Onlayn ictimai-siyasi qəzet
“Dünyanı dəhşətli bir partlayış gözləyir”. Bunu Rusiyada yaşayan, əslən Azərbaycandan olan “Ekstrasenslərin döyüşü” şousunun altıncı mövsümünün finalçısı Zirəddin Rzayev deyib. O, dünyanı böyük bir fəlakətin gözləməsi ilə bağlı xəbərdarlıq edib.
“Başqasına quyu qazma, özün düşərsən. Bizə yuxarıdan əmanət edilən hər şeyə xəyanət etdik. Acgöz, paxıl və eqoist məxluqlar yer üzünə nifaq, qəddarlıq və viranəlik səpiblər. İnsan nə etdiyini bilmir, amma etdiyi hər əməlin qarşılığını görəcək”, - ekstrasens yaxınlaşan dəhşəti bu cür təsvir edib.
O qeyd edib ki, bu partlayış nüvə partlayışından fərqli olacaq. “Allahın qəzəbi təzahür edəcək”, - azərbaycanlı görücü diqqətə çatdırıb.
Ekstrasens Zirəddin Rzayev vurğulayıb ki, taleyi dəyişmək olmaz. Qurtuluşun əsasında yalnız xeyirxahlıq və iman dayanır. Gözəllik və pul günahkar bir ruhun cəzasını azaltmayacaq. Cəzamızın nə vaxt veriləcəyi isə məlum deyil.
İslam dini belə proqnozlara necə baxır? Allahın qəzəbinin konkret vaxtını bəndə müəyyən edə bilərmi? (“İlahi cəza yaxınlaşır”). Qurani-Kərimdə bu xüsusda əlamətlər, dəlillər varmı?
İlahiyyatçı: “Hətta Peyğəmbərin belə bir sualına cavabını bilmədiyini Allah vurğulayıb”
Dünşünas, ilahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, əsrlər boyunca kahinlik bəşəriyyət arasında dominant qüvvələrdən olub: “Keçən dəfə bir statistika oxumuşdum ki, Səudiyyə Ərəbistanında hər il qadınlar bu kahinlərə milyarddan çox pul sərf edirlər. Əgər camaat arasında sorğu aparsanız, bəlkə də əksəriyyət sizə deyəcək ki, biz belə şeylərə inanmırıq. Bəs elədirsə, bu insanları əlləri içində saxlayanlar kimlərdir? Daha sonra isə hüquq-mühafizə orqanlarına şikayət edir və istədiklərini əldə edə bilmədikləri üçün kahinlik edənlərin həbs olunmasını istəyirlər.
Yəni kahinlik mənfi yüklü bir məsələdir. “Tur” surəsinin 29-cu ayəsində oxuyuruq: “(Onlara) xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!” Yəni sehrbazlıq, kahinlik və bu qəbil məsləklərlə məşğul olmaq Quran tərəfindən məzəmmət edilib. Bütün səmavi dinlər Qiyamət gününü xəbər verməkdə müttəfiq olublar. Ona görə də bəşəriyyəti maraqlandıran əsas məsələlərdən biri “Qiyamət nə vaxt qopacaq” sualı olub. Quran bu suala necə cavab verir? “Əraf” surəsinin 187-ci ayəsində oxuyuruq: “Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De: ”Bu haqda bilgi ancaq Rəbbimə aiddir. (Qopacağı) vaxtı yalnız O aşkara çıxara bilər. (Bu bilgi) göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcək". Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu (bunu) bilmir”.
Diqqət edin, hətta Peyğəmbərin belə bir sualın cavabını bilmədiyini Allah vurğulayıb. Yəni bu cür suallar vermək əbəsdir. Çünki bunu hətta aranızda ən bilikli, təmiz insan da bilmir. Yəni bu barədə kim bir iddia edərsə, onun iddiası əsassızdır".
Dinşünas “Loğman” surəsinin 34-cü ayəsinə də diqqət çəkir: “Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə şübhəsiz ki, biləndir, xəbərdardır”.
Sual verilə bilər ki, axı insanlar da müəyyən şeylərin proqnozunu və ya elmi nəticəsini verə bilərlər. Məsələ burasındadır ki, mütləq elm Allahın əlindədir. İnsan isə müəyyən əlamətlərdən sadəcə proqnoz verə bilər. O da Allah istəsə. Lakin bir məsələ də var. “Şura” surəsinin 30-cu ayəsində oxuyuruq: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız üzündəndir. (Allah isə) çoxunu bağışlayır”.
Yəni bəşəriyyətin başına gələn müsibətlər öz əməllərinin məhsuludur. Ən təhlükəli varlıq hazırda insandır və oturub proqnoz qurmaqdansa, kahinlik etməkdənsə, ətrafdan məlumat toplamaqdansa, özünə baxmalıdır. Çünki nə baş versə, elə öz əməli üzündən baş verəcək. Allah heç kəsə zülm etməz. “Nəhl” surəsinin 118-ci ayəsində oxuyuruq: "Biz onlara zülm etmədik. Lakin onlar özləri özlərinə zülm edirdilər".
Astroloq: “Belə şarlatanları medaiadan uzaqlaşdırmaq üçün hökumətin təpkisi lazımdır”
Astroloq, araşdırmaçı jurnalist Səbuhi Rəhimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. Onun fikrincə, öncəgörmə qabiliyyəti iki amildən - biri kamil bilik səviyyəsindən, digəri isə travmadan sonra əmələ gəlir: “Travmadan sonra müəyyən dəyişikliklər olur, ağıllarına gələni yazırlar, emosiyalarını, arzularını proqnoz kimi qələmə verməyə başlayırlar. Çox təəssüf ki, 95 faiz insan məhz elə travma alanlardır. Vaxtilə ekstrasenslər ittifaqının mətbuat katibi və orqanı olan "Amin" qəzetinin redaktoru idim. Orada ekstrasensləri qəbul edirdim və orada gördüm ki, əksəriyyəti yalançı, fırıldaqçı, elmsizdir. Uzağa getməyək. İsrail Türkiyənin "Mavi Marmara" yardım gəmisinə hücum edib, qətllər törətmişdi. Mən o vaxt rəhbərlik etdiyim “Qoroskop” qəzetində elan verdim ki, ey öncəgərənlər, deyin görək necə olacaq? Az qala hamısı dedi ki, böyük müharibə olacaq, yüz mindən çox insan öləcək. Müharibə uzun illər davam edəcək. Mən yalnız dedim ki, İsrail Türkiyədən üzr istəyib, kompensasiya ödəyəcək. İl yarım sonra bunlar baş verdi.
Eləcə də Amerikada 11 sentyabrda qoşa binalar vurulan zaman da müraciət etdim. Əksəriyyəti yazdı ki, Amerika çökdü, filan. Daha sonra Kahramanmaraşda zəlzələ olanda da həmin ekstrasenslər çıxdı ortaya ki, hələ bu harasıdır, görün necə dəhşətli zəlzələlər olacaq. Apreldə, mayda İzmir yox olacaq. İstanbul yox olacaq. 2022-nin sentyabrında Ukrayna darmadağın olacaq, Polşanın yarısı gedəcək. Bəziləri var ki, sensasiya xətrinə təlaşlı proqnozlar verirlər. Mən özüm verdiyim proqnozların illik hesabatını aparıram. İldə 25 siyasi proqnoz verirəm. Bəzən olur 3-ü səhv çıxır, bəzən 4 olur, bəzən də ümumiyyətlə səhv olmur. Ona görə üzr istəyirəm, deyirəm ki, doğru hesablamamışam.
Amma onu da demişəm ki, 25 proqnozdan 10-u səhv çıxsa, heç vaxt proqnoz verməyəcəyəm. Şükür ki, hesablamalarda elə yanılmamışam. İndi belə adamlara yenə müraciət etdim ki, Ukrayna müharibəsi nə vaxt bitəcək? 20 günə, 3 günə, 15 günə bitəcək deyənlər oldu. Misal üçün, mən dedim ki, bilmirəm nə vaxt bitəcək. Burada astrologiya acizdir. Siyasi jurnalist kimi, müşahidələrim əsasında, dünyanın siyasi fiqurlarının rəyləri əsasında nə isə fikir yürüdə bilirəm. Amma onu da deyəndə elə bilirlər astroloq kimi deyirəm. Əsas işimin jurnalistika olduğunu bilmirlər. Onu kim deyə bilər Allahın qəzəbi özünü göstərəcək?! Təəssüf ki, alimlər NASA səviyyəsində də insanları təlaşda saxlamaqdan zövq alırlar. Asteroid gəlir, dağıdacaq hər yeri. Amma asteroid heç gəlib Yerə çatmır, yönünü dəyişir. Vanqa astroloji proqnoz verməyib, Nastadamus da bununla bağlı heç nə deməyib. Bunu deyirəm, Yutubda heç kim baxmır. Amma yalandan yazsan ki, Vanqa Qarabağla bağlı dəhşətli proqnoz verib, sentyabrda müharibə başlayacaq, bir milyon adam baxacaq. İnsanları elə hala salıblar ki, qorxu, təlaş istəyirlər.
Qirani-Kərimdə dünyanın sonu barədə yazılıb, amma insanlar haradan bilə bilər. Allahı görüblər ki, onun qəzəbindən də danışsınlar? 1999-cu ilin sonları idi, qohumgilə getmişdim, gördüm hamı adyala bürünüb həyətdə oturub. Dedilər ki, falçı Məlahət deyir ki, bu axşam Bakıda zəlzələ olacaq, bütün binalar uçacaq. Hökumətin təpkisi lazımdır belə şarlatanları medaiadan uzaqlaşdırsınlar".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ