Onlayn ictimai-siyasi qəzet
Qızının adına sosial şəbəkədə hesab açan şəxsə qarşı zor tətbiq edən 57 yaşlı şəxs məhkəmə zalında həbs olunub.
Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxs Müslümova qarşı xuliqanlıq və qəsdən zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə maddələri ilə ittiham irəli sürülüb.
Yevlax Rayon Məhkəməsi Müslümovu adam oğurluğunda təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarmışdı. Prokuror hökmdən apellyasiya protesti verərək Müslümov barəsində azadlıqdan məhrumetmə ilə bağlı hökm çıxarılmasını istəyib.
Məlumata görə, Müslümov Yevlax rayon sakini olan Ramizi (ad şərtidir) cəzalandırmaq üçün onun heyvanları otardığı əraziyə gedib. O, Ramizi qızının adına saxta profillər açaraq nalayiq paylaşımlar etməsinə görə cəzalandırmaq üçün taxta parçası ilə döyüb. Daha sonra onun əllərini arxadan bağlayaraq maşına əyləşdirib. Şalvarını çıxararaq rayondakı çayxanaların birinin qarşısında düşürüb.
Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Tərəflər barışıb.
Lakin Müslümov barəsində bəraət hökmünün çıxarılması ittiham tərəfini narazı salıb. Prokurorun protesti təmin edilib. Şəki Apellyasiya Məhkəməsi Müslümovu adam oğurluğunda təqsirli bilərək həbsə məhkum edib.
Hökmə əsasən, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Müslümov məhkəmə zalında qandallanıb.
İ.Muradov
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ