İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Azərbaycana qarşı “qara pullar”la savaş açmışdı – Planlar ifşa olunur

Son illər Azərbaycan beynəlxalq informasiya müharibəsinin və geosiyasi manipulyasiyaların hədəfində olan dövlətlərdən birinə çevrilib.

Xüsusilə Qərb dairələrinin müxtəlif adlar altında apardığı anti-Azərbaycan kampaniyaları bu ölkələrin bəzi dairələrinin nə dərəcədə məqsədli fəaliyyət apardığını bir daha sübut edir. Lakin artıq həmin qüvvələrin oyunu ifşa olunmaq üzrədir.

2000-ci illərin əvvəllərində Azərbaycanın maliyyə sistemində nəzarət tam oturuşmamışdı. Bu boşluqdan istifadə edən xarici QHT-lər və fondlar ölkədəki müəyyən vətəndaş cəmiyyəti institutları vasitəsilə ictimai rəyi yönləndirməyə, siyasi sabitliyi pozmağa çalışırdı. Məsələn, ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) həmin illərdə Azərbaycanda guya islahat və demokratik dəyərlər adı altında narıncı inqilab ssenariləri üzərində işləyirdi.

2005-ci il parlament seçkiləri ərəfəsində bəzi qüvvələrin Azərbaycanda hakimiyyəti devirmək məqsədi ilə planlar qurması da heç kimə sirr deyil. Həmin proseslərə ABŞ Dövlət Departamenti səviyyəsində dəstək göstərildiyi, müxtəlif vasitələrlə maliyyə axınları təşkil olunduğu artıq faktdır.

DEPAR.jpg (115 KB)

Lakin son onillikdə bu cəhdlər boşa çıxdı. Azərbaycan hökuməti maliyyə axınlarına nəzarəti tam təmin etdi, qeyri-hökumət təşkilatlarına ayrılan qrantlar artıq qeydiyyatdan keçirilir, şəffaflıq tələb olunur. Əslində, bu pulların bir çoxu müxalif düşərgəni dəstəkləmək, sosial narazılıq toxumu səpmək üçün istifadə edilirdi. Artıq bu “boşluqlar” bağlanıb.

Maraqlıdır ki, maliyyə nəzarətinin gücləndirilməsindən dərhal sonra Qərb mediası və qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı təzyiq və kampaniya başlandı. Əsas hədəf isə Azərbaycanı söz azadlığı, insan haqları və demokratik dəyərlər adı altında ittiham etməkdir.

Faktlar göstərir ki, Qərb təşkilatları, xüsusilə USAID, müxtəlif “yaradıcı” metodlarla Azərbaycana qeyri-qanuni vəsaitlər ötürməyə cəhd göstəriblər. Gürcüstandan Azərbaycana kuryerlər vasitəsilə nağd pulların daşınması, müxtəlif media və vətəndaş cəmiyyəti quruluşları vasitəsilə “yumşaq çevriliş” hazırlıqları aparılıb.

Bütün bu fəaliyyətlər ifşa olunandan sonra isə həmin dairələrin əsas sığınacağı qərəzli beynəlxalq media qurumları oldu. “Azadlıq Radiosu”, “Azad Avropa”, “Amerikanın Səsi” kimi kanallar Azərbaycana qarşı qara piar maşınına çevrildi. Xoşbəxtlikdən, bu qurumlar artıq fəaliyyətini dayandırıb.

ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişindən sonra USAID-in korrupsiyaya bulaşmış fəaliyyəti ilə bağlı sərt mövqe sərgiləndi. Hazırda bu mövqenin davam etdirilməsi və məsələnin daha dərindən araşdırılması zəruridir. ABŞ prokurorluğuna, müvafiq orqanlara Azərbaycanın təqdim etməyə hazır olduğu sənədlər və məlumatlar kifayət qədər genişdir. Azərbaycan bu istiqamətdə əməkdaşlığa da açıqdır.

USAİD.jpg (193 KB)

USAID-in Cənubi Qafqazda bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır. Bu təşkilat Azərbaycanla da bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli informasiyalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları” ilə seçilib.

Araşdırmalar göstərir ki, USAID 707 media, 6 min 200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsində, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanıb.

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, USAID faktiki olaraq dövlətlərin daxili işlərinə müdaxilə etmək, xaos və pozuculuq işləri ilə məşğul olub:

“Bu təşkilat göstərdi ki, pulsuz pendir siçan tələsində olur. Əgər hansısa bir dövlət bu təşkilata bel bağlayırdısa, bir qədər sonra ondan asılı olurdu. 100-dən çox ölkədə bu təşkilatın şəbəkəsi var. Məqsəd bu yerlərdə insanların baxışını dəyişdirmək, özlərinə tabe etmək olub. Bir çox ölkələrdə buna nail oldular. Lakin Azərbaycan dövlətinin ayıq-sayıqlığı belə bir prosesin ölkəmizdə də baş tutmasına imkan vermədi.

TOFİQ.jpg (75 KB)

Donald Tramp və sağ əli İlon Mask USAID-ın fəaliyyəti ilə bağlı arxivləri açıblar və böyük cinayətlərin üstü açılır. Bu təşkilat əksər ölkələrdə ictimai şüuru zəhərləyib və bir çox inqilabların birbaşa müəllifi olub. Məqsəd isə ölkələrdə çevriliş etmək, öz adamlarını hakimiyyətə gətirmək idi. Bunun təzahürlərini Ukraynada, Gürcüstanda, Moldovada gördük. Xaos onlara imkan verir ki, istədikləri məqamda ölkələrin daxili işlərinə qarışa bilsinlər. Hökumət rəsmilərinə nə etməli olduqları ilə bağlı təlimat verirdilər. Çalışırdılar ki, bu ölkələrdə düşünən beyinlər fəaliyyət göstərməsinlər. Təbii ki, Azərbaycan buna etiraz edirdi və bildirirdi ki, bizə heç kim təlimat verə bilməz. Onlara başa salındı ki, Azərbaycan hansı prosesdə nəyi etməli olduğunu özü bilir, dəstəyiniz lazım deyil”.

Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti hələ ötən ilin sonunda vermişdi. Dövlətimizin başçısı dekabrda bildirmişdi ki, Donald Tramp USAID-i qadağan edə bilər. Elə də oldu, Tramp yanvarın 20-də USAID-in maliyyələşdirilməsini dayandırdı.

Azərbaycan rəhbərliyi hələ illər öncə USAID-in fəaliyyətindəki neqativləri ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı. Lakin bu narahatlıqlara ciddi yanaşılmadı. Elə bu səbəbdən də 2024-cü ilin fevralında hökumət USAID ilə müqavilə müddətini uzatmadı.

“Human Rights Watch”, “Freedom House”, “Transparency International”, “Amnesty International” kimi təşkilatların fəaliyyəti artıq sual altındadır.

Özlərini “beynəlxalq hüquq müdafiəçiləri” kimi təqdim edən bəzi Qərb təşkilatlarının Azərbaycana münasibəti uzun illərdir obyektivlik meyarlarından uzaqdır. Onların hesabat və bəyanatlarında seçici yanaşma, siyasi qərəz və hətta dezinformasiyaya əsaslanan arqumentlər aydın görünür.

“Human Rights Watch” (HRW) hər il Azərbaycanda insan hüquqlarının guya pozulması ilə bağlı hesabatlar hazırlayır. Ancaq bu hesabatlarda nə yerli mənbələrə istinad var, nə də alternativ mövqelərə yer ayrılır.

2020-ci ilin Tovuz döyüşlərindən sonra HRW Ermənistanın mülki əhalini hədəf alan hücumlarını tamamilə görməzdən gəldi. Əvəzində Azərbaycanın hərbi əməliyyatları ilə bağlı “insan haqlarının pozulması” iddiaları yayımlandı. Halbuki, Ermənistanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərə raket hücumları nəticəsində mülki vətəndaşlar həlak olmuşdu. HRW bu faktları ya ümumiləşdirdi, ya da görməzdən gəldi.

GENCE SON.jpg (521 KB)

“Freedom House” hər il ölkələr üzrə “Azadlıq indeksi” yayımlayır. Bu təşkilatın “qeyri-azad” kimi qiymətləndirdiyi ölkələr sırasında Azərbaycan da var. Maraqlıdır ki, bu qiymətləndirmələrdə ölkədəki real ictimai-siyasi sabitlik, islahatlar və təhlükəsizlik mühiti nəzərə alınmır.

“Amnesty International” Azərbaycanın hüquq-mühafizə orqanları ilə bağlı bəyanatlar verir, amma bu təşkilatın etiraz etdiyi hadisələr çox zaman təxribat və ya ictimai təhlükə doğuran qanunsuz hərəkətlərlə bağlı olur.

“Transparency International”ın hər il açıqladığı Korrupsiya Qavrama İndeksi də Qərbin geosiyasi maraqları ilə uyğunluq təşkil edir. Azərbaycan bu reytinqdə daim aşağı sıralarda yer alır.

2023-cü ildə ölkədə elektron xidmətlərin genişləndirilməsi, “ASAN xidmət”in beynəlxalq nüfuz qazanması və şəffaflıq mexanizmlərinin tətbiqinə baxmayaraq, bu müsbət göstəricilər indeksə təsir etmədi. Əvəzində hesabatda yenə də “mütəmadi korrupsiya halları” ifadəsi yer aldı, lakin konkret faktlar göstərilmədi.

Bütün bu hadisələrin fonunda bir həqiqət aydındır: Azərbaycanın müstəqil siyasi və iqtisadi strategiyası bəzi dairələri narahat edir. Bu narahatlıq isə özünü müxtəlif vasitələrlə təzyiq, kampaniya və təxribat formasında büruzə verir.

Amma artıq Azərbaycan nə iqtisadi baxımdan asılıdır, nə də informasiya cəbhəsində zəifdir. Vəziyyəti nəzarətdə saxlamaq və gələcək təxribatlara qarşı durmaq üçün həm yerli mexanizmlər, həm də beynəlxalq diplomatik yollar aktiv şəkildə işə salınmalıdır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR