İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarşımızdakı terrorçuluq, separatçılığa dəstəyi dövlət siyasətinə çevrilmiş bir “dövlət”dir”-Qənirə Paşayeva  

 

“Bu gün sizlərin iştirakınızla “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçirməkdəyik. Dövlət və ictimai qurum təmsil­çilərinin, yaradıcı insanların qatılımı ilə - belə bir mötəbər tərkibdə ictimai dinləmənin təşkil olunması və məhz Milli Məclisdə keçirilməsi, Qərbi Azərbaycanla bağlı vətəndaş cəmiyyəti institutlarımızın, xalqımızın, dövlətimizin mövzuya yüksək münasibətinin daha bir ifadəsidir. Əlbəttə, bu dinləmə də daxil olmaqla, Qərbi Azərbaycan mövzusunun cəmiyyətimizdə ən aktual mövzulardan birinə çevrilməsi 44 günlük müharibədə qazandığımız tarixi Zəfərin nəticələrinin bütün əməli fəaliyyət sahələrinə, o cümlədən mədəniyyət aləminə, yaradıcı mühitə sirayət etməsinin bir göstəricisidir”.

Musavat.com bildirir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu fikirləri parlamentdəki dinləmədə söylədi. Bildirdi ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna – deməli, insan hüquq­larına, xalqımızın tarixi haqlarına, mədəni irsimizin qorunmasına verdiyi böyük önəmi burada minnətdarlıqla vurğula­malıyıq: “Ötən il, dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və oradakı nitqi bizimçün bir örnək təşkil edir. Həmin nitq bundan sonrakı fəaliy­yətimizin proqramı, yol xəritəsi xarakterindədir. Bu, danılmaz faktdır ki, Qərbi Azərbaycandakı böyük  mədəni irsimiz birdən-birə formalaşmayıb, Aşıq Alı, Aşıq Ələsgər kimi dühaların yetişməsi üçün, dağıdılan İrəvan karvansaraları, məscidlərimiz, məzarlıqlardakı qoç abidə­lərimiz və sair üçün mühit, ənənə, mədəniyyət ­yara­dıcılığı, sənət potensialı olmalıydı, bir sözlə, bəlli mədə­niyyət iqlimi mövcud olmalıydı. Biz, bu il 100 illik əlamətdar yubileyini qeyd etdiyimiz Ümummilli liderimizi Heydər Əliyevi minnətdarlıqla xatırlayırıq. Ümummilli liderin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanı, Heydər Əliyev imzasını daşıyan digər müvafiq sənədlər vaxtı ilə ölkə ictimaiyyətinin, beynəlxalq qurumların diqqətini Qərbi Azərbaycan mövzusuna, o cümlədən o torpaqlarda əcdadımızın yaratmış olduğu mədəni irsə yönəldib. Qərbi Azərbaycandakı abidələrimizin uçotu, bərpası, qorunması və ləyaqətli, təhlükəsiz qayıdış məsələlərinin cəmiyyətimizdə aparıcı mövzuya çevrilməsi, konseptual baxışın yaranması, dövlət-xalq birliyinin mövcudluğu və ədalətin təntənəsinə sarsılmaz inam Ümummilli liderimizin irsinə dərin sayğımızın təcallasıdır”.

Q.Paşayeva qeyd etdi ki, dövlət başçımızın Qərbi Azərbaycana qayıdışla bağlı irəli sürdüyü və bu il yanvarın 26-da elan olunaraq, ictimailəşdirilmiş müvafiq konsepsiya mövcuddur: “Habelə Konstitusiyamızda, müvafiq qanunlarda, qoşulduğumuz beynəlxalq konvensiyalarda, ümumən beynəlxalq hüquq normalarında əks olunmuş müddəalar bizim söykəndiyimiz əsas hüquqi bazadır. Bununla belə, Prezidentin 24 dekabrdakı çıxışından, 26 yanvarda qəbul edilmiş konsepsiyadan çıxan məzmun var. – Biz xalq ruhunun  cəsarətinə, yeni reallıqlara, yeni dünya dizaynına, ictimai-siyasi, sosial-iqtisadi və digər  əməli fəaliyyət sahələri üzrə beynəlxalq çağırşlara, trendlərə də biganə deyilik. Biz yaxşı bilirik ki, tarixi-mədəni hüdudlarımız respublikamızın hüdudlarında bitmir, bundan qat-qat böyükdür. Ayrıca, 30 il işğalçılıq siyasəti yeridərək, 9 şəhər, 300 kəndimizi viran etmiş Ermənistan Respublikası həm bu, həm də indi “Ermənistan” adlanan tarixi Azərbaycan ərazisindəki mədəni irsimizə, qəbristanlıqlarımıza qarşı vandallıq­larının bədəlini ödəməli, tarix, insanlıq və hüquq qarşısında cavab verməlidir. Yəni hər kəs bilməlidir ki, qarşımızdakı terrorçuluq, işğalçılıq və vandallığı, separatçılığa dəstəyi dövlət siyasətinə çevirmiş bir “dövlət”dir və onun daşımalı olduğu məsuliyyət, cavab verməli olduğu suallar vardır. Əlbəttə, biz bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyası qəbul olunmamışdan öncəki dönəmdəki kimi danışmayacağıq – artıq konsepsiya mövcuddur; orada bizim bugünkü mövzu üzrə də, funksional iş bölgüsü üzrə də, bir sözlə, konsepsiya meyarları ilə müəyyənliklər hasil olub. Biz daha çox, konsepsiyadan ötən 5 ay, Prezidentin proqram xarakterli çıxışından ötən 6 aya yaxın müddətdə görülmüş işlər, problemlər, uğurlar haqqında danışmalıyıq. Məsələn, sənədli TV filimlərinin hazırlanması, bütün milli media orqanlarımızda “Qərbi Azərbaycan” daimi rubrikalarının yaradılması, yaradıcılıq ittifaqlarının ayrı-ayrılıqda və birgə gördüyü, yaxud görməli olduğu işlərdən danışa bilərik. Problemləri də, uğurlu təcrübələri də səmimi şəkildə bölüşməliyik. Gəlin görək, beynəlxalq aləmə çıxara biləcəyimiz filmimiz, tamaşamız, rəsm əsərimiz yaranıbmı yaxud bu istiqamətdə hansı başqa təsirli işlər görülür? Məsələn, İrəvan Dövlət Teatrının repertuarı necə tematik zənginliyə qovuşa bilər, teatr necə beynəlxalq festivallarda sənətin zərif gücü ilə həqiqətlərimizi çatdıra bilər yaxud çatdırır? Aşıq Ələsgərin heykəlinin ucaldılması ilə bağlı cənab Prezidentin Sərəncamının icrası barədə məlumatlar cəmiyyətimiz üçün xüsusi maraq kəsb edir. “Virtual Göyçə”, “virtual Zəngəzur”, “virtual İrəvan”, ümumən “virtual Qərbi Azərbaycan” layihələrinin icra olunub-olunmaması barədə danışa bilərik. Məsələn, Yazıçılar, Bəstəkarlar, Rəssamlar, Teatr Xadimləri, Aşıqlar, Jurnalistlər və b. yaradıcılıq birliklərinin birgə müsabiqələri, nəşrlər, sərgilər planlaşdırılırmı? Orta, ali məktəb proqramlarına Qərbi Azərbaycandakı abidə­lərimizlə bağlı, onların gələcək nəsillərə plan-proqramlı çatdırılması yönündə nə kimi sonuclara vara bilmişik? Bir daha deməliyəm ki, biz konsepsiyadan öncəki söhbətlərə qayıtmadan, mövcud konsepsiya əsasında, ölkə Prezidentinin proqram xarakterli çıxışı əsasında görülmüş, görülən və görülməli olan təxirəsalınmaz işlərlə bağlı bir dinləməyə yığışmışıq”.

 Q. Paşayeva konkret suallara cavab tapmağın zəruriliyindən bəhs etdi: “Ümumən Qərbi Azərbaycan mövzusunun əhatə dairəsinə aid olan məsələlər necə koordinasiya olunur və ya olunmalıdır? Mənəvi öhdəliyi, necə deyərlər, hüquqi məsuliyyəti olan ictimai və dövlət qurumlarımız, o cümlədən TV-lərimiz, yaradıcılıq birliklərimiz Qərbi Azərbaycan İcması ilə arzuolunan səviyyədə əməkdaşlığa malikdirmi?”

Komitə rəhbəri qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının rəhbəri, Millət vəkili, Mədəniyyət Komitəsinin üzvü, dəyərli alimimiz Əziz Ələkbərli bu gün məruzə ilə çıxış edəcək: “Əziz müəllim müzakirə etdiyimiz mövzunu ən dərindən bilən, bu sahədə kitablar yazmış aydınlarımızdandır. Eyni zamanda, burada müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər, uzun illərdir Qərbi Azərbaycan, ümumən mədəni irsimiz mövzusunda kitablar nəşr etdirən yaradıcı insanlar, layihələr işləyən vətəndaş cəmiyyəti institutlarımızın rəhbərləri var və reqlament çərçivəsində hər kəsin fikrini dinləməkdən şad olacağıq. İnanırıq ki, dinləmənin həm məlumatlanma, informasiya, təcrübə  mübadiləsi, həm də yeni imkanların, istəklərin üzə çıxarılması və tətbiqat baxımından qalıcı nəticələri olacaqdır. Sözlərimi cənab Prezidentin Qərbi Azərbaycan İcma­sındakı nitqindən sitatla tamamlamaq istərdim: “Əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

 

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR