İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın bərpasına hansı dost dövlətlərin şirkətləri qoşulub? - açıqlama

Ekspert: “Əgər sülh müqaviləsi bağlanarsa, bu, xarici investisiyaların həcmini kəskin artıra bilər”

Qarabağ azad ediləndən sonra Azərbaycan Prezidenti bu bölgədə dost ölkələrin şirkətlərinin də çalışacağını bildirmiş, onları Qarabağda abadlıq, yenidənqurma, dirçəliş prosesində əməkdaşlığa dəvət etmişdi. Qardaş Türkiyə şirkətlərinin ilk vaxtlardan prosesdə iştirakı məlumdur. Başqa hansı ölkələrin şirkətləri Qarabağdakı işlərdə iştirak, əməkdaşlıq edir?

İqtisadçı-ekspert Eldəniz Əmirov mövzunu “Yeni Müsavat”a şərh edərkən Beynəlxalq Valyuta Fondunun ötəngünkü açıqlamasına diqqət çəkdi. O qeyd etdi ki, Azərbaycanda 2027-ci ilə qədər ÜDM-də artım olacağı gözlənilsə də, xarici investisiyaların Azərbaycan ÜDM-ə nisbəti azalmaqda davam edəcək: “Bu il 3,4% azalma olacağı proqnozlaşdırılır. 2027-ci ilə qədər bu rəqəmin 2,2 %-ə qədər enəcəyi gözlənilir. Bu kontekstdə işğaldan azad edilmiş ərazilərdə investisiyaların cəlb olunması aktualdır. İnvestisiya qoyuluşunu stimullaşdırmaq üçün infrastruktur yaxşılaşdırılmalıdır. Bu proses hər yerdə dövlət hesabına həyata keçirilir, o cümlədən Azərbaycanda. İlk növbədə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər görülür. Digər tərəfdən, enerji təminatını həyata keçirmək lazımdır. Bu, bəzən dövlət, bəzən dövlət-özəl tərəfdaşlığı, bəzən isə özəl subyektlər tərəfindən icra olunur. Azərbaycanda da bu proses ilkin mərhələdə məhz dövlət investisiya layihələri hesabına icra olunmaqdadır. Bu prosesə xarici şirkətlərin cəlb olunması nəzərdə tutulur. BP-nin Zəngilan, Cəbrayıl bölgəsində 240 MVt-lıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı razılaşma var. Bu layihə təxminən 200 milyon məbləğində dəyərləndirilir. Azərbaycanda alternativ enerji mənbələrindən istifadə edilməyə başlanıb. İşğaldan azad edilən ərazilərdə bu istiqamətə xüsusi diqqət ayrılır. Cənubi Qafqazda Azərbaycan cəmi 10%, Gürcüstan 62%, Ermənistan isə 28% su ehtiyatına malikdir. 10 faizin təxminən 1/5-i  işğaldan azad edilən ərazilərdədir. Bunun da 70%-i transsərhəd çayları hesabına formalaşır. Yəni hidroloji potensial günəş və külək qədər deyil”.

Ekspertin fikrincə, hər birinin öz təyinatı olsa da, işğaldan azad edilən əraziləri üçbucaq şəklində birləşdirən 3 hava limanının tikintisi də investisiya mühitini yaxşılaşdıracaq: “Əgər sülh müqaviləsi bağlanarsa, bu, xarici investisiyaların həcmini kəskin artıra bilər. Risk almaq istəməyən xarici investorlar üçün bu faktor hazırda aktualdır. Buna görə də xarici şirkətlər, o cümlədən Türkiyə, Böyük Britaniya və Azərbaycanla dost münasibətdə olan ölkələrin şirkətlərinin iştirakı daha çox dövlət layihələrində təzahür edir. Azərbaycanda Ələt azad iqtisadi zonasının yaradılması ilə bir ilkə imza atıldı. Zəngilanda hava limanı, Zəngəzur dəhlizi, eyni zamanda digər ölkələrlə bir qovşaqda yerləşməsi gələcəkdə 3+3 müqaviləsi çərçivəsində əməkdaşlığın formalaşması Zəngilanda da azad iqtisadi zonanın yaradılması üçün geniş potensial yaradır. Türkiyənin Orta Asiyaya məhz Zəngəzur dəhlizi üzərindən çıxışı, Orta Asiyanın da bu dəhliz üzərindən Avropaya çıxışı buranı aktiv coğrafi nöqtəyə çevirəcək”.

Ekspert: “Bu, qaza tələbatın artmasına təkan verib” - 16.07.2021, Sputnik  Azərbaycan

Eldəniz Əmirov

E.Əmirov qeyd etdi ki, Qarabağın işğaldan azad edilməsi zamanı Azərbaycana hansı ölkələr dost mövqe sərgiləmişdilərsə, o ölkələrin şirkətləri də bərpa-quruculuq prosesində yer alırlar: “İqtisadiyyat Nazirliyinə yerli və xarici şirkətlər tərəfindən müraciət edilir. Bu müraciətlər bazada toplanır. Müraciətlərin sayı aybaay artır. Azərbaycan bu prosesdə müharibə zamanı dost mövqe sərgiləyən ölkələrə üstünlük verir. Eyni zamanda qeyd edim ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyaya tətbiq olunan sanksiyalar sahibkarların ölkəni tərk etməsi ilə nəticələnəcək. Sülh müqaviləsi imzalanarsa, rusiyalı investorlar Qarabağa sərmayə qoymaqda maraqlı ola bilərlər. Vətən müharibəsindən sonra İranın Ermənistanla kommunikasiya problemləri yaranıb. İran körfəzi ilə  Qara dənizin Azərbaycan üzərindən birləşdirilməsi, yəni tranzit yüklərin Qara dənizə Azərbaycan, Gürcüstan üzərindən  göndərilməsi investisiya mühitinin yaxşılaşdırılması üçün əlavə dividentlər yaradacaq. Ümumilikdə, Türkiyə şirkətləri Qarabağda bərpa-quruculuq prosesində hər zaman liderlik edəcəklər”.

Ekspert hesab edir ki, portfel investisiyalarının cəlbi üçün də əlverişli şərait yaratmaq, eyni zamanda idxalı əvəz edə biləcək məhsulların istehsal olunmasına önəm vermək faydalı olar.

Xatırladaq ki, rəsmi Bakı İran şirkətlərini işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka etməyə dəvət edib. İyunun 26-da Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Qulamhüseyn Şafeyi ilə görüşündə xatırladıb ki, Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında qalan Qarabağı azad etməsi nəticəsində Azərbaycanın İranla 132 kilometrlik sərhəd hissəsi azad olunub və bu, əməkdaşlıq əlaqələrinin artırılması üçün yeni imkanlar yaradıb. Hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq və abadlıq işləri haqqında məlumat verən Əli Əlizadə İran şirkətlərini də həmin ərazilərə sərmayə yatırmağa dəvət edib, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya bağlantılarının yaradılması haqqında iki dövlət arasında imzalanan sazişin də nəqliyyat və tranzit imkanlarının artmasında böyük rol oynayacağını vurğulayıb.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR