Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan hökuməti buğdanın bütün nəqliyyat vasitələri ilə ölkəyə idxalına qoyulan qadağanı 2024-cü ilin sonuna qədər uzadıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat hökumətin mətbuat xidmətinin xarici ticarət siyasəti və beynəlxalq iqtisadi təşkilatlarda iştirak üzrə idarələrarası komissiyanın iclasının yekunlarına dair açıqlamasında yer alıb.
Məlumatda qeyd olunur ki, Qazaxıstanda taxıl yığımına dair proqnozlar dəyişməyib və onun əvvəlki illə müqayisədə yüksək olacağı gözlənilir. Rusiyadan boz sxem əsasında idxal imkanları qaldığına görə hökumət yerli istehsalçıları qorumaq üçün qadağanın müddətini uzadıb.
Xatırladaq ki, Qazaxıstan buğdanın respublikaya idxalına müvəqqəti qadağanı 2024-cü il aprelin 12-dən qoyub və bu qadağa altı ay müddətində qüvvədə olmalı idi.
İclasda həmçinin Qazaxıstan ərazisindən damazlıq iri və xırdabuynuzlu heyvanların ixracına qoyulan qadağanın altı ay müddətinə uzadılması qərara alınıb. Bu qadağa Qazaxıstanda 2024-cü il yanvarın 8-də tətbiq edilib.
"Südçülük fermalarının genişmiqyaslı tikintisi və Avstraliya üsulu ilə heyvandarlığın inkişafının dəstəklənməsi vəzifələrini nəzərə alaraq, qadağanın daha altı ay müddətinə uzadılması qərara alınıb", - mətbuat xidməti izah edib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ