İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarşıda daha böyük milli hədəflər dayanır”- Musa Quliyev  

Milli Məclisin xüsusi iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əvvəlcə spiker Sahibə Qafarovanın başçılığı ilə, Milli Məclisin rəhbərliyinə və parlament Aparatına minnətdarlıq etdi.

“Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri cənab prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Sizin təşkilatçılığınız və rəhbərliyinizlə Milli Məclisdə çox yüksək səviyyədə, müxtəlif formatlarda, ardıcıl olaraq keçirilir və bu işlər davam etməkdədir. May ayının 16-da Milli Məclisdə Ulu Öndərin yubileyi ilə bağlı çox geniş tərkibli beynəlxalq konfrans uğurla keçirildi. Bu gün çox dəyərli kitabın və filmin təqdimatında iştirak edirik. Bütün bunlar Ulu Öndərə sədaqətin və məhəbbətin ifadəsidir”-M.Quliyev bildirdi. Komitə sədri qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində və taleyində yeri və rolu tarixçilər, politoloqlar, filosoflar tərəfindən uzun illər araşdırılacaq, öyrəniləcək, dəyərləndiriləcək: “Lakin Ulu Öndərin müasirləri olan bizlər dəqiq bilirik ki, Heydər Əliyev olmasa idi, bugünkü Azərbaycan dövləti də olmayacaqdı, nəinki, müstəqil qüdrətli bir dövlət yaratmaq bizə nəsib olmayacaqdı, hətta ola bilsin ki, indiki müstəqilliyimiz və ərazimiz çərçivəsində yaşamağımız da böyük sual altında olacaqdı. Heydər Əliyev yer üzünə xüsusi missiya ilə göndərilmiş tanrının sevib seçdiyi böyük dövlət xadimi, xarizmatik şəxsiyyətdir. Onun ən böyük missiyası canından əziz sevdiyi doğma xalqına müstəqil, güclü dövlət yaratmaq, bu xalqı xoşbəxt görmək missiyası idi. O sanki Azərbaycana xilaskar olaraq göndərilmişdi və xalqını ən ağır dövrlərdə fəlakətlərdən qurtararaq Xilaskarlıq missiyasinı ləyaqətlə yerinə yetirdi”.

M.Quliyev bildirdi ki, Heydər Əliyevin digər bir tarixi missiyası birləşdiricilik missiyası idi: “Heydər Əliyev bu gün hamımızın qürur duyduğumuz müstəqil, müasir Azərbaycan dövlətinin möhkəm özüllər üzərində bünövrəsini qoydu, onun siyasi-ideoloji inkişaf konsepsiyasını yaratdı. Bütün dünya Azərbaycanlılarını müqəddəs üç rəngli bayrağımızın altında birləşdirən Azərbaycançılıq ideologiyasıni hazırladı. Ulu öndərin növbəti missiyası Quruculuq missiyası idi. O həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində güclü Azərbaycan yarada bildi. İctimai, siyasi, iqtisadi, sosial, mədəni humanitar həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin Sözü, əməli, imzası olmasın”.

Komitə rəhbəri qeyd etdi ki, Heydər Əliyev həm də Azərbaycan parlamentarizminin müasir əsaslarını formalaşdırmış, parlament davranışı və mədəniyyəti ənənəsini yaratmış böyük dövlət xadimidir:

“Xalqını öz ətrafında birləşdirərək doğru yolla irəli aparmaq Ulu Öndərin Liderlik missiyası idi. Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Heydər Əliyev həm də xoşbəxt siyasi liderdir ki, onun başladığı müqəddəs yolu oğlu və siyasi varisi Ali baş Komandan cənab İlham Əliyev Şuşa ucalığına qədər davam etdirdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Onun canından artıq sevdiyi Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ali Baş Komandan İlham Əliyev öz xalqı ilə birlikdə bu şərəfli missiyanı bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı. Qarabağın və Şərqi Zəngəzurun çiçəklənəcəyi, inkişaf edəcəyi, dünyanın turizm mərkəzlərindən birinə çevriləcəyi günlərin lap yaxındadır. Qarşıda isə daha böyük milli hədəflər dayanır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR