İnsanlara hürriyət, millətlərə istiqlal!

"Turistə "pul kisəsi" kimi baxmaq Azərbaycan turizmini məhv edir" - İqtisadçıdan ETİRAZ 

Azərbaycan turizmi son illər sürətlə inkişaf etsə də, hələ də ən əsas problemlərdən biri dəyişməz qalır: turistə birdəfəlik qazanc mənbəyi kimi baxmaq. Mövsüm bitdikcə sektorda təkrar səfərlərin niyə artmadığını, niyə dünya miqyasında tanınmış məkanlarımızın gözlənilən gəlirləri gətirmədiyini daha aydın görmək olur.

Musavat.com bildirir ki, iqtisadçı Eldəniz Əmirov mövzuya bur cür şərh verib:

“Təəssüf ki, bir çox tarix-memarlıq abidələrində və digər məkanlarda turist hələ də “birdəfəlik gəlir mənbəyi” kimi görülür. Şəkil çəkməyə qadağa qoymaq və yaxud şəkil çəkmək üçün pul tələb etmək kimi yanaşmalar yalnız qısamüddətli qazanc psixologiyasının təzahürüdür. Halbuki turizmin iqtisadi dəyəri təkrar səfərlər və razı qalan turistin tövsiyələri üzərində formalaşır.

Dünyada ən çox ziyarət edilən Parisin Luvr muzeyində tətbiq edilməyən qadağaları biz bəzi məkanlarımızda tətbiq edirik. Buna görə də Luvra 40 avro ödəməyə hazır olan hər il 8-9 milyon turist gəlir, biz isə hələ də belə turizm potensiallı məkanlarımızı dövlət büdcəsindən “asmışıq”.

ELDANİZ YENİ.jpeg (150 KB)

Belə məkanların rəhbərləri və buna qərar verən şəxslər iqtisadi düşüncəsi və uzunmüddətli viziona sahib olmalıdır. Artıq hamı bilir ki, milyonlarla turist çəkdiyi şəkilləri sosial şəbəkələrdə paylaşaraq bu məkanların pulsuz reklamını edir. Belə məkanlarda şəkil qadağası və ya əlavə pul tələbi reputasiyanı korlayır, turistin beynində neqativ yadda qalır".

İqtisadçı qeyd edib ki, turistlərlə qeyri-peşəkar davranma tərzi təkcə dövlət sektoruna aid olan məkanlarla bağlı deyil:

“Sahibkarlarımız və onların xidmət edən heyəti də turistlərə birdəfəlik gəlir yeri kimi baxır. Sanki xəbər gəlib ki, bu il dünya dağılacaq, nə qədər pul qopara bilirsənsə, qopar. Gələn il həyat olmayacaq. Bu faktorlar turizm sektoruna ən çox zərər verən səbəblərdəndir. Əgər bu məkanlarda turistlərə qarşı bu yanaşma dəyişməsə, 2019-cu ilin turizm göstəricilərini hələ uzun illər xatirə kimi xatırlayacağıq. Çünki dövlət hansı infrastrukturu qurursa qursun, hansı dəstəkləyici addımı atırsa atsın, effekt lazımi səviyyədə olmayacaq”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR