İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda siyasi tarazlıq dəyişir: Müxalifət qalib gələrsə, növbədənkənar parlament seçkiləri gündəmdə

Bu gün Gürcüstanda kritik bələdiyyə seçkiləri keçirilir. Xatırladaq ki, ölkənin həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili seçkiöncəsi xalqı meydanlara çağırıb. O, açıqlamalarında bildirib ki, əgər hazırkı hökumət növbəti dəfə qələbə qazanarsa, Gürcüstanda müstəqil media və institutlar məhv ediləcək, çoxlu sayda həbslər baş tutacaq.

Rəsmi Tiflis isə Saakaşvilinin bu çağırışlarını təxribatçı plan kimi qiymətləndirir və onu ölkədə siyasi sabitliyi pozmaq cəhdi hesab edir.

Gürcü mətbuatının yazdığına görə seçki günü seçki məntəqələrində gərginlik müşahidə olunur, müxalifət tərəfdarları və təhlükəsizlik qüvvələri arasında qarşılıqlı həyəcan artıb. Hazırkı məlumatlara görə, bir sıra bölgələrdə seçki prosesində inzibati maneələr və gərginliklər yaşanır.

Siyasi şərhçilər bildirir ki, müxalifətin seçkiləri udmaq şansı mövcuddur, lakin bu, bölgələr üzrə müxtəlifdir və böyük şəhərlərdə hökumət tərəfdarlarının üstünlüyü nəzərə alınmalıdır. Qərb isə Gürcüstanda demokratik institutların qorunmasına və seçkilərin şəffaf keçməsinə diqqət göstərir, lakin dəyişikliklərin nə dərəcədə real olacağı hələ də sual altındadır.

Seçkilərin nəticələri və ölkədəki gərginliklərin gələcək siyasi proseslərə təsiri yaxın saatlarda daha aydın görünəcək.

 Politoloq: Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin”  başlanması kimi təqdim edilməsi yanlışdır...

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

Politoloq qeyd edir ki, müxalifətin seçkilərdə qalib gəlmə şansları kifayət qədər yüksəkdir:

"Çünki ölkənin müxtəlif yerlərində, xüsusilə də Gürcüstanın aqrar rayonlarında müxalifətin mövqeləri güclüdür. Müxalifətin, xüsusilə də Mixail Saakaşvilinin rəhbərlik etdiyi və hələ də onun təsiri altında olan Vahid Milli Hərəkat Partiyasının nüfuzu xeyli böyükdür.

Lakin nəzərə almaq lazımdır ki, Tiflisdə iqtidar partiyasının nüfuzu olduqca mühümdür. Bu, müəyyən qədər paytaxtın meri Kaxa Kaladzenin şəxsi nüfuzundan qaynaqlanır. Kaladze Tiflisi uzun müddət ərzində mütəşəkkil şəkildə idarə edib. Məsələn, Tiflisdəki nəqliyyat problemləri xeyli dərəcədə aradan qaldırılıb, son illərdə təmizlik məsələlərinə ciddi diqqət yetirilib, qanunsuz tikililərə qarşı mübarizə aparılıb. Bütün bunlar Tiflis meriyasının nüfuzunun artmasına mühüm təsir göstərib.

Əminliklə demək olar ki, paytaxt Tiflisdə keçirilən regional seçkilərdə iqtidar partiyası “Gürcü Arzusu” qalib gələcək. Ancaq regionlarda vəziyyət fərqlidir və orada rəqabət daha gərgindir. Hazırkı məqamda müxalifətin regionlarda qalib gəlmək şansı çox böyükdür. Bu da, təbii ki, Gürcüstandakı ümumi seçki balansına təsir göstərə biləcək amillərdəndir.

Xüsusilə Azərbaycanlıların yaşadığı bölgələrdə bu seçkilərdə “Vahid Milli Hərəkat” öz ətrafında formalaşdırdığı siyasi təşkilatlarla birlikdə səviyyəli və nüfuzlu şəxslərin namizədliyini irəli sürüb. Onların qalib gəlmək şansı real görünür".

Zeynal Əmrəliyevin fikrincə, Mixail Saakaşvilinin bu dəfə də aktivlik göstərməsi və xalqı çağırışlara səsləməsi başadüşüləndir:

"Əslində, Saakaşvili hər seçki öncəsi bu cür ritorika ilə çıxış edir. Lakin bu yanaşmanı tamamilə doğru hesab etmək olmaz. Çünki onun bu cür davranışı müxalifətin qalib gəlmək şansına müəyyən mənada mənfi təsir göstərir, insanlar arasında tərəddüd yaradır.

Gürcüstanda cəmiyyət artıq yeni bir inqilabdan ehtiyat edir. Xalq Rusiya ilə yenidən müharibə riskini, keçmişdəki xaotik günlərə qayıtmaq təhlükəsini istəmir.

Bununla belə, “Gürcü Arzusu” hökumətinin də bir sıra ciddi səhvləri olub. Ölkədə iqtisadi vəziyyət son illərdə zəifləyib, Avropa ölkələri ilə münasibətlərdə yaşanan gərginliklər Gürcüstanın beynəlxalq imicinə mənfi təsir göstərib. Xüsusilə gənclər arasında narazılıq getdikcə artır.

Bütün bu amillərin fonunda müxalifətin mühüm regionlarda qalib gəlmək ehtimalı çox yüksəkdir.

Mən müxalifətin qalib gəlmək şansını yüksək qiymətləndirirəm. Əgər gözlənilməz hadisə baş verməsə, seçkilərdə iqtidarla müxalifət arasında çox güclü rəqabət müşahidə olunacaq, lakin müxalifətin qələbəsi real görünür.

Əgər müxalifət bu seçkilərdə qalib gələrsə, Gürcüstan hökuməti öz legitimliyini qorumaq üçün növbədənkənar parlament seçkilərinə getmək məcburiyyətində qala bilər. Bu isə ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər".

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR