İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda nə qədər erməni qaldı - dialoq, reinteqrasiya ləngiyə bilərmi?

Elçin Mirzəbəyli: “Ermənistan tərəfinin təqdim etdiyi göstəricilərin ifrat dərəcədə şişirdilməsində məqsəd həm daha çox yardım almaq, həm də bundan Azərbaycana qarşı istifadə etməkdir”

Azərbaycan cəmi on gün öncə Qarabağın yerdə qalan hissəsində də öz suverenliyini bərpa etdi. İndi dövlətimiz bunun praktik işlərini həyata keçirməkdədir. Artıq saxta qurum özünü buraxdığını elan edib. Xalqımıza qarşı cinayət törətmiş separatçı ünsürlər bir-bir həbsə alınır. Haqq-ədalət bərpa edilir.

Təbii ki, Azərbaycanın vətəndaşlarımız sayılan dinc erməni əhali ilə heç bir işi, pis niyyəti yoxdur. Onların könüllü Qarabağdan getməsi də təmin olunub. Qarabağda qalan kəsimlə isə reinteqrasiya istiqamətində dialoq davam etdiriləcək. 

Məlumdur ki, Qarabağda 24 saatlıq antiterror  tədbirlərindən sonra Azərbaycan nümayəndələri və erməni icmasını təmsilçiləri ilə artıq iki dəfə görüş keçirilib - Yevlaxda və Xocalıda. Tezliklə daha bir görüşün olacağı xəbəri yayılıb.

Bəs davam edən erməni köçü dialoqu ertələyə, reinteqrasiyanı ləngidə bilərmi? Nikol Paşinyan bəyan edib ki, bir neçə günə Qarabagda bircə erməni də qalmayacaq və ardınca yenə Bakını etnik təmizləmədə ittiham edib. Rəsmi İrəvan həmçinin Qarabağdan artıq 70 minə yaxın erməninin köç etdiyini bildirib.

Elçin Mirzəbəyli: "Sülhməramlıların davranışları Rusiyanın Azərbaycandakı  etimad limitini sıfra endirir"

 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, Qarabağda yaşayan ermənilərin sayı ilə bağlı hər zaman şişirdilmiş rəqəmlər səslənib. O xatırladıb ki, 44 günlük müharibədən əvvəl və sonra Ermənistan, həmçinin digər maraqlı tərəflər Azərbaycanın Qarabağ iqtisadi rayonunda guya 120 min erməninin yaşadığını iddia edirdilər: “Rəqəmlərin şişirdilməsində isə, şübhəsiz ki, hər qrupun və tərəfin öz maraqları var idi. Separatçılar bundan, məsələn, 30-40 min adama deyil, 120 min sakinə maliyyə və digər yardımlar almaq üçün yararlanırdılar. 70 min nəfərə ayrılan yardımları mənimsəyir, hətta yerdə qalanına da göz dikirdilər. Ermənistana da rəqəmin şişirdilməsi, həm Qarabağda yaşayan erməni sakinlər üçün daha çox maliyyə yardımı almaq, həm də bundan siyasi məqsədlər naminə faydalanmaq üçün lazım idi. Eyni yanaşmanı diaspora təşkilatlarına münasibətdə də söyləmək olar. Bəzi ölkələr və təşkilatlar üçün bu da çox siyasi manipulyasiya vasitəsi idi. Hər halda, 120 min rəqəm olaraq 30-40 mindən daha samballı görünür və təzyiq, manipulyasiya imkanlarını da nisbətən asanlaşdırır.

Qarabağın yerli erməni əhalisinin bir hissəsi, xüsusilə də gənc nəsil, reallıqları qismən də olsa dərk etməyi bacaranlar oranı çoxdan tərk edib. Orda yaşayanların xeyli hissəsini Ermənistandan gələnlər və Suriya, Livan, Liviya kimi ölkələrdən köçürülənlər təşkil edirdi. Onlar da bütün hallarda Azərbaycanda doğulmadıqları, yaxud Azərbaycanda doğulanların varisləri olmadıqları üçün onsuz da Qarabağdan qanuni əsaslarla çıxarılacaqdılar".

E.Mirzəbəyli qeyd etdi ki, Ermənistan tərəfinin təqdim etdiyi göstəricilərin ifrat dərəcədə şişirdilməsində məqsəd həm daha çox yardım almaq, həm də bundan Azərbaycana qarşı istifadə etməkdir: “Real rəqəmləri isə Laçın sərhəd-buraxılış məntəqəsindəki Azərbaycan görəvliləri və təbii ki, ölkəmizin mərkəzi hakimiyyəti hər kəsdən daha dəqiq bilir. Mənə görə, Qarabağ iqtisadi rayonunun bir hissəsində, ən yaxşı halda, Ermənistandan, Livan, Suriya və digər ölkələrdən köçürülənlərlə birlikdə, ən çoxu 40-50 min insan yaşayıb. Onların da, təxminən yarısını xaricdən köçürülənlər təşkil edib. Qarabağın yerli erməni sakinlərinin sayı isə 25-30 min nəfərdən çox deyil”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat” a şərhində köç edən ermənilərin sayının şişirdilməsini belə izah edib: “Azərbaycan 20 sentyabr 2023-cü ildə qondarma rejimin qeyri-qanuni hərbi birləşmələrini məğlub etdikdən sonra Qarabağ erməniləri kütləvi şəkildə bölgəni tərk etməyə başladılar. Erməni tərəfi bunu Azərbaycan tərəfindən həyata keçirilən ”etnik təmizləmə" olaraq dünyaya çatdırmağa çalışır və əsas məqsəd aşağıdakılardır:

1.Azərbaycan tərəfindən həyata keçirilən reinteqrasiya siyasətinə mane olmaq;

Görüntüləri dramatikləşdirərək ölkəmizə qarşı sanksiyalara, qətnamə və bəyanatlara nail olmaq;

Rəqəmləri şişirdərək beynəlxalq təşkilatlardan yardım, Azərbaycandan təzminat almaq;

Azərbaycanlılar haqqında mənfi rəy yaradıb, birgəyaşayışın mümkünsüzlüyünə dünya ictimaiyyətini inandırmaq;

Qarabağ ermənilərinin qorunması adı altında bölgəyə beynəlxalq missiyaları yerləşdirmək;

Kosovo modelini işə salaraq Qarabağ erməniləri üçün dünya birliyi tərəfindən tanınan müstəqil idarəçilik qazandırmaq.

Lakin Azərbaycan dövləti düşməni yaxşı tanıyır, məkrli planlarını özlərindən də yaxşı anlayır, gələcəyi görür və milli maraqları təmin etmək üçün bütün məkrli planların öhdəsindən gəlməyə qadirdir!

Bu çərçivədə atılan addımlar ilk növbədə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə bölgəni tərk etməsinə edilən vurğu və geri qayıtmasına edilən çağırışdır. Məsələn, Xarici İşlər Nazirliyi dünən bəyanat yayaraq Qarabağ ermənilərini könüllü şəkildə bölgəni tərk etdiyini bildirdi, köç qərarının Azərbaycanla heç bir əlaqəsinin olmadığını və onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovu olduqları vaxtdan daha yaxşı yaşayış şəraiti yaratmağa hazır olduğumuzu bəyan etdi. Bu, köç edənlərin öz dillərindən də etiraf olunur. Məsələn, bu günlərdə Laçın postunda Baku TV-ə açıqlama verən Xankəndi sakini deyib ki, onları köçə separatçı rejimin rəhbərliyi vadar edir. Bu kimi etiraflar xarici dillərə tərcümə olunub beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Azərbaycandan gedən ermənilərə polisimizin humanist davranışı dünyanın bütün münaqişə zonalarındakı asayiş keşikçilərinə bir müsbət nümunə təşkil edir. Azərbaycanın hərbi əməliyyat dövrlərində zərgər dəqiqliyi ilə yalnız terrorçuların hərbi məntəqələri məhv etməsi və sivilləri hədəfə almaması da mühüm əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın davasının mülki əhali ilə deyil, separatçı, terrorçu, silahı yerə qoymayan şəxslərlə olduğunu sübut edir. Biz erməni deyilik, onların bizə yaşatdığını (20-ci əsrdə bizlərə yaşatdıqları köçlər, Xocalı soyqırımı, əsirlik dövrü işgəncələri və s.) biz onlara yaşatmırıq, çünki, Azərbaycanın aydın və işıqlı gələcəyinə kölgə salmaq istəmirik. Azərbaycan regionda yeni geosiyasi vəziyyət yaradıb və bu vəziyyət tamamilə lehimizə, Cənubi Qafqazda sülh və sabitlik adası təsis etməyə imkan verir".\

Qarabağı nə qədər erməni tərk edib?

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının təmini və müdafiəsi ilə bağlı danışarkən deyib ki, Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir.

Onun sözlərinə görə, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan bu ilin 19-20 sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində uzun illər ərzində vətəndaşların hüquq və azadlıqlarının təmininə ciddi təhdid yaradan halları aradan qaldırmaqla beynəlxalq hüquqla tanınan ərazisi üzərində öz suverenliyini tam təmin edib.

Ombudsman bildirib ki, Azərbaycanda milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın, o cümlədən Qarabağda yaşayan erməniəsilli vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir: “Qarabağda yaşayan erməniəsilli vətəndaşlarımızın milli qanunvericilikdə və beynəlxalq sənədlərdə təsbit edilmiş hüquq və azadlıqlarının təmini və müdafiəsi daim diqqət mərkəzindədir. Bildirmək istərdik ki, hər bir vətəndaşımız kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız da hüquq və azadlıqlarının təmini məsələsi ilə bağlı hər hansı problemlə üzləşərsə, 24/7 rejimində fəaliyyət göstərən ”916" Çağrı Mərkəzi, təsisatın telefon nömrəsi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə və elektron qaydada Ombudsmana müraciət edə bilərlər".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR