Onlayn ictimai-siyasi qəzet
Avropa təsisatları bu düşmənçiliyə nə zaman son qoyacaq?; Bakıdan sərt reaksiya: “Gedən qatarın dalınca daş atırlar...”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qərb ölkələrinin, xüsusilə də Fransanın Azərbaycana qarşı ikili standartlar tətbiq etdiyini bildirib. Onun sözlərinə görə, uzun illər Ermənistanın işğalçı siyasətinə göz yuman bu ölkələr hazırda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə görə təzyiq göstərməyə çalışırlar. Nazir qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqı çərçivəsində təzyiqlərlə qarşılaşıb, lakin bunlar uğursuzluğa düçar olub. “Türkiyə başda olmaqla, dost və müttəfiq ölkələrin dəstəyi ilə Qərbin planları puça çıxdı”, - baş diplomat bildirib.
Qeyd edək ki, bir sıra Qərb dövlətləri və qurumları “xristian təəssübkeşliyi”ndən çıxış edərək, İkinci Qarabağ müharibəsindən sonra bizdən əl çəkmir və müntəzəm olaraq qərəzli bəyanatlar səsləndirir, qətnamələr qəbul edirlər. Son həftələr də gah Avropa Şurası, gah Avropa Parlamenti, gah da digər təşkilatlar bizə qarşı etnik təmizləmə, bu kimi böhtan xarakterli ittihamlar irəli sürürlər.
Qərb bizdən nə istəyir? Onlar nə zaman bu düşmənçiliyə son qoyacaqlar? Nəhayət, beynəlxalq təsisatlarla, Fransa və digər ermənipərəst dairələrlə münasibətlərə yenidən baxmağın zamanı, qərar vermə anı deyilmi?
Deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, bir sıra Qərb ölkələri və təşkilatları, xüsusilə də Fransa açıq şəkildə anti-Azərbaycan siyasəti həyata keçirir: “Bu siyasət özünün pik nöqtəsinə xüsusilə də İkinci Qarabağ müharibəsi dövründə və müharibədən sonrakı proseslər fonunda çatıb. Açıq şəkildə Fransa Ermənistanı silahlandırır, ölümcül silahlarla təmin edir. Deməli, Fransa Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin formalaşmasında deyil, əksinə, Ermənistanla Azərbaycan arasında üçüncü müharibənin başlanmasında maraqlıdır. Buna başqa ad vermək olmaz. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində də paralel şəkildə Azərbaycana qarşı siyasi təzyiqlər həyata keçirilir”.
Elman Nəsirov
Deputat vurğuladı ki, bu baxımdan, Avropa Şurası Parlament Assambleyası, onun rəhbərliyi, Avropa Parlamenti, Avropa İttifaqı xüsusi fəallığı ilə seçilir və ittihamlar da olduqca gülüncdür: “Azərbaycanı ittiham edirlər ki, Qarabağı zəbt etmisən, Azərbaycanı ittiham edirlər ki, Qarabağdan erməni əhalisinə qarşı etnik təmizləmə həyata keçirmisən. Ermənistanın və ermənilərin 30 il ərzində Azərbaycana, azərbaycanlılara qarşı həyata keçirdiyi işğalı, etnik təmizləməni görməzlikdən gəlib ermənilərin etdiklərini Azərbaycanın üzərinə yükləməyə çalışırlar. Lakin boşuna çalışırlar. Çünki Qarabağ tarixi, əzəli, hüquqi Azərbaycan torpağıdır, Azərbaycan öz ərazisində suverenliyini beynəlxalq hüquqa və konstitusiyasının tələbinə uyğun olaraq bərpa edib. Qarabağdan da erməni əhali qovulmayıb. Bunu bütün dünya gördü ki, ermənilər könüllü şəkildə oranı tərk edib getdilər. Köçən zaman bir nəfər də olsun mülki erməninin burnu qanamadı. Belə etnik təmizləmə, belə soyqırımı olur?! Etnik təmizləməyə, soyqırıma məruz qalan azərbaycanlılar olub. Ermənistandan və Qarabağdan azərbaycanlılar son nəfərinə kimi silah gücünə, zorla qovulublar. Bu zaman azərbaycanlılara qarşı dəfələrlə soyqırımlar, qətliamlar həyata keçirilib. Ermənilər tərəfindən azərbaycanlılara qarşı bəşəri cinayət həyata keçirilib. Bunu təsdiqləyən çoxlu sayda faktlar mövcuddur. Bunlar hamısı yaxın keçmişdə baş verib. Bunu danmaq mümkün deyil”.
E.Nəsirov əlavə etdi ki, bütün bu reallıqlardan çıxış edərək xarici işlər naziri Ceyhun Bayramov məlum mövqeyi ifadə edib: “Nazir Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycanın mövqeyini açıq şəkildə dilə gətirdi və dedi ki, bir sıra Qərb ölkələrinin yürütdüyü ikiüzlü siyasət ucbatından regiona sülh və əmin-amanlıq gəlmir. Eyni zamanda cənab nazir xüsusi olaraq vurğuladı ki, Azərbaycanla heç kim təzyiq və təhdid dili ilə danışa bilməz, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin eləyib, Azərbaycanın güclü müttəfiqləri və dostları var”.
Deputatın sözlərinə görə, bir sıra Qərb siyasi dairələri Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini heç cür həzm edə bilmirlər: “Görünür ki, özlərinə sual edirlər nədən buna mane ola bilmədik? Və bu sual qarşısında aciz qalırlar. Onlar Azərbaycan dövlətinin, Azərbaycan dövlətinin liderinin və onun formalaşdırdığı ordunun gücündən, Azərbaycan xalqının əzmindən xəbərsiz olublar, Azərbaycanı zəif dövlət hesab ediblər. Hesab ediblər ki, onun ali siyasi rəhbərliyi Qərbin təzyiqləri qarşısında boyun əyəcək. Amma onlar unudublar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdən həmin o anti-Azərbaycan dairələrinə üzünü tutub söyləmişdi ki, Azərbaycan böyük bir dövlətin və beynəlxalq təşkilatların qanadları altına sığınıb onun himayəsini qəbul edə bilərdi, bu asan yoldur, amma biz bu yolu seçmədik”.
Deputatın sözlərinə görə, çünki bu yolun çoxlu fəsadları, fəlakətləri var: “Bu dünyada heç nə havayı olmur. Bunun qarşılığında bizi müxtəlif avantüralara cəlb edə bilərdilər. Nəticədə dövlətimiz, xalqımız bundan böyük ziyan görə bilərdi. Amma biz çətin yolu, lakin şərəfli yolu seçdik. Bu, müstəqillik və milli maraqlara söykənən siyasətdir, yoldur. Öz taleyimizi özümüz həll etdik. Şəhdilərimiz hesabına, qazilərimiz hesabına, ordumuzun yenilməzliyi hesabına, xalqımızın dəmir yumruğa çevilməsi hesabına və təbii ki, bu reallıqlar fonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli, müzəffər lider olması, müdrik diplomat olması hesabına buna nail olduq. Bütün faktorlar bir yerdə Azərbaycanın qələbəsini təmin etdi. Qardaş Türkiyə dövlətinin, qardaş Pakistan dövlətinin, biz dost ölkələrin dəstəyi də tarixi zəfərimizi şərtləndirdi. Bütün reallıqları Qərb siyasi dairələri hesablaya bilməmişdilər. İndi bunu özlərinə sanki bağışlaya bilmirlər. Gedən qatarın dalınca daş atırlar”.
E.Nəsirov vurğuladı ki, Azərbaycan hansısa təzyiqlər qarşısında haqq yolundan dönən deyil: “O dairələr unutmasınlar ki, bütün bu cəhdlərinin heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycanın işi haqq işi olub və bu gün də haqq işidir. Biz güclü dövlətik, nəyin uğrunda mübarizə apardığımızın fərqindəyik. Biz heç kimin daxili işlərinə qarışmırıq və özümüzə də analoji münasibəti tələb edirik. Bu, bizim dəyişməz prinsipial mövqeyimizdir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ