Onlayn ictimai-siyasi qəzet
Məhəmməd Şahin pakistanlıdır. Dediyinə görə, 25 yaşı var, pul qazanmaq üçün Azərbaycana gəlib.
O, hər gün Bakının Nizami rayonunda yerləşən “Vosmoy” bazarında çay dəsmalı satmaqla özünü dolandırır. Bu gün də pakistanlı iş başında idi. Əlində çay dəsmalı ayaqüstü gülümsəyərək müştərilərini çağırırdı: “1 manata çay dəsmalı, alın, alın...”
Xanımlarımız suyuşirin, qulağı sırğalı, qarabuğdayı Məhəmmədə yaxınlaşıb iki-iki, üç-üç dəsmal alırdılar...
Bir az sakitlik olan kimi özümü verdim pakistanlının yanına və söhbətə başladım. Sən demə, bu qara oğlan Azərbaycan dilində çox da yaxşı danışa bilmir, amma özünə lazım olan fikirləri ifadə edir. Eybi yox, insanlığın dili birdir deyib, Məhəmmədlə söhbətə başlayıram.
Məhəmməddən neçə müddətdir Azərbaycanda olduğunu soruşuram:
- 6-7 aydır ki, buradayam. Amma qardaşım 18 ildir ki, Azərbaycanda yaşayır. O, azərbaycanlı qızla evlənib, uşaqları var. Sədərəkdə əl və çay dəsmalı satır. Azərbaycan dilini də elə müəyyən aralıqlarla az-az öyrənmişəm. İnşallah yavaş-yavaş düzəldəcəm. Sizin ölkənizə 3-cü dəfədir ki, gəlmişəm.
O, anasının rəhmətə getdiyini, atasının Lahorda yaşadığını və 4 qardaş olduqlarını bildirir:
- Buraya işləmək üçün gəldim, 1 manata satıram. Burada pul qazanmaq asandır. Pul qazanıb evə çörəkpulu aparıram. Gün ərzində 7-10 manat qazanıram. Bu dəsmalları da Sədərəkdən 90 qəpiyə alıb, burada 1 manata satıram. Hər gün burada oluram. Şükür, əlhəmdülillah, qazanıram. Qardaş dedi, gəl burada işlə.
Məhəmməddən qardaşı kimi azərbaycanlı qızla evlənmək istəyərmi deyə soruşuram:
- İnşallah... sevgilim yoxdur, Allah hər xanımın yaxşı qismətini verir... Maşallah, azərbaycanlı xanımlar gözəldir. Azərbaycanı çox sevirəm, insanlar ehtiram göstərir, xoşuma gəlir, maşallah. Ürəyimdən keçir ki, Azərbaycanda rəhmətə gedim, Pakistanda yox. Yaxınlarım buradadır. Orada hər şey bahadır.
Maştağada 3 otaqlı evdə kirayə qalırıq. 300-400 manat pul ödəyirik. Dəsmalların hamısı satılandan sonra evə gedəcəyəm. Səhər saat 8-9-da gəlirəm, axşam 8-də evə qayıdıram.
Məhəmmədin işinə mane olmamaq üçün onunla sağollaşıb ayrılıram, pakistanlı isə gələnə-gedənə gülümsəyib dəsmalları göstərir...
Şahanə Rəhimli
Musavat.com
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ