İnsanlara hürriyət, millətlərə istiqlal!

Atasını öldürən yeniyetmənin anası və qardaşı da həbs edildi- Balakəndəki dəhşətli qətldə şok detallar  

15 yaşında atasını öldürməkdə təqsirli bilinərək həbs edilən C.Bayramovun qardaşı və anası da həbs edilib. Onlar cinayətin gizlədilməsinə kömək etməkdə təqsirli biliniblər. Ana və oğlu məhkəmə zalında qandallanıb. İstintaq zamanı onların meyiti gizlətmək planları üzə çıxıb.

Musavat.com xəbər verir ki, qətl hadisəsi 2023-cü ilin dekabr ayında Balakəndə baş verib. 2008-ci il təvəllüdlü C.Bayramov ailə münaqişəsi zəminində 1975-ci il təvəllüdlü atası Qəhrəman Bayramovu balta ilə vuraraq öldürüb.

C.Bayramov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlumata görə, mərhum Qəhrəman Bayramov hadisədən bir müddət əvvəl həbsxanadan azadlığa buraxılıbmış. Hadisə günü Qəhrəman Bayramov arvadı ilə mübahisə edən zaman ona bıçaq çəkib. Bu zaman anasını qorumaq istəyən C.Bayramov balta ilə atasının başına zərbə vurub. Atası yerə yıxılandan sonra C.Bayramov ona bir neçə zərbə də vurub.

C.Bayramovun həbsindən sonra anası və qardaşı da məsuliyyətə cəlb edilib. Müəyyən edilib ki, ana və iki oğlu meyiti gizlətmək istəyiblər.

Qəhrəman Bayramov öləndən sonra oğlu polisə təslim olmaq istəyib. Lakin anası Arzu Bayramova buna icazə verməyib. Arzu Bayramova oğluna təslim olacağı halda özünü öldürəcəyini deyib. Bundan sonra ana iki oğlu ilə birlikdə meyiti gizlətməyə çalışıb.

Onlar meyiti əvvəlcə qara sellofan torbaya keçirərək ədyala büküblər. Qana bulaşmış əşyaları qara sellofan torbaya yığıblar. Əlcəklərdən və yuyucu vasitələrdən istifadə edərək qana bulaşmış yerləri siliblər. Baltanı da yuyaraq tiyəsini eyvanda gizlədiblər. Meyiti maşına qoyaraq Balakən rayonu ərazisində bir neçə dəqiqə gəziblər. Onlar meyiti gizlətmək üçün yer axtarıblar. Lakin tapmadıqda evə qayıdıblar. Evə gəldikdən sonra bir neçə saat dincəliblər. Qərara gəliblər ki, meyiti Mazımçay çayının Balakən rayonu İsaxlıgirmə kəndi ərazisindən keçən hissəsində yerləşən körpüdən atsınlar. Bu məqsədlə evdən çıxıblar. Meyiti bükdükləri ədyalı və sellofanları çıxarıb körpüdən çaya atıblar. Digər əşyaları isə başqa bir ərazidə gizlədiblər.

Meyiti gizlətməkdə təqsirləndirilən mərhumun oğlu İlyas ifadə verə zaman yuxarıda yazılanları təsdiq edib. Bildirib ki, qardaşı atasını öldürəndə evdə olmayıb:

“Anam zəng edib təcili evə gəlməyimi istədi. Evə çatanda gəlib maşına oturdular. Anam ağlayaraq qardaşımın atamı vurduğunu dedi. Atam anamı təhqir edərək onu öldürmək istəyib. Qardaşım da buna görə onu vurub. Mən qardaşımın 15 yaşı olduğuna görə qətl törətdiyinə inanmadım. Dedim ki, atamı xəstəxanaya aparaq. Anam dedi ki, artıq gecdir. Buna görə də meyiti gizlətmək qərarına gəldik. Əvvəlcə maşınla gəzdik. Yer axtarırdıq. Amma tapa bilmədiyimiz üçün evə qayıtdıq. 1-2 saat yatandan sonra oyanıb yenidən meyiti necə gizlədəcəyimizi düşündük. Çaya atmaq qərarına gəldik. Meyiti çaya atandan sonra əmimgilə getdik. Şübhələnməsinlər deyə əmimin yoldaşından atamı soruşduq. Atamın evdən çıxıb geri qayıtmadığını dedik. Digər əmimgilə də getdik ki, guya atamı axtarırıq. Bu əməlimdən peşmanam”.

Mərhumun arvadı Arzu Bayramova da dindirilən zaman əməlindən peşman olduğunu deyib. Oğlunun ifadəsinə oxşar ifadə verən Arzu Bayramova bildirib ki, ərinin şiddət və təzyiqlərindən bezdiyi üçün onunla tez-tez mübahisə edirmişlər. Sonuncu mübahisə zamanı əri ona bıçaq çəkib. Oğlu da onu müdafiə etmək üçün ərini öldürüb. Onun sözlərinə görə oğlu polisə təslim olmaq istəsə də icazə verməyib: “Qorxmuşdum. Oğlumun mənə görə həbsə düşməsini istəmirdim. Ona görə də meyiti gizlətməyi mən təklif etdim”.

Qətli törətməkdə təqsirli bilinən C.Bayramov anası və qardaşının cinayət işində şahid qismində ifadə verib.

O, qətl baş verən gün yaşananları belə danışıb:

“Anamla atam mübahisə edirdilər. Atam anamı əxlaqsızlıqda, polislərə məlumat verməkdə günahlandırırdı. Həmin vaxt anam balıq bişirirdi. Atam da araq içə-içə anamla mübahisə edirdi, qışqırırdı. Mən də onları dinləyirdim. Evdən çıxacaqdım, amma atamın daha da əsəbiləşdiyini görəndə fikrimi dəyişdim. Atamın anama nəsə edəcəyindən qorxdum. Bir az sonra atam anama təpik atdı. Əlinə bıçaq götürüb boğazına dirədi. Bunu görüb qorxduğum üçün baltanı götürüb atamın başına arxadan vurdum. Anam bunu görüb qorxdu. Atamı məndən uzaqlaşdırmaq istəsə də yerə yıxılanda bir neçə zərbə də vurdum. Sonra anamı otaqdan çıxarıb sakitləşdirdim. Atam yerdə tərpənirdir. Bir neçə dəqiqə sonra otağa qayıdanda gördüm ki, sürünərək yerini bir metr dəyişib. Amma artıq tərpənmirdi. Gedib polisə təslim olmaq istədim. Amma anam icazə vermədi. Sonra da meyiti gizlətmək istədik”.

50 yaşlı Arzu Bayramova və 24 yaşlı oğlu İlyas Bayramov xüsusilə ağır cinayəti hüquq-mühafizə orqanlarından gizlətməkdə təqsirli biliniblər. Məhkəmənin hökmü ilə hər ikisi 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

İbtidai istintaq zamanı barələrində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş ana və oğlu məhkəmə zalında həbs olunublar.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR