İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağa istənilən statusu vermək...” - İrəvanın xülyası

Brüssel görüşündən sonra  erməni rəsmiləri Qarabağa status mövzusunu yenidən aktuallaşdırmağa cəhdlər edirlər

“Status məqsəd deyil, oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir”. Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında dövlət büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı belə deyib. Onun sözlərinə görə, əgər əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, status bundan yaranan bir məsələdir: “Bildiririk ki, bu vəziyyətdə status məqsəd deyil, bir vasitədir. O, Qarabağdakı ermənilərin hüquqlarını, azadlıqlarını və təhlükəsizliyini təmin etməlidir. Bu, beynəlxalq ictimaiyyət üçün başa düşülən münasibətdir. Amma çox mühüm bir məsələ də var.

Ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status bizim üçün real həll yolu hesab edilməlidir".

Hökumət başçısı əlavə edib ki, bu gün Ermənistan qonşuları ilə tam hüquqlu sülhün və regionda sabitliyin bərqərar olması yolu ilə getməyə çalışır.

Beləliklə, Paşinyan yenə ikibaşlı danışıb və bu dəfə “istənilən status” ifadəsini işlədib. Yada salaq ki, son Brüssel görüşündən sonra da erməni rəsmiləri Qarabağa status mövzusunu yenidən aktuallaşdırmağa cəhdlər edirlər. Hətta belə iddialar vardı ki, guya Bakı Qarabağa mədəni muxtariyyət təkliflərinə soyuq baxmır. Amma bu iddialar təsdiqlənmədi. İndi isə Paşinyan Bakını çox da qıcıqlandırmadan bu mövzunu parlamentdə gündəmə gətirərək, yenidən ermənilərin təhlükəsizlik məsələsindən danışıb. Paşinyan bu açıqlaması ilə nə demək istəyir? Qondarma status mövzusunu niyə indi yenidən gündəmə gətirməyə cəhd edirlər?

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan baş naziri status sözünü müəyyən bir kontekstdə, özü də qorxa-qorxa istifadə edir. Məqsəd onda, ibarətdir ki, daxili auditoriyanın müəyyən hissəsini razı salsın: “Nikol Paşinyan çox gözəl bilir ki, Azərbaycan birmənalı olaraq mövqe qoyub ki, status məsələsi bitib. Prezident İlham Əliyev  bəyan edib ki, şifahi razılaşmaya əsasən, heç kəs status haqqında danışmamalıdır. Artıq danışıqları təşkil edən vasitəçilər də status sözünü dilinə gətirmir. Paşinyanın status sözünü o şəkildə işlətməsinin isə səbəbini qeyd etdik. Azərbaycan torpaqları işğal altında olanda rayonların qaytarılması şərti ilə ermənilərə hər hansı statusun verilməsi ilə razılaşmadı. İndi Azərbaycan həmin rayonlarını azad edib, qalib ölkədir, belə vəziyyətdə şübhəsiz ki, hər hansı status verilməsindən söhbət gedə bilməz. Heç bir beynəlxalq oyunçu və ya vasitəçilər Azərbaycanı buna vadar eləyə bilməz. İkincisi, ümumiyyətlə, artıq ”Dağlıq Qarabağ" inzibati ərazi vahidi kimi də yoxdur. Azərbaycan rəsmi şəkildə bu əraziləri ilə bağlı da inzibati dəyişikliklər edib. Status verilməsinin hüququ baxımdan da perspektivi mümkün deyil. Ona görə ki, konstitusiyamız buna imkan vermir. Yəni hansı tərəfdən baxsaq, Paşinyanın status məsələsindən danışması utopiyadır. Sadəcə olaraq, erməni cəmiyyətini sakitləşdirmək üçün dilə gətirilən fikirlərdir".

Politoloq qeyd etdi ki, Azərbaycan tərəfi erməni vətəndaşlarının təhlükəsizliyinin və hüquqlarının qorunacağını ən yüksək səviyyədə dəfələrlə bəyan edib: “Azərbaycan Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün  vətəndaşların milli, dini mənsubiyyətindən asılı olmayaraq hamısının hüquq və azadlıqları bərabərdir. Azərbaycan dövləti bütün vətəndaşlarının hüquqlarını qoruyur. Azərbaycan qanunvericiliyində hər hansı bir etnik qrupa fərqli hüquq və azadlıqlar verilməsi nəzərdə tutulmur. Hər bir vətəndaş üçün eyni hüquq və azadlıqlar nəzərdə tutulub. Qarabağda yaşayan ermənilərin Azərbaycan ərazisində yaşayan başqa heç bir millətdən üstünlüyü yoxdur və ola da bilməz”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR