İnsanlara hürriyət, millətlərə istiqlal!

Qeyri-neft ixracımızın strukturu qaneedicidirmi?

Ekspertlər real ixracın və emal məhsullarının xaricə satışının artırılmasını zəruri hesab edirlər

2022-ci ildə Azərbaycanda ilk dəfə olaraq qeyri-neft məhsullarının ixracı 3 milyard dollara çatıb. Rəsmi məlumata əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard dollar təşkil edib ki, bunun da 3 milyard dolları qeyri-neft sektoru məhsullarıdır. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on iki ayı ilə müqayisədə 10,3 faiz artıb.

2022-ci ilin yanvar-dekabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 57,7 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 17,5 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,4 faiz, çay ixracı isə 35,6 faiz artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 912,4 milyon dollar təşkil edib. Bu zaman meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz artıb.

Rövşən Ağayev: “Hökumət "qamçı-kökə" siyasətində kökəni birdəfəlik unudub”  » Reyting.az

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, qeyri-neft ixracında artımın əsas hissəsi ötən il yüksək olan inflyasiyanın nəticəsidir: “Qeyri-neft ixracı dəyər ifadəsində təxminən 11 faiz (334 milyon dollar) artaraq 3 milyard dolları ötüb. Bununla belə, qeyri-neft ixracının ümumi ixracda payı 12,2 faizdən 7,9 faizə enib. Qeyri-neft ixracının artımında ixracın real (fiziki) həcminin artımından çox, qiymət amili həlledici olub. İxrac qiymət indeksilə bağlı açıqlanan məlumatlar əsasında aparılan hesablamalar göstərir ki, real həcm indeksi hesabına ixracın artımı 4 faiz ətrafındadır. Dünya bazarlarında qiymət amili qeyri-neft ixracında ən azı 8 faizlik artıma səbəb olub”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin rəhbəri Nicat Hacızadə isə diqqəti qeyri-neft ixracının strukturuna çəkir: “Əgər ixrac statistikamıza baxsaq görərik ki, ixrac etdiyimiz məhsulların 60-65 faizi xammal, yəni aralıq məhsullardır. Təxminən 25-26 faiz məhsulları isə hazır şəkildə ixrac edirik. Cəmi 1-2 faiz məhsul var ki, onlar kapital tutumlu məhsullar hesab edilir. Bura da əsasən texnologiya məhsulları aiddir. Hansı ki, ölkəmiz orta texnoloji məhsulların ixracını həyata keçirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə bizim bu sahədə ixracımız çox aşağıdır. 2022-ci ildə ixrac edilmiş aqrar məhsullarının dəyəri 717,5 milyon dollar, emal sənayesi məhsullarının dəyəri isə 190,8 milyon dollar olub. Bu bir daha göstərir ki, ixracımızın diversifikasiyasını daha çox artırmalıyıq.

Nicat Hacızadə Rusiya ilə ticarətdə atılan addımları açıqlayır -  24.07.2021, Sputnik Azərbaycan

Nicat Hacızadə

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda orta və yüksək texnoloji məhsulların istehsal və ixrac olunması ilə bağlı müddəalar var və bunların həyata keçirilməsi üçün tədbirlər planı mövcuddur. Bizim 2023-cü il üçün əsas planlarımızdan biri aqrar istehsalla yanaşı emal sənayesi istehsalını da inkişaf etdirməkdir. Bu, məhsula olan tələbi artırmaqla yanaşı, məhsulun yaratdığı əlavə dəyəri də artırır. Bununla əlaqədar ölkə daxilində istehsal zəncirlərinin genişlənməsinə ehtiyac var. Məhsulların faraş halda daxili və ya xarici istehlakçıya deyil, digər müəssisəyə emal üçün getməsi arzuolunandır. Habelə bu müəssisə zənciri bir deyil, üçdən daha çox olarsa məhsulun keyfiyyəti və əlavə dəyər göstəricisi daha da yüksələ bilər. Bu modelin əsas çətinliyi qiymət rəqabətqabiliyyətliliyidir. Düşünürəm ki, xarici ticarətin liberallaşdırılması və istehsal təşviqləri əsasında görülən tədbirlər sözügedən məsələlərin həllinə səbəb olacaq".

Mərkəz rəhbəri bildirir ki, aqrar və emal sənayesi məhsullarının birgə ixracı qeyri-neft ixracının 30,4 faizini təşkil edir: “Bunun cəmi 6,5 faizi aqrar-sənaye məhsullarıdır. Aqrar-sənaye ixracının strukturuna baxdıqda əsas hərəkətverici mallar şəkər və qənnadı məhsullar, heyvan və bitki mənşəli yağlar və emal edilmən meyvə-tərəvəz məhsullarıdır. Bu üç mal qrupunun ümumi ixracı isə 96,3 milyon dollar təşkil edir. Yalnız şəkər və qənnadı məhsullarının ixracı yanvar-oktyabr aylarında 27,6 milyon dollar təşkil edib. Bu da aqrar-sənaye məhsulları ixracının təxminən 20 faizi deməkdir. Nəzərə alsaq ki, aqrar-sənaye məhsullarının çeşidi az, ixrac coğrafiyası məhduddur, bu, artıq növbəti illər qarşıda duran əsas çağırışdır. Aqrar məhsulların uzaqmənzilli bazarlara çıxış imkanları aqrar-sənaye ilə müqayisədə daha aşağıdır. Bu baxımdan, uzaq mənzilli bazarlara ixrac imkanlarının artırılması üçün xarici ticarətin daha da liberallaşdırılması tədbirləri aktuallığını qoruyub saxlamalıdır”.

N.Hacızadənin fikrincə, qeyri-neft ixracında Avropanın payı artırılmalıdır: “İxracımızda Avropa bazarlarının payı çox azdır. Bunun da müəyyən səbəbləri var. Ümid edirik ki, gələcəkdə bu istiqamətdə də artıma nail olacağıq. Hazırda aralıq məhsul olaraq kimya sənayesi məhsullarının Avropa İttifaqı ölkələri bazarlarına ixracı daha çoxdur.

Artıq qonşularımız da texnoloji məhsulların ixracı və onların payının artırılması üçün addımlar atırlar. Biz də hesab edirik ki, Azərbaycan qlobal dəyər zəncirində öz payını almalıdır. Bizim qlobal dəyər zəncirində ixracımız daha çox neft-qazın payına düşür. Azərbaycan şirkətinin hansısa nəhəng şirkətin dəyər zəncirində yer alması bizim üçün çox vacibdir. Təbii ki, bu prosesə dövlətin dəstəyi var bu proses davam edir. Nəticə etibarı ilə bu dəstək həm məşğulluğun artmasına, həm də əlavə dəyərin yüksəlməsinə səbəb olur".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb.

Dünya SAKİT 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR