İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qardaş yumruğu” ilə dünyaya mesaj: “Tək Ordu, tək güc...” - Əliyev və Ərdoğandan xəbərdarlıq!

44 günlük Vətən Savaşından sonra qalib Azərbaycanla dünyanın əksər ölkələri hesablaşmağa başladı. Çünki həm haqlı idik, həm də qalib. Ancaq onu da gözə almışdıq ki, bir qədər sonra Azərbaycanı, Türkiyəni, qələbəmizi gözü götürməyən, iki qardaşın nüfuzunun günbəgün artmasından narahat olanlar, ermənipərəst güclər məkrli planlar cizəcəklər, hərəkətlənəcəklər.

Postmüharibə dövründə artıq bunlar baş verməkdədir. Fransanın, İranın təxribatçı davranışları, hədyanları, hədə və təhdidləri göz önündədir. Bu kontekstdə Azərbaycana qarşı bir basqı müşahidə olunur və artan xətlə davam edir. Belə bir vəziyyətdə təbii ki, Türkiyə-Azərbaycan qardaşlığı dünyaya öz sözünü deməli idi. Və artıq dedi! “Azərbaycana qarşı təhdid haradan gəlirsə-gəlsin, tək ordu, tək güc və tək yumruq olarıq”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib. “Qardaş yumruğu” adlı Türkiyə-Azərbaycan birgə təlimlərini izləmək üçün Azərbaycanda olan Hulusi Akar Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını səmimi şəkildə arzuladıqlarını vurğulayıb. Bununla yanaşı, dünyaya konkret söyləyib ki, Azərbaycana qarşı kim təhdid göstərərsə, qarşısında Türkiyə və Azərbaycanı birgə görəcək, tək ordu, tək güc halında!

“Bu təlimlərin adı "Qardaş yumruğu"dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!"

Bunu isə “Qardaş yumruğu” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev telefon zəngi ilə şəxsi heyəti təbrik edərkən bildirib.

“Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də göstərdi ki, heç kim bizi bir-birimizdən ayıra bilməz və ayıra bilməyəcək”.

Bunu da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətində qeyd edib. Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib: “İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz”.

Türkiyə bədxahlara, Azərbaycana dış qıcayanlara "F-16"larla da işarə verib. Hansı ki, 44 günlük Vətən müharibəsində də həmin "F-16"lar Azərbaycanda idi. Əgər əvvəllər kimlərsə burada hərbi-siyasi qaydaları bəhanə edə bilərdisə, indi bu bəhanənin özü belə yoxdur. Çünki 2021-ci ildə Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi var! Həmin bəyannamə hətta Türkiyə Ordusunun istənilən lazımi, zəruri vaxtda Azərbaycana gəlməsini birmənalı olaraq özündə ehtiva edir. Əslində hələ Vətən müharibəsi zamanı, ondan sonrakı dönəmdə Türkiyə və Azərbaycan rəhbərlərinin dəfələrlə təkrarladığı bir söz var: Türkiyə və Azərbaycan hər zaman birgə olacaq. Biz bunu təkcə sözdə deyil, əməldə sübut edirik. Habelə, postmüharibə dövründə Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi türk dünyası ilə daha sıx əməkdaşlıq, şərti olaraq Turan projesi dediyimiz proses var. Bunu biz Türk Dövlətləri Təşkilatının timsalında görürük. Yeri gəlmişkən, Türkiyə-Azərbaycan hərbi təlimlərinə də növbəti mərhələdə Özbəkistan və Qırğızıstan da qoşulacaq. Əlbəttə, bu prosesin özü də istər İranda, istər Avropa coğrafiyasında, istər Amerikada, həmçinin Rusiyada heç də loyal qarşılanmır, hətta qıcıq doğurur. Amma fakt bundan ibarətdir ki, başlanan prosesin qarşısında əngəl olmaq da mümkün deyil, sadəcə, bununla hesablaşacaqlar. Türkiyənin dünyadakı rolu, artan nüfuzu, onsuz hansısa prosesin həyata keçirilməsinin mümkünsüzlüyü qeyd edilənləri şərtləndirir.

Türkiyə-Azərbaycan təlimlərindən kimlər hansı nəticəni çıxaracaq? Bunun ən qısa müddətdə effekti, nəticələri nə olacaq?

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Əhəd Məmmədli: “Ərdoğanla Əliyev birlikdə çox böyük iş görürlər”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli iki qardaş ölkə rəhbərinin gördükləri böyük işlərdən söz açdı: “Əvvəla onu deyim ki, hərbi təlimin adının "Qardaşların yumruğu" olması bir çox mətləbdən xəbər verir. “Qardaşların yumruğu”nun İranla dövlət sərhədində keçirilməsində Tehrana mesaj verilməsi açıq-aşkar görünür. 2000-ci il də Bakı səmalarında uçuş yapan türk ulduzları bir dəfə İrana mesaj göndərmişdilər. Qarabağ müharibəsində Azərbaycanın qalibiyyətindən sonra görünür, İrana daha çox mesajların verilməsi zərurəti yaranıb. “Qardaşlıq yumruğu” İrana cavab idi, amma bununla bərabər Ermənistana da  xəbərdarlıq idi. Azərbaycan-Türkiyə birliyi Rusiya, Qərb, Çin və Hindistanın da maraqlarına cavab vermir və hamını çox narahat edir. Çünki Turana qapı Azərbaycan-Türkiyə birliyindədir, İslam dirçəlişi isə Turandan başlayacaq. Qeyri-müsəlman dünyasının ən çox qorxduğu yenidən müsəlmanların dirçəlməsidir. Müsəlmanların dirçəlməsi də Xilafətin son varisi Türkiyədən başlayacaq. Bu cür gedişat da qeyri-müsəlman dünyası üçün ən qorxunc ssenaridir. Ona görə də həm Qərb, həm də Rusiya, ələlxüsus da İran Azərbaycan-Türkiyə birliyinə bu qədər qısqanclıqla və qorxu ilə yanaşır. Türkiyə-Azərbaycan siyasi-hərbi ittifaqı daha da sıxlaşmalıdır, genişlənməlidir. Bu birliyə digər türk ölkələri qoşulmalıdır. Türkiyə-Azərbaycan birliyinə Özbəkistan və Qazaxıstanın qoşulması qurulan yeni Turan üçün mühüm addım olacaq. Ərdoğanla Əliyev birlikdə çox böyük iş görürlər. Bu böyük işi türk liderlər birlikdə sona qədər başa çatdırsalar, nəinki türk, dünya tarixində yeni böyük səhifə açılacaq".

Zəngəzur dəhlizi açılsın: » Yenixeber.org - Oxu, xəbərin olsun

Züriyə Qarayeva: “Şuşa Bəyannaməsi hərbi sahədə təlimlərin daha genişmiqyaslı keçirilməsini əks etdirir”

Politoloq Züriyə Qarayeva iki qardaş ölkənin hazırda keçirilən hərbi təlimlərinə xüsusi diqqət ayırdı: “Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın tarixi qədimdir. 1992-ci ildə aralarında imzalanmış hərbi əməkdaşlığa dair müqavilə bu əlaqələrin başlanğıcı olub. Ardınca 1996, 2010-cu illərdə bir neçə dəfə müqavilə imzalanmış, 2021-ci ilin iyulunda qəbul edilmiş Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq istiqamətində imzalanan sənədlərin zirvəsi olub. Bir neçə sahədə əməkdaşlığı özündə ehtiva edən Şuşa Bəyannaməsi hərbi sahədə təlimlərin daha genişmiqyaslı keçirilməsini əks etdirir. Bu baxımdan müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi bir tərəfdən bəyannamənin prinsiplərinin həyata keçirilməsi kimi başa düşülsə də, digər tərəfdən seçildiyi tarix etibarı ilə heç də təsadüfi təlimlər deyil. Bu gün Azərbaycanın suverenliyinə qarşı təhdid törədən və ya törətmək niyyətində olan qüvvələr çox yaxşı anlayır ki, Azərbaycanın yanında NATO-nun ikinci döyüşkən ordusuna sahib Türkiyə dayanır. Azərbaycan Ordusu Türkiyənin hərbi sisteminə uyğun modernləşdirilir, resurslar zənginləşir, canlı qüvvəsi daha da peşəkarlaşır. Odur ki, düşmənə gözdağı olan bu təlimlər göstərir ki, yaxın gələcəkdə dəmir yumruğun yalnız ermənilərin deyil, həm də onlara havadarlıq edən istənilən qüvvənin başına dəyə biləcəyi aşkardır”.

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı: “Tehran rejiminə lazımi cavab verildi”

Siyasi analitik Asif Nərimanlı İrana layiqli cavab verildiyini söylədi: “Türkiyə və Azərbaycanın "Qardaş yumruğu" adlı hərbi təlimləri birbaşa İrana, dolayısı yolla Bakıya qarşı təhdid yarada biləcək digər ölkələrə, xüsusilə Fransa və Rusiyaya ünvanlanıb. Təlimlərin ssenarisi, verilən mesajlar İranın Azərbaycan sərhədlərinə qoşun gətirərək, təhdid etməsinə adekvat, hətta deyərdim daha tutarlı cavab oldu. İstər təlimin adı, istərsə də Araz üzərindən panton körpünün salınması xüsusilə diqqət çəkdi. Fikrimcə, bu təlimlər Tehran rejimi üçün ciddi siqnaldır. 2001-ci ildə də İrandan gələn təhdidlər Türkiyənin Azərbaycana gəlişi ilə dayandı. İndi İran Azərbaycana qarşı planlarından əl çəkməsə də, ən azından hərbi ssenari planlarını bir daha dilə gətirməyəcək. Bilirik ki, Bakıya qarşı siyasi təhdidlərlə yanaşı, hərbi müdaxilə təhdidləri də səsləndirilirdi. Tehran rejiminə lazımi cavab verildi. Buna paralel olaraq, Türkiyə və Azərbaycanın vahid ordu şəklində keçirdiyi təlimlər bölgəyə dair planları olan Rusiyanın da, Fransanın da qarşısına sədd çəkəcək. Və bütün bunlar Azərbaycanın istər hərbi müstəvidə, istərsə də diplomatiyada əlini gücləndirən amildir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR