İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin bank sistemində problemlər çoxalır: neft bazarında vəziyyət necə olacaq?

Ekspert: “Kəskin qiymət artımı yaratmaq istəyən ölkə ciddi problemlə üzləşə bilər”

ABŞ bank sektorunda yaşananlar Avropaya təsirini göstərməyə başlayıb. ABŞ-da 3 bankın iflasından 2 gün sonra Avropanın ən böyük banklarından biri olan “Credit Suisse”nin səhmləri 24,2 faiz dəyər itirib. Buna səbəb bankın 2021-2022-ci illərə dair maliyyə hesabatlılığı prosedurlarında ciddi çatışmazlıqların aşkarlanmasına dair məlumatlar, həmçinin ən böyük səhmdarı olan Saudi National Bankın “Credit Suisse”yə yaxınmüddətli dövrdə yeni yatırım etməyəcəyini açıqlamasıdır.

Səhmlərinin kəskin düşməsindən sonra İsveçrə Mərkəzi Bankı likvidliyini qoruması üçün “Credit Suisse”yə güzəştli kredit xətti açmağa hazır olduğunu bəyan etdi. Bank bu xəttlə 50 milyard frank, yaxud 54 milyard dollar kredit götürmək qərarına gəldi. Bank həmçinin 2,5 milyard dollar həcmində üstün hüquqlu istiqrazları və 500 milyon avroluq digər istiqrazları vaxtından əvvəl geri almaq planlarını açıqladı. Bundan sonra Nyu-York birjasında “Credit Suisse”nin səhmləri 6 faizə yaxın bahalaşıb.

Avropada “Credit Suisse” ilə bağlı problem həll olunduğu ərəfədə məlum oldu ki, ABŞ-ın daha bir nəhəng bankı - First Republic ciddi itkilərlə üzləşib. San-Fransistkoda yerləşən bu bank yalnız ABŞ-ın deyil, dünyanın ən varlı adamları olan müştərilərə xidmət göstərir. Onun müştəriləri arasında Meta-nın sahibi Mark Zükerberq kimi milyarderlər var. Banka qoyulan əmanətlərin 68 faizi sığortalanan məbləğdən - 250 min dollardan yuxarıdır. Silicon Valley Bank-ın iflası xəbərlərindən sonra First Republic-in də səhmlərinin sürətli ucuzlaşması başladı. Çərşənbə günü və cümə axşamı keçirilən hərraclarda bankın səhmləri 70 faiz dəyərsizləşdi. Cümə günü isə daha 22 faiz ucuzlaşma qeydə alındı. Bu bankın likvidlik problemini ABŞ-ın digər böyük maliyyə qurumları həll etdilər. Belə ki, Bank of America, Goldman Sachs, JP Morgan və digər iri banklar birgə bəyanat yayaraq First Republicdə 120 gün müddətində 30 milyard dollar dəyərində sığorta olunmayan depozit yerləşdirdiklərini elan etdilər. Bu, indiyədək dünya bank tarixində görünməyən bir dəstək aktı hesab olunur. Bank of America, Citigroup, JP Morgan Chase və Wells Fargo hərəyə 5 milyard dollar, Goldman Sachs və  Morgan Stanley hərəyə 2,5 milyard dollar, daha 5 bank isə hərəyə 1 milyard dollar vəsaiti First Republic-də yerləşdiriblər.

Banklar və ABŞ tənzimləyici qurumları ümid edirlər ki,  bu   addım   First   Republic-in fəaliyyət qabiliyyətinə ona inamı yüksəldəcək, bütövlükdə ABŞ bank sistemində yaranan çətinliklərin aradan qalxmasına, problemin digər kiçik banklara yayılmasının qarşısının alınmasına gətirib çıxaracaq.

İqtisadçı-ekspert Elman Sadıqov valyuta ehtiyatlarının artım səbəblərini  şərh edib - BBN.az

İqtisadçı-ekspert Elman Sadıqov bildirir ki, ABŞ bank sistemində reallaşdırılmamış zərərlər artmaqdadır: “Bu zərərlərin əsas hissəsi səhm və kriptovalyuta bazarındakı enişlərlə bağlıdır. FED isə mesaj verir ki, bank sektorundakı vəziyyətə görə faiz artımlarını dayandırmayacaq və növbəti iclasda da faiz artımı olacaq. Əsas müzakirə mövzusu faiz artımının 25 yoxsa 50 faiz bəndi (0.25 faiz, yoxsa 0.5 faiz) olacağıdır.

ABŞ-da aktivləri 5 milyard dollardan çox olan 160 bankın reallaşdırılmamış zərərləri cəmi 206 milyard dollardır. 8 bankın zərərlərinin kapitala nisbəti 30 faizdən çoxdur. Bunlar Comerica (zərri 3,74 milyard dollar, kapitala nisbəri 42 faiz),  Zions Bancorp (3.1 milyard dollar, 39 faiz), German American (263 milyon dollar, 32 faiz),  Keycorp (6.3 milyard dollar, 32 faiz), Republic First (108 milyon dollar, 32 faiz), Community Bankdır (686 milyon dollar, 31 faiz).

Nominal olaraq ən yüksək reallaşdırılmamış zərərlərə malik banklar isə Citigroup (47 milyard  dollar, 18.9 faiz), Bank of America (21.2 milyard dollar, 7.2 faiz), JP Morgan Chase (17.3 milyard dollar, 5.6 faiz), Truist Financial (13.6 milyard dollar 18.3 faiz),  Wells Fargo (13.4 milyard dollar,  6.9 faiz) və US Bancorp-dur (11.4 milyard dollar, 18.2 faiz).

Birinci qrup banklarda nominal zərərlər az olsa da, nisbətin böyüklüyü mövcud səhmdarlar tərəfindən əlavə kapital inyeksiyasını labüd edir. Əlavə səhm buraxılışı bu halda risklidir. Həm tələb azdır, həm də mövcud səhmlərin də dəyərdən düşməsini sürətləndirə bilər.

İkinci qrup banklar ABŞ-ın aparıcı banklarından bir neçəsidir. Bəziləri isə sistem riski yaradan banklardır. Bu bankların kapitalı yüksək olduğu üçün yüksək məbləğdə reallaşdırılmamış zərərləri olsa da, onun həcmi kapitala nisbətən daha aşağıdır. Amma bu qədər reallaşdırılmamış zərər (tanınmış və böyük ailələrə məxsus banklar istisna olmaqla, məsələn, JP Morgan Chase) həmin bankların səhmlərinin dəyər itirməsi və nəticədə kapitallarının azalması ilə nəticələnə bilər. Bu halda zərərin kapitala nisbəti artacaq. Bir neçə bankın hesabatlarının təhlili göstərir ki, həmin bankların iflası ehtimalı yüksək deyil. Amma bəzi banklarda vəziyyət heç də ürəkaçan deyil".

E.Sadıqov qeyd edir ki, ABŞ hökuməti bir neçə bankın iflasına göz yummaqla digər banklara da xəbərdarlıq etdi: “Bundan sonra da bir neçə bankın iflası xəbəri çıxa bilər. Amma sistem riski hələlik mövcud deyil. Sistem riski yaradan bankların iflas ehtimalları isə azdır. Qeyd etdiyim ikinci qrupdakı sistem riski yarada bilən bankların həmin zərərləri bağlamaq, kompensasiya etmək, kapital artımı həyata keçirmək imkanları var. Nisbətən təhlükəli vəziyyətdə olan bank ”Bank of America"dır. Riskli vəziyyət yaranarsa, bu bankı hökumət böyük ehtimalla, qoruması altına alacaq. Ümumilikdə isə 206 milyard dollarlıq reallaşdırılmamış zərər ABŞ üçün hazırda təhlükəli və böyük rəqəm deyil. Amma reallaşdırılmamış zərərin təhlükəli tərəfi budur ki, bu zərərlər arta bilər. Yəni zərərli mövqelər bağlanmayıbsa həmin zərərlərin artması daha təhlükəli vəziyyət yarada bilər. ABŞ hökuməti də zərərlərin reallaşdırılması və kapital artımının vacibliyi mesajlarını verir. Köpükləri tam və aktivliyi qismən azaltmaq istəyir. Banklar isə reallaşdırılmamış zərərləri bağlamaq istəmirlər. Çünki ümid edirlər ki, bu zərərlər azala və ya ümumiyyətlə, FED-in faiz artımları bitdikdən sonra gələcəkdə səhm bazarında səhmlərin dəyər qazanması ilə gəlirlərə də çevrilə bilər. Kifayət qədər qeyri-müəyyən vəziyyət yaradılıb".

Ekspertin fikrincə, Credit Suisse ilə bağlı problemin qısamüddətli olacağı gözlənilən idi: “Credit Suisse Bank zərərlərini açıqladıqdan sonra 10 faiz paya malik əsas səhmdarlardan biri olan Saudi National Bank səhmdar kapitalını artırmayacağını bəyan etdi, qlobal maliyyə bazarları bunu Credit Suisse Bankın iflas riskinin artması kimi qiymətləndirdilər. İsveçrə Mərkəzi Bankı Credit Suisse Banka maliyyə dayanıqlığını artırmaq üçün 54 milyard dollar borc verəcəyini bəyan etdikdən sonra bazarlar sakitləşdi. Neft qiymətlərinə də təsir edən əsas amillərdən biri bu idi.

Avropa Mərkəzi Bankının sədri Christine Lagarde Avropa banklarının güclü kapital dayanıqlığının olduğunu və bank sistemi üçün sistem riskinin olmadığını bəyan etdi. Lagarde ümumiyyətlə məsələyə çox etinasız və sakit yanaşdı. ABŞ maliyyə naziri Janet Yellen də eyni mövqeyi sərgilədi və ABŞ Senatında dinləmələr zamanı bank sisteminin kifayət qədər dayanıqlı olduğunu, heç bir sistem riski olmadığını, hadisələrin nəzarətləri altında olduğunu bəyan etdi. Dünyanın inkişaf etmiş ölkələri və iqtisadi güc mərkəzləri koordinasiyalı şəkildə hərəkət edirlər".

Qeyd edək ki, ABŞ bank sistemindəki problemlər neft bazarında kəskin qiymət enişinə səbəb olub. Martın 15-16-da qiymətlərdə 8 faizdən çox azalma müşahidə olunub. Martın 17-də bazarda təşviş azalaraq, qiymətlərin 4 faizədək artması baş verib. Lakin bazar iştirakçıları ABŞ və Avropa bank sistemindəki proseslərlə bağlı narahatlıqlardan çıxmış sayılmırlar. E.Sadıqovun sözlərinə görə, FED (Federal Ehtiyatlar Sistemi) inflyasiyanı azaltmaq üçün faiz artımlarından əlavə, digər təsir vasitələri və siyasətlərini işə salıb: “Aşağı enerji qiymətləri inflyasiyanı zəiflədən amillərdən biridir. Bank sistemindəki problemlərin dərinləşməsinə ABŞ və Avropa tənzimləyiciləri imkan verməyəcəklər. Enerji qiymətləri isə bizi həyəcanlandıracaq. Bu siyasətə qarşı hər hansı OPEC+ üzvü olan ölkənin kəskin bir şəkildə müxalif olacağı gözlənilmir. Narazılıq, bəyanatlar olacaq. Qiymətlərin artımı üçün istehsalın azalması məsələsini ortaya atmaq kimi fikirlər səsləndirilə bilər. Amma kəskin qiymət artımı yaratmaq istəyən istənilən ölkə ciddi problemlə üzləşə bilər. Hər bir halda, bu, neft qiymətlərinin kəskin çöküşünün olacağı demək deyildir. Bu, heç ABŞ-ın özünə də sərf etmir. Qlobal iqtisadiyyatda müəyyən soyumalar tələbə müəyyən dərəcədə mənfi təsir edə bilər düşüncəsi mövcuddur. Lakin qarşıdan istilər və turizm mövsümü gəlir. Bu isə yanacağa tələbin artmasını şərtləndirir. İnflyasiyanı azaltmağı əsas prioritetinə çevirən ABŞ isə neft qiymətləri üzrə hazırda yeni qiymət aralığı formalaşdırmaq siqnal və mesajları verir. Burada əsas məsələ hansı ölkələrə hansı qiymətlərin sərf edəcəyidir. Volatillik (qiymət dəyişiklikləri) səviyyəsi isə FED-in növbəti iclası və bu iclas ərəfəsində ABŞ-ın iqtisadi göstəricilərindən asılıdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR