İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa fakt qarşısında: Azərbaycan- Ermənistan sülhü Makronu yeni kursa məcbur etdi

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 2-də Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Görüş zamanı Fransa lideri Ermənistanla əldə olunmuş sülh razılaşması münasibətilə dövlət başçımızı təbrik edib və bu prosesin regionda sabitliyin bərqərar olması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tərəflər həmçinin Azərbaycan - Fransa münasibətlərinin mövcud vəziyyətini müzakirə ediblər, əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Bəs bununla iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyurmu? Paris bundan sonra Bakı ilə bağlı siyasətini dəyişəcəkmi?

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:

"Fransa - Azərbaycan münasibətləri təbii ki, son beş ilə yaxındır gərgin vəziyyətdə idi. Xüsusilə Emmanuel Makronun Ermənistanın işğalçı siyasətinə açıq dəstək verməsi, regionda siyasi reallıqlarla barışmaması, Ermənistanı hərbi cəhətdən dəstəkləməsi və sülh prosesinə mane olan siyasəti Azərbaycan - Fransa münasibətlərində qırılma nöqtəsinə gətirib çıxarmışdı.

Konkret olaraq, Nikol Paşinyanı Azərbaycan və Türkiyə ilə normallaşma siyasətindən uzaqlaşdırmağa çalışan Makronun bu planı baş tutmadı. Əksinə, Paşinyan regionda iki tərəfli danışıqların aparılması şərtini qəbul etdi və proses bu istiqamətdə davam edir.

Azərbaycanla Ermənistan arasındakı danışıqlarda irəliləyiş, 8 avqustda Vaşinqtonda iki ölkə arasında sülh müqaviləsinin paraflanması, Fransanı fakt qarşısında qoydu. Makron istəyirdi ki, Cənubi Qafqazda Ermənistan vasitəsilə geosiyasi mövqeyini gücləndirsin və söz sahibi olsun, lakin bu, baş tutmadı".

Politoloq hesab edir ki, Makronla İlham Əliyevin görüşü məhz Fransa tərəfinin təşəbbüsü ilə baş tutub:

"Paris Cənubi Qafqaz siyasətində artıq Azərbaycanla iqtisadi və siyasi əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Çünki ötən beş il ərzində Fransanın region siyasəti iflasa uğradı, bu siyasətin qarşısını məhz Azərbaycan aldı. 

Lakin sammit çərçivəsində nümayəndə heyətləri arasında görüşlər keçirildi, liderlər səmimi və mehriban şəraitdə görüşdülər. Mənim fikrimcə, bu, Fransa - Azərbaycan siyasi və iqtisadi əlaqələrində yeni mərhələnin başlanğıcı olacaq. Artıq Fransa prezidenti Emmanuel Makron sülh təşəbbüsünü açıq şəkildə dəstəklədi və görünən odur ki, bu proses bundan sonra da davam edəcək".

 

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR