Onlayn ictimai-siyasi qəzet
Parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.
Bəllidir ki, qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılıblar. Onların öz vətənlərinə geri qayıtmaq hüququ var və bu, hüquq Ümumdünya İnsan haqları bəyannaməsinin 13-cü bəndində qeyd olunub.
Azərbaycan bu istiqamətdə davamlı addımlar atır. Parlamentdə yaradılan təşəbbüs qrupunun konkret fəaliyyət istiqamətləri, prosesə töhfəsi nə olacaq?
Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, Qərbi Azərbaycan İcması iki ildən artıq müddətdə fəaliyyət göstərir və qısa dövr ərzində həm ölkə, həm də beynəlxalq ictimaiyyət tərəfindən onun gördüyü işlər yüksək qiymətləndirilir: “Bu icmanın beynəlxalq aləmdə, xüsusən BMT çərçivəsində çoxlu sənədləri yayılıb. Ermənistanda da bu məsələlərlə bağlı daim müşahidələr aparılır, müəyyən qorxuları var. Biz təşəbbüs qrupunu yaratmaqla məsələni parlament müstəvisinə gətirdik. Bununla da Qərbi Azərbaycana qayıdışla bağlı yeni institutlaşma formalaşdırırıq. Bu ictimai təşkilatın üzvlərinin, yaxud da onun nümayəndə heyətinin haradasa keçirdiyi görüşlərdən daha kəsərli olacaq. Parlament qrupu xalqın səsini ictimai platformadan qanunvericilik platformasına daşıyacaq. Əsas fəaliyyət hüquqi müstəvidə Qərbi Azərbaycana qayıdışın təmin olunması ilə bağlı özfəaliyyət göstərməkdir, dünya ictimaiyyətinə qərbi azərbaycanlıların haqq səsini çatdırmaqdır. Onların pozulmuş hüquqlarının bərpa edilməsi və onların ata-baba yurdlarına ləyaqətli şəkildə qayıtması üçün Ermənistan hökuməti və parlament üzvləri ilə görüşlər aparmaq əsas prioritetdir. Onlarla birgə qarşılıqlı sənədlər də hazırlana bilər. Şübhəsiz ki, Ermənistanda bu ideyanı o qədər də yaxın qoymurlar. Lakin buna biz gec-tez nail olacağıq. Bizim işimiz haqq işidir. Ola bilsin ki, bununla bağlı qanunvericiliyimizdə də müəyyən dəyişiklik edərik. Qayıdışla bağlı müəyyən konvensiyaların qəbulu üçün dünya təcrübəsini öyrənəcəyik və onun bizim qanunvericiliyimizə gətirilməsi istiqamətində işlər görəcəyik. Qərbi azərbaycanlıların arzu və istəkləri daha yüksək tribunadan səslənəcək. Şübhəsiz ki, ermənilər də bu məsələnin nə qədər ciddi olduğunu anlayacaqlar. Sülh müqaviləsinin şərtlərindən biri qərbi azərbaycanlıların ora qayıdışının təmin olunması ilə bağlı ola bilər. Yaxud da sülh müqaviləsindən sonra bu prosesləri davam etdirə bilərik”.
Şahanə RƏHİMLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ