Onlayn ictimai-siyasi qəzet
Cümə gecəsi Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Ryazan vilayətində yerləşən iri neft emalı zavodunu (NEZ) hədəfə alıb. Hücum anını və yaranmış yanğını əks etdirən kadrlar bir sıra “Teleqram” kanallarında yayımlanıb.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri Robert Brovdi (“Madjar”) hücumu təsdiqləyib. O, həmçinin bildirib ki, Rusiyanın nəzarətində olan Luqansk şəhərindəki neft bazası da dron zərbəsinə məruz qalıb. Sosial şəbəkələrdə həmin ərazidə güclü yanğının görüntüləri yayılıb.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov ərazidə səkkiz dronun vurulduğunu, onların qalıqlarının sənaye müəssisəsinin ərazisinə düşdüyünü açıqlayıb. Onun sözlərinə görə, insident nəticəsində xəsarət alan olmayıb, zərərin aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, bu zavod paytaxt Moskvanı yanacaqla təmin edir. PUA hücumları Lipetsk vilayətini də əhatə edib. Lebedyan və Yelts şəhərlərində yaşayış evlərinə ziyan dəydiyi bildirilir. Ukrayna KİV-lərinin məlumatına görə, Lipetskdə akkumulyator zavodu hədəfə alınıb.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, gecə ərzində müxtəlif bölgələrdə ümumilikdə 92 Ukrayna dronu məhv edilib.
Məlumatlara görə, Ukrayna dronları həmçinin Novoşaxtinsk Neft Emalı Zavodunda yanğına səbəb olub.
Qeyd edək ki, Ryazan NEZ “Rosneft” şirkətinə məxsusdur və Rusiyanın ən iri beş neft emalı müəssisəsindən biridir. Zavod bundan əvvəl də dəfələrlə dron hücumlarına məruz qalıb.
Hazırda dəymiş ziyanın miqyası məlum deyil. Lakin əvvəllər aparılan hesablamalara görə, Ukrayna ordusunun hücumları nəticəsində Rusiyanın ümumi neft emalı gücünün təxminən 17–20 faizi sıradan çıxıb və ya ciddi zədələnib.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ