İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağa qayıdış: “O gün uzaqda deyil...”

Sədrəddin Soltan: “Proses daha təmkinlə, daha əhatəli və əzmlə davam edir”

Qarabağa “Böyük qayıdış planı” istiqamətində görülən işlər durmadan sürətlənir. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Novruz bayramı ərəfəsində işğaldan azad edilən Tərtərin Suqovuşan qəsəbəsində olmaları, bayram tonqalı yandırmaları məcburi köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıdacaqlarının müjdəsi oldu. Artıq bəzi kütləvi informasiya vasitələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazisi işğaldan azad olunmuş rayon sakinləri ilə qayıdışla əlaqədar olaraq İlkin Razılaşma Protokolunu imzaladığı haqqında məlumat yayılıb.

Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlətimizin başçısının tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Böyük Qayıdışın mühüm tərkib hissəsinin - köçürülmə və reinteqrasiya prosesinin effektivliyini təmin etmək üçün zəruri tədbirlər görür.

Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir. Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub.

İlkin Razılaşma Protokolu yuxarıda qeyd edilən sorğudan sonra məcburi köçkünlər tərəfindən könüllü imzalanır. Amma qayıdışla bağlı işlərin intensiv şəkildə aparılmasına baxmayaraq, müəyyən narahatlıqlar da hökm sürür. Proseslərin ləng getdiyi yönündə ara-sıra fikirlərə rast gəlirik.

İran nüvə proqramı üzrə danışıqlarda iştirak edəcəkmi? – Sədrəddin Soltan  şərh edir - 06.08.2021, Sputnik Azərbaycan

Sədrəddin Soltan 

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan bu prosesin asan getmədiyini önə çəkərək, hər kəsi səbirli olmağa çağırdı: “Qarabağda görülən işləri nəzərə alsaq, Böyük Qayıdış prosesinin qənaətbəxş olduğunu deyə bilərik. Çünki Qarabağda işğal altında olan bütün yaşayış məntəqələri, evlər, inzibati binalar, uşaq bağçaları, təhsil ocaqlarının binaları, xəstəxanalar və s. darmadağın edilib. Bütün bunları tikib bərpa etmək lazımdır. Ona görə də hazırda bu istiqamətdə işlərin getməsi üçün ilk növbədə, ərazilər minalardan təmizlənməlidir. Bəzən deyirlər ki, mina xəritələri var. Bəlkə də bu doğrudur. Ancaq zənn etmirəm ki, ermənilər minaları xəritələrlə basdırıblar. Odur ki, əvvəlcə işğaldan azad edilən ərazilər həm də minalardan təmizlənməlidir. Qarabağda görülən işlər, elektrik xətlərinin çəkilməsi, yolların tikilməsi, tunellərin çəkilməsi və bölgəyə insanların səfər etməsi onu deməyə əsas verir ki, yerli sakinlərin Qarabağa qayıdacağı vaxt uzaqda deyil. Proseslərin ləng getdiyini demək bir az ədalətsiz olar. Çünki bayaq dediyim kimi, minalardan ərazilərin təmizlənməsi, yol tikintisi və digər görülən işlər onu deməyə əsas verir ki, bunlar elə də sadə və asan iş deyil. Bu proses səbr və maliyyə resursu tələb edir. Ona görə də Azərbaycan hakimiyyəti hər iki məsələni tənzimləməklə Böyük Qayıdışı tezləşdirmək istiqamətində fəaliyyət göstərir. Əgər o bölgələrə yerli sakinlər köçürülməzsə, onun təhlükəsizliyində problem yaranar. Bu və başqa bu kimi məsələlər baxımından qayıdışın tezləşməsi vacib məsələdir. Təhlükəsizliyin təmin olunması ilkin şərtlərdən biridir. Yeni tikintilərin olması da vacib şərtlərdən biridir. Bütün bunlar bir ildə həll olunası məsələ deyil”.

Müsahibimiz Ali Baş Komandanın Suqovuşan çıxışına da toxundu: “Prezident İlham Əliyev builki Novruz bayramı münasibətilə müraciətində də çox maraqlı bir məsələyə toxundu. Hər Novruz bayramını işğaldan azad olunmuş bir yaşayış məskənində, ərazidə qarşılamaq və orada tonqal qalamaq əslində Böyük Qayıdışın tonqalıdır. Yəni ötən il Şuşada qalanan tonqal da qayıdışın tonqalıdır. Bu il isə Suqovuşanda tonqalın qalanması bura qayıdışın göstəricisidir. İndiki vəziyyətdə Qarabağda əhalini o vəziyyətdə hara yerləşdirmək olar? Bilirsiniz, alpinistlər zirvəyə qalxanda ayaqlarını təsbit etməmiş o biri addımlarını atmırlar. Ona görə də, Qarabağa qayıdış, eləcə də orada təhlükəsiz oturmaq, əbədi yaşamaq üçün mütləq təhlükəsizlik məsələləri addım-addım təmin olunmalıdır. Odur ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərin hər birində qayıdış tonqallarının qalanacağı günlər uzaqda deyil. Prezidentin qayıdışla bağlı müraciətdə bu məsələni vurğulaması çox önəmlidir. Bu perspektiv üçün çox mühüm bir məsələdir. İdman dinc dövrün və humanitar sahənin göstəricisidir. Bölgədə idman kompleksinin salınması onu göstərir ki, Azərbaycan artıq o ərazilərə qayıdıb. Proses daha təmkinlə, daha əhatəli və əzmlə davam edir. İşğaldan azad edilən bölgələrdə tonqalların qalanması həm də qayıdışın rəmzidir. Böyük Qayıdışdan sonra bu tonqallar gələcəkdə hər həyətdə qalanacaq. O gün uzaqda deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR