Onlayn ictimai-siyasi qəzet
Füzulidə kuryoz hadisə baş verib. Sərxoş şəxs səhvən qonşusunun evinə daxil olub. O, həddən artıq spirtli içki qəbul etdiyi üçün baş verənləri xatırlamır. Amma qonşusu ondan şikayətçidir və cəzalandırılmasını istəyib.
Musavat.com xəbər verir ki, 38 yaşlı Vüsal qonşusunun mənzil toxunulmazlığını pozub.
O, sərxoş halda qonşunun evinə daxil olub. Qonşunun arvadı onu görən zaman qışqırıb. Bu zaman Vüsal qaçaraq həmin evdən çıxıb.
Subay olan Vüsal ifadəsində deyib ki, hadisədən bir müddət əvvəl 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb.
Anası ilə birlikdə yaşayan Vüsal hadisə günü Qayıdış qəsəbəsində toy məclisində iştirak edib:
“Toy və yas mərasimləri üçün çadırların qurulmasına kömək edirdim. Buna görə pul qazanıram. Həmin gün toy çadırını quranda məclis sahibi axşam təşkil olunacaq “ciyər axşamı”na məni də dəvət etdi. Həmin məclisdə xeyli araq içdim. Təxminən 0,7 litr arağı tək içdim. Məclisdən çıxıb evə doğru getməyə başladım. Bərk sərxoş olduğumdan qəti şəkildə özümdə deyildim. Yaşadığım evdən bir ev aralıda yerləşən Köçərigilin həyətinə daxil olmuşam”.
Vüsal bildirib ki, qonşunun evi ilə öz evləri bir-birinə çox oxşadığı üçün evi dəqiq seçə bilməyib:
“Evin həyətinə necə daxil olmağımı xatırlamıram. Ona görə də darvazanın açıq və ya bağlı olmasını bilmirəm. Köçərinin evinə daxil olanda arvadı qışqırdı. Səhv evə daxil olduğumu anlayıb qaçdım. Ayaqqabım da orada qaldı. Sonra öz evimizə necə gəldiyimi xatırlamıram. Yuxudan oyananda səhvimi başa düşdüm. Köçərigilin evinə gedərək ondan və arvadından üzr istədim. Amma məni bağışlamadılar”.
Əməlindən peşman olduğunu deyən Vüsal qonşusunun evinə hər hansı bir məqsədlə girmədiyini deyib və peşman olduğunu bildirib.
Zərərçəkmiş kimi qonşu Köçəri və onun xanımı dindirilən zaman Vüsaldan şikayətçi olduqlarını, onun cəzalandırılmasını istədiklərini bildiriblər.
Məhkəmə Vüsalı törətdiyi əməldə təqsirli bilib. Hökmə əsasən, qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 10 ay müddətə islah işləri cəzasına məhkum edilib.
İ.Muradov
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ