Onlayn ictimai-siyasi qəzet
Bu gündən etibarən Bakı və Abşeronda bəzi marşrut avtobus xətlərində yeni gediş tarifləri tətbiq olunmağa başlanıb. Lakin bu artım bütün avtobuslara şamil olunmadığı üçün bəzi narazılıqlar və anlaşmazlıqlar müşahidə olunub. Belə ki, bəzi avtobuslar vəziyyətdən sui-istifadə edərək gedişhaqqını olduğu kimi göstərməyiblər.
İlk olaraq xatırladaq ki, paytaxt və ətraf ərazilərdə fəaliyyət göstərən marşrut avtobuslarının təxminən yarısında gediş haqqı artırılıb. Digər xətlərdə isə əvvəlki tarif – 50 qəpik – qüvvədə qalır. Elektron ödəniş üsullarından, xüsusilə “m10” və “Birbank” mobil tətbiqlərindən istifadə edən sərnişinlər yeni sistemlə bağlı narahatlıqlarını dilə gətiriblər. Onların sözlərinə görə, tətbiqlərdən bilet yükləyərkən avtomatik olaraq 60 qəpiklik tarifin təklif olunması bəzi hallarda artıq ödənişə səbəb olub. Nəticədə 50 qəpiklik xətlərdə səyahət edən bir çox sərnişin elektron sistemdə təqdim olunan 60 qəpiklik bileti seçdiklərini sonradan anlayaraq bu gün 10 qəpik artıq ödəniş etdiklərini bildiriblər. 50 qəpik ödənməli olan avtobuslarda isə qiymət tabloları olmadığı üçün sərnişinlər 60 qəpik ödəyiblər. Sürücülər isə buna göz yumublar.
Musavat.com-un əməkdaşı olaraq mövcud vəziyyəti öyrənmək üçün avtobus dayanacaqlarına yollandıq.
Müşahidə apardığımız zaman əksər avtobusun nə üzərində, nə də içərisində qiymət tablosu gördük. Məsələn, 103 saylı avtobusda heç bir məlumat yox idi. 50 saylı avtobusların bəzisində qiymət göstərilsə də, bəzilərində ümumiyyətlə yox idi. Bu siyahıya 36 saylı və 191 saylı avtobuslar da daxildir – hər ikisində qiymət tablosu yerləşdirilməmişdi.
Sürücülərdən gediş haqqını soruşduqda isə müxtəlif reaksiyalarla qarşılaşdıq: bəziləri zarafatla “1 manatdır” dedi, bəziləri sualdan əsəbiləşdi. 141 saylı avtobusun sürücüsü isə məsələni ciddiyə almadan cavab verdi:
– Gediş haqqı neçəyədir, soruşuram.
Sualıma sərnişinlərdən biri cavab verir:
– 60 qəpikdir.
Sürücü isə əlavə edir:
– Qısa məsafə 50 qəpikdir, Mərdəkana isə bahadır.
– Bəs niyə qiymət tablosu qoyulmayıb, sərnişinlər bunu haradan bilsin?
– “Maşınkam işləmir, ona görə tablonu yazmamışam”, – deyə lağlağı ilə gülümsəyir.
Oradan ayrılıb 49 saylı avtobusa daxil oluram. Burada gedişhaqqı kartla ödənilir. Soruşuram:
– Gediş haqqı nə qədərdir?
Sərnişinlərdən biri deyir:
– 60 qəpik.
Sürücü isə düzəldir:
– Yox, 50 qəpikdir.
Tablo ilə maraqlanıram:
– Bəs niyə qiymət tablonuz yoxdur?
Sürücü təəccüblə üzümə baxaraq cavab verir:
– Tablo? Hansı tablo?
Bu anda arxadan sərnişinlərdən biri səslənir:
– Ay xanım, narahat olmayın, 50 qəpikdir, gəlin minin.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında deyib ki, bu cür sui-istifadə halları yolverilməzdir:
“Yeni qaydalardan da məlumdur ki, köhnə avtobuslar, nağd ödəmə ilə çalışanlar, dizel mühərriki ilə işləyən avtobuslarda gediş haqqı yüksəlməyib. Onlarda gedişhaqqı 50 qəpik olaraq qalır.
Ümumiyyətlə, bütün avtobuslarda qiyməti göstərən tablo mütləq olmalıdır. Əgər bilərəkdən hansısa daşıyıcı şirkət və ya sürücü 50 qəpik olduğunu bildirən tablonu çıxarıbsa, müvafiq qurumlar bu məsələ ilə bağlı sanksiya tətbiq etməlidirlər”.
Ekspert əlavə edib ki, burada məsuliyyət təkcə ictimai nəqliyyatı tənzimləyən qurumların deyil:
“Bu məsələyə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də qarışmalıdır. Çünki bu, istehlakçı hüquqlarının pozulmasıdır. Həm daşıyıcı şirkət, həm də sürücü cərimələnə bilər”.
Bakı və Abşeronda marşrutlarla bağlı bu cür qeyri-şəffaflıq sərnişinləri çaşqın vəziyyətə salır. Sürücülərin qeyri-ciddi münasibəti, qiymət tablolarının olmaması, tətbiqlərdə yanlış tariflərin göstərilməsi bir daha sübut edir ki, nəzarət mexanizmləri ya yoxdur, ya da işləmək istəmir. Bu isə gündəlik avtobusdan istifadə edən sadə sərnişin üçün həm maddi, həm də əsəb baxımından ciddi narahatlıq doğurur.
Afaq MİRAYİQ,
Fotolar müəllifindir
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ