Onlayn ictimai-siyasi qəzet
“Az-Caspian CONSTRUCTİON" MMC dövlətə olan borcunu ödəmir. MMC-nin külli miqdarda vergi borcu var.
Musavat.com xəbər verir ki, hazırda MMC-nin 1 milyon 700 min manatdan çox vergi borcu yaranıb. Şirkət nəhəng dövlət layihələrinin icrasında qazanc əldə etsə də dövlətə olan vergi borcunu ödəmir.
Şirkətin rəsmi saytında yer alan məlumatlardan görünür ki, bu günə qədər MMC tərəfindən “Azər Xalça” ASC-nin sifarişi ilə Nardaran Xalça fabriki, Fəhlə əlləri parkı, İDEA-nın bir neçə ABAD həyət layihəsi, Bilgəh sanatoriyası və restoranı, “Caspian Vista Residence” kimi layihələr həyata keçirilib.
İşğaldan azad edilən bölgələrdə də şirkətə yeni layihələr etibar edilib. Suqovuşanda məscid tikintisi, Suqovuşanda orta məktəbin tikintisi, Suqovuşan qəsəbəsi kotec tipli yaşayış evləri və 2 mərtəbəli butik otelin tikintisi, Talış kəndində fərdi yaşayış evlərinin tikintisi, məktəb binasının tikintisi də bu MMC-yə həvalə edilib.
MMC-yə Xankəndi şəhərində yerləşən yaşayış binalarının tikintisi üçün 4 milyon 550 min manat, Ağdam və Tərtər rayonlarında fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası üçün 9 milyon manata yaxın vəsait ayrılıb.
Dövlətdən aldığı layihələrdən milyonlar qazanan MMC-nin nizamnamə kapitalı cəmi 20 manatdır. Şirkətin qanuni təmsilçisi İbadov Rəşad Əsəd oğludur.
Şirkət dəfələrlə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyaları ilə üzləşib.
İ.Muradov
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ