seçkilər bitəndən sonra Tiflisdə yenidən ara qarışacaq və insanlar küçələrə axışacaq. Güman ki, “Gürcü arzusu” bu dəfə də seçkidən sonrakı riskləri dəmir dəyənəklə idarə edəcək".

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, 4 oktyabrda Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri əsas müxalifət partiyalarının iştirakı olmadan keçiriləcək: “Hakimiyyətə yaxın bir neçə partiya, həmçinin müxalifət deyilə biləcək 9 nömrə ilə bir zəif partiya seçkilərdə iştirak edəcək. Gedişat onu göstərir ki, bütün bələdiyyələrə sədrlər (Gürcüstanda bu vəzifə Mer adlanır) hakim partiyanın nümayəndələrindən olacaq. Digər partiyalardan cox sayda sıravi bələdiyyə üzvü seçilməsi ola bilər. Çünki Milli Birlik Hərəkatı başda olmaqla seçkidə nəticə əldə etmə şansları olan partiyalar bu seçkilərin nəticələrinin öncədən bəlli olmasını və digər başqa səbəbləri göstərərək boykot taktikasını seçiblər. Hakimiyyətlə qarşıdurma o həddə çatıb ki, Ədliyyə Nazirliyi Milli Birlik Hərəkatının qeydiyyatını ləğv edib. Hətta indiyədək onun seçkilərdə daşıdığı 5 nömrəsi artıq digər partiyaya verilib. Amma bütün bunlara baxmayaraq, partiya fəaliyyətini davam etdirir. 4 oktyabr seçki günü keçiriləcək etiraz mitinqinə digər partiyalarla birgə ciddi hazırlaşılır. Bu hakimiyyəti çox narahat edir. O səbəbdən, Gürcüstan baş naziri bununla bağlı xəbərdarlıq edib. Amma görünən odur ki, istənilən halda 4 oktyabrda, seçki günündə əsasən də Tiflisdə böyük etiraz mitinqi keçiriləcək. Bu mitinqin seçki günü ilə eyni gündə keçirilməsi hakimiyyət üçün böyük problemlər yarada bilər. Müxalifət sonrakı etapın özü üçün cox çətin ola biləcəyini anlayaraq özünün maksimum şəkildə ölkədə böyük etiraz hərəkatının başlanğıcını qoymağa çalışacaq. Hakimiyyət isə buna yol verməmək üçün bütün resurslarını səfərbər edəcək. Nəticənin necə olmasını indidən deyə bilmərəm. Amma MBH və digər müxalifət partiyaları buna çoxdan hazırlaşır və beynəlxalq dəstəyi də artıq alıblar. Bundan sonrakı vəziyyət tərəflərin qarşılarına qoyduqları vəzifələri hansı səviyyədə həyata keçirə biləcəklərindən asılıdır. 4-də olacaq etiraz mitinqi davamlı olarsa və paralel şəkildə regionlara da yayılarsa, o zaman hansısa dəyişiklikərin ola bilməsi ehtimallarından danışıla bilər. Bu şəkildə olmayacaqsa, çox güman ki, Saakaşvilinin verdiyi proqnozun həyata keçməsi şansı arta bilər”.

Cavanşir ABBASLI ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR