Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda Türkiyənin tez bir zamanda Avropa Birliyinə üzv qəbul olunmasını tələb etdi. Qardaş ölkəmizin buna haqqı var. Qeyd edək ki, Türkiyə dövlətinin son 50 ildə qarşısına qoyduğu ən böyük hədəflərindən biri də Avropa Birliyinə üzvlük məsələsidir. Türkiyənin Avropa Birliyinə üzvlük prosesi 1960-cı illərdə Avropa İqtisadi Birliyi ilə anlaşma əsasında başlamışdı. 1980-ci illərin sonlarında isə üzv olmaq üçün müraciət edən Türkiyə, bundan 12 il sonra 1999-cu ildə Avropa ölkələri tərəfindən üzvlüyə namizəd olaraq qəbul edildi.
2002-ci ildə Ədalət və İnkişaf partiyasının iqtidara gəlməsi və Rəcəb Tayyib Ərdoğanın hökumətə rəhbərlik etməsi ilə çox sayda üzvlük müzakirələri, görüşlər, bununla əlaqədar olan xarici səfərlər həyata keçirilib. Hətta Türkiyədə Avropa Birliyi Nazirliyi belə təsis edildi. Lakin bu günədək bu müzakirələr hələki müsbət nəticə verə bilməyib.
Politoloq Qabil Hüseynli Musavat.com-a bildirib ki, Türkiyənin Avropa Birliyə qəbulunun qarşısını alan əsas bir neçə dövlət var. Həmin dövlətlərlə Türkiyə arasında zaman-zaman gərginliklər yaşanır:
“Xüsusən də Fransa və Almaniya burada daha aktivdirlər. Onlar Türkiyəni antidemokratik olmaqda, insan haqlarını pozmaqda ittiham edirlər, həmçinin Türkiyənin hərbi sənayenin gücləndirilməsini qəbul edə bilmirlər. Onlara zəif, sözəbaxan Türkiyə lazımdır. Türkiyədə seçkilər dünyada demokratikliyinə və aktivliyinə görə müsbət mənada fərqlənir. Lakin Fransa və Almaniya kimi dövlətlər bunu görməməzlikdən gəlirlər. İndi isə Əkrəm İmamoğlunun həbs olunması faktını Türkiyəyə qarşı bir kart kimi istifadə etməyə çalışırlar. Türkiyə 50 ildir ki, Avropa Birliyinin qarşısında oraya üzv olmaq üçün gözləyir. Özüdə Avropa Birliyinə üzvlüyə də namizəddir. Yəni bunun üçün bəlli olan prosedurları, tələbləri də yerinə yetirib. Prezident Ərdoğan ölkəsinin tez bir zamanda Avropa Birliyinə qəbul edilməsi tələbini buna görə yenidən səsləndirib”.
Politoloq hesab edir ki, əgər Fransa və Almaniya kimi dövlətlərin müqavimətini sındırmaq mümkün ola bilərsə, Türkiyə Avropa Birliyinə daxil olmaq üçün real şanslar əldə edə biləcək: “Çünki mən indiki yaranmış vəziyyətdə Qərbin Türkiyəyə böyük ehtiyacı olduğunu hesab edirəm və güman edirəm ki, Qərb Türkiyənin potensialından istifadə edərək qarşısında duran bir sıra əngəlləri də aşmağa çalışacaqdır. Bunu bir neçə gün öncə Donald Trampın Benyamin Netanyahuya Türkiyə və Ərdoğan barədə dedikləri də təsdiq edir. ABŞ-ın Türkiyəyə Avropa Birliyi yolunda dəstək verməsi istisna deyil. Avropa Birliyinə daxil olmaq üçün Türkiyənin qarşısında yaxşı perspektivlər yarana bilər”.
Etibar Seyidağa,
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ