İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətlə yetirilən Amin Mərdəkanskinin qardaşı oğlu həbs olundu – QAN İNTİQAMI DAVAM EDƏ BİLƏR?  

1 həftə əvvəl Bakının Mərdəkan qəsəbəsində, Xəzər sahilindəki restoranlardan birində öldürülən 1970-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyevin qardaşı oğlu həbs olunub. Kriminal çevrələrdə “Amin Mərdəkanski”, “Amin Maştağalı” və “killer Amin” kimi tanınan Amin Xudaverdiyevin qardaşı oğlu Cavidan Xudaverdiyevin həbsinin səbəbi kimi polisin qanuni tələbinə tabe olmaması göstərilir.

Musavat.com-a daxil olan məlumatda bildirlir ki, Cavidan Zamin oğlu Xudaverdiyev Xəzər Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalığa həbs olunub. Belə ehtimal da var ki, Cavidan Xudaverdiyevin həbsi əmisinin qətli ilə əlaqəli ola bilər.

Yada salaq ki, Mərdəkan və ətraf qəsəbələrdə Amin Xudaverdiyevin qətli qan intiqamı kimi qəbul olunur. Belə ki, yayılan məlumatlara görə Şağan qəsəbə sakini 1993-cü il təvəllüdlü Ruhulla Cavanşir oğlu Abdullazadə atasının intiqamını almaq məqsədi ilə qardaşı Elməddinin qaynatası, Mərdəkan qəsəbə sakini  1970-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyevi öldürüb. Bəzi məlumatlara görə Ruhulla Abdullazadə odlu silahdan Amin Xudaverdiyevə 5, bəzi iddialara görə isə 35 dəfəyə yaxın atəş açıb.

 Amin Xudaverdiyevlə onun qardaşı Pərvizin qətlə yetirdiyi Cavanşir Abdullayev quda olublar. Pərviz Xudaverdiyev qardaşının qudasını övladı Ruhullanın gözü qarşısında odlu silahdan 3 atəş açmaqla qətlə yetirib. Buna görə Pərviz Xudaverdiyev həbsə alınıb.

Bildirilir ki, Amin Xudaverdiyev bir neçə dəfə evli olub. Onun Pribaltikadan olan bir xanımla izdivacından dünyaya gələn qızı ilə Amin Xudaverdiyevin qətlinə görə həbsə alınan Ruhulla Abdullazadənin qardaşı Elməddin Abdullazadə evlidir. Ötən il Amin Xudaverdiyevlə qudası Cavanşir Abdullayev arasında torpaq mübahisəsi olub. İddialara görə Amin Xudaverdiyev Mərdəkan və ətraf qəsəbələrdə çoxsaylı torpaq sahələrinin zəbt olunaraq digər şəxslərin adına keçirilməsində müstəsna rol alıb.  Belə torpaq sahələrindən biri də qudasına məxsus olub. Qudası torpaq sahəsini Amin Xudaverdiyevə vermək istəmədiyindən aralarında kəskin mübahisə olub. İş o yerə çatıb ki, Amin Xudaverdiyev qızını qudasının evindən çıxararaq öz evinə  aparıb. Qızının həyat yoldaşı Elməddin Abdullazadəni də həbslə hədələyib. Sonradan Elməddin Abdullazadə odlu silah gəzdirmə ittihamı ilə həbsə alınıb və hazırda həbsdədir.  Amin Xudaverdiyevlə Cavanşir Abdullayevin mübahisəsindən bir neçə ay sonra, 2023-cü il noyabrın 1-də, günün günorta çağı sonuncu evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qəddar qətl Cavanşir Abdullayevin Şağan qəsəbəsindəki evinin qarşısında, daim hərəkət olan küçənin ortasında, kameraların “gözü” qarşısında törədilib. Qətli icra edən Cavanşir Abdullayevin qudası Amin Xudaverdiyevin qardaşı Pərviz Xudaverdiyev olub. Sonradan yayılan qətl səhnəsinin videosundan da görünür ki, Cavanşir Abdullayev özünə məxsus həyətin qarşısında avtomaşından düşür. Həmin vaxt əraziyə “Mercedes” markalı maşın gəlir və avtomaşının yanında dayanır. Maşının arxa sağ qapısı açılır və oradan Pərviz Xudaverdiyev düşərək Cavanşir Abdullayevə tərəf qaçır. Ona çatanda ilk olaraq qarın nahiyəsinə atəş açır. Yerə yıxılan Cavanşir Abdullayev özünü itirmir, ayağa qalxır, ona güllə atıb yaralayan Pərviz Xudaverdiyevin üstünə atılır, onun əlindəki silahı almağa çalışır. Pərviz Xudaverdiyev onu geri itələyir və növbəti atəşlə Cavanşir Abdullayevi yerə yıxır. Bu zaman Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə əlində taxta parçası ilə Pərviz Xudaverdiyevin üstünə qaçır. Ona tərəf açılan atəşdən yayınmaq üçün geri atılır. Pərviz Xudaverdiyev Ruhulla Abdullazadənin geri çevrildiyini görəcək yerdə çabalayan onun atası  Cavanşir Abdullayevin başına “kantrolnı” atəş açır. Bundan sonra 5 addım aralıda onu gözləyən, arxa sağ qapısı açıq “Mercedes”ə atılır və maşın yüksək sürətlə ərazidən uzaqlaşır. 9 ay əvvəl atasının qəddar qətli 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin gözləri qarşısında baş verib. Qudalar arasındakı mübahisə beləcə qan davasına, qan intiqamına çevrilib. Belə iddialar var ki, Cavanşir Abdullayev qətlə yetirilən gün Pərviz Xudaverdiyevi hadisə yerinə gətirən “Mercedes” markalı maşında sürücü və digər şəxslə yanaşı Amin Xudaverdiyevin özü də olub. Cavanşir Abdullayevin qətlindən sonra Pərviz Xudaverdiyev və onu hadisə yerinə gətirən “Mercedes”in sürücüsü həbsə alınıb. 2023-cü il noyabrın 1-də, günün günorta çağı baş verən amansız qətllə bağlı hazırda istintaqın davam etdirilməsi xəbəri var.

Musavat.com Amin Xudaverdiyevin kriminal keçmişi haqda yazdıqlarını təqdim edir.

Sitat: “Amin Xudaverdiyev 25 il əvvəl bir neçə nəfərlə eyni ərazidə, Xəzər sahilində Oktay adlı idmançını qətlə yetirib. Həmin vaxt Oktayın sifarişlə qətlə yetirilməsi xəbərləri çıxıb. Həmin xəbərlərə görə Oktayın aradan götürülməsi sifarişini Amin Xudaverdiyevə Hacı Zakir verib. Hacı Zakirin belə bir sifarişi verməsində də elə Amin Xudaverdiyevin rolunun olduğu deyilir. İddia olunur ki, o zaman Amin Xudaverdiyev Hacı Zakirə yol polisində çalışan Oktayın cinayətkarlarla əlbir olaraq onun oğlunu oğurlatdırmaq istədiyini bildirib. Həmin söhbət əsnasında Oktayı aradan götürə biləcəklərini deyib. Bundan sonra Xəzərin Mərdəkan qəsəbəsi ərazisindəki sahillərinə çağırılan Oktay Amin Xudaverdiyev və başının dəstəsi tərəfindən başına açılan atəşlə öldürülüb. Qətl törədiləndən sonra Amin Xudaverdiyev cinayəti öz üzərinə götürüb, lakin psixi xəstəliyinə dair əlində sənəd olduğuna görə onu həbsə almayıblar, barəsində məcburi müalicə qərarı veriblər.

Sosial şəbəkələrdə Amin Mərdəkanskinin qətli ilə bağlı yazılan şərhlərdə onun Oktayı qətlə yetirilməsinə toxunulur, belə aydın olur ki, Oktay qətlə yetirilərkən ailəli olub, onun 1 övladı varmış. Həmin şərhlərdən birinin mətnini təqdim edirik:

-25 il qabaq dəniz kənarında 29 yaşlı, 1 yaşlı uşağın atasını (Oktayı nəzərdə tutur – E.M) dost saydığı tərəfindən öldürülməsini eşidəndə də biz heyf demişdik.

Hər kəsə öz yaxını əzizdir. Bu şəxs (Amin Xudaverdiyevi nəzərdə tutur – E.M) ən azından 52 il yaşadı. Nəsli davam edir. Amma öldürdüyü oğlan evin tək oğlu, nəslin sevimlisi, dayağı idi.

Amin Mərdəkanskinin kriminal aləmdə ilk addımları barəsində bəzi təfərrüatlar əldə etmişik.

Musavat.com-a daxil olan məlumatda bildirilir ki, Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Mərdəkan və ətraf qəsəbələrdə torpaqların zəbt olunmasında tez-tez Rövşən Lənkəranskinin adını hallandırıb. Elə qətlə yetirildiyi istirahət mərkəzinin yerləşdiyi ərazinin 50 faizinin də Amin Mərdəkanskiyə məxsus olduğu, eyni yolla zəbt edildiyi bildirilir. 

Bildirilir ki, Amin Xudaverdiyev ilk qətli ötən əsrin 90-cı illərin əvvəllərində törədib. O zaman atasının dostuna bir neçə bıçaq zərbəsi endirməklə həyatına son qoyub. Bundan sonra Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Xəstəxanasından psixi çatışmazlığı ilə bağlı sənəd alınmaqla Amin Xudaverdiyev qətlə görə cəzadan kənar saxlanılır. 22 yaşında törətdiyi qətldən sonra Amin Xudaverdiyevin dosyesinə daha bir qətl işi yazılır. Qeyd etdiyimiz kimi Amin Xudaverdiyevin törətdiyi növbəti qətl sifarişli olub. Öldürülən Oktay adlı şəxs Mərdəkan qəsəbəsinin sakini, polis əməkdaşı olub. Qətlin sifarişçi isə Gədəbəydən olan Hacı Zakir imiş. Lakin o zaman Amin Xudaverdiyev cinayəti boynuna götürüb, qətli təkbaşına törətdiyini deyib. Ortaya psixi xəstəliyinə dair sənədi çıxarıb. Bu sənəd sonrakı qətllər zamanı da Amin Xudaverdiyevin dadına çatıb,  onun “xilas kəməri”nə çevrilib. Ümumilikdə Amin Xudaverdiyevin “ayağında” 20-dən çox qətlin olması barədə də iddia var. Qeyd olunur ki, Amin Xudaverdiyev buna görə kriminal aləmdə həm də “killer Amin” kimi də tanınırmış.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ruhulla Abdullazadə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR