Onlayn ictimai-siyasi qəzet
Çox ilgincdir. Burada əslində ölkənin müdiri olan Valodyaya sataşmaq əlamətləri vardır. Axı Vladimir müəllimin də 1990-cı illərdə Peterburqun meri Sobçakın çamadanlarını daşımağı məlumdur. Foto-videolarla təsdiq edilmiş faktdır.
Əlbəttə, istənilən peşənin, o cümlədən çamadan daşımağın insanın şərəf və ləyaqətinə hansısa təsiri yoxdur, sadəcə, qəribə haldır ki, keçmiş SSRİ məkanından çıxmış bütün xalqlar arasında yükdaşıyan peşəsinə alçaldıcı münasibət formalaşıbdır. Ona görə “qəribə” yazdım ki, tərsinə olmalı idi, axı guya o hökumət fəhlə-kəndli, kasıb-kusub hökumətiydi. Lakin ağır yük daşıyıb çörək qazanan insanlara “hambal”, “qruzşik” deyib ələ salırdılar.
Sözgəlişi, sovetlərdən öncəki görkəmli əsərimizdə də hambal obrazı ələ salınıb və axırda bir abbasıdan məhrum edilib. Orada hamı, hər cür it-qurd muradına çatır, Məşədidən istədiyini qapazlayır, yeganə hambalın ödənişi edilmir. Məncə, simvolik təsvirdir. Hətta maraqlıdır ki, əsərdə hamının, hətta qoçu, hamamçı və dəllək obrazlarının öz adı var, yeganə adsız obraz hambaldır. Üzeyir bəy kimi insaflı, ədalətli insan belə hamballa həddən artıq məzələnib. Təbii, bu mənim subyektiv fikrimdir.
Sadə sənət, peşə sahiblərinə hörmətsiz yanaşmaq ümumi problemlərimizdən biridir və bunun altını çəkirik. Bu peşələrin hörməti, qabiliyyəti, gördüyü işin nəticəsi baxımından. Peşə məktəblərinə diqqətin artırılması vacibdir. Yoxsa ölkədə hara baxsan yüzlərlə ali təhsilli və işsiz-gücsüz regionşünas, müəllim, hüquqşünas, iqtisadçı, mühəndis, köşə yazarı görərsən, lakin işindən başı çıxan santexnikə, elektrikə, rəngsaza, bənnaya nəinki regionlarda, paytaxtda da rast gəlinmir. Bunun əsas səbəblərindən biri, yuxarıda yazdığım kimi, sadə və lazımlı peşələrə xalq arasında alçaldıcı münasibətin formalaşmasıdır. Həmin yanaşmanın yaranmasında ziyalıların rolu çoxdur. Havadan yazmıram.
Srağagün bir xəbərə rast gəldim, ünlü baltaçı-müğənnimiz Ağadadaş müəllimin verilişdə çıxışından sitatları dərc etmişdilər. Orada Ağadadaş müəllim başqa manısları səmimi olmağa, seçki saxtakarlığından uzaq durmağa (zarafat edirəm, həmin manıslar Qubada hovuzda çimib guya Kubaya getdiklərini deyibmişlər) səsləyirdi. Və sözünü belə yekunlaşdırmışdı: “Buradan bütün müğənnilərə üz tuturam, qeyri-səmimisinizsə, bu sənəti atın, gedin qaynaqçı olun. Sən millətə mesaj verirsən, bunu düzgün et, səmimi ol”. Sitatın sonu.
Buyurun. Buna xalq artisti adını niyə veriblər? Hesab edir ki, qaynaqçılıq qeyri-səmimi insanların peşəsidir. İndi hansısa ləyaqətli qaynaqçı sənin baltanı əlindən alıb tiyəsini, məsələn, şadlıq evinin qapısına qaynaq eləsə, sapını da başqa bir münasib yerinə qoysa, haqqı çatmazmı? Qaynaqçılarla nə işin var? Camaat bütün günü başında papaq, gözündə eynək, qarda-qışda əlçatmaz yerlərdə qaynaq edir, halal zəhməti ilə çörəyini qazanır. Yetərincə də sağlamlığa zərərli işdir. Amma vacibdir.
Özü də qaynaq işində fonoqram-zad keçmir, gərək metalları həqiqətən bir-birinə calayasan. Əlbəttə, günah manıslarda deyil, onları “millətə mesaj verən” uydurma peşəsinə qəbul etmiş telekanalizasiya işçilərindədir. Yoxsa mesaj verməyə qalsa, min dəfə müdrik, ağıllı, ziyalı qaynaqçılar tapılar.
Füzuli rayonunda Aydın Əliyev adlı qaynaqçı var idi, musiqini, xüsusilə klassik musiqini əzbər bilirdi, ona görə camaat arasında ayaması “Aydın Çaykovski” idi. Sovet vaxtı Bəxtiyar Vahabzadə Aydın Çaykovski haqqında “Duymaq, anlamaq!” adlı məqalə yazmışdı. Həmin məqalənin bir yerində şairin qaynaqçı ilə söhbətindən sitat var idi, orada Bəxtiyar bəy soruşur ki, Çaykovskinin hansı əsərini daha çox sevirsiniz, Aydın deyir: “Amerika pianoçusu Van Klibernin ifasında Birinci konsertini”.
Mən şübhə eləmirəm, indi həmin Ağadadaş müəllimdən, onun verilişdəki “dostları” Vasif, Ədalət və Elgizdən soruşsan Klibernin kim olduğundan xəbərləri olmaz, amma qaynaqçını bəyənmirlər.
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ