İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”a nə olub?

Rəqiblərimiz “Tottenhem” oyunçularının qiyməti 777, “Lion” 238, “Ayaks” 219, “Olimpiakos” isə 109 milyon avrodur-siz də deyirsiz, niyə uduzuruq?

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində oyunlarını başa vurdu. Niderlandın "Ayaks", İngiltərənin "Tottenhem", Yunanıstanın "Olimpiakos", İsveçin "Malmö", Norveçin "Budyo Qlimt", Rumıniyanın FCSB və İsveçin "Elfsborq" komandaları ilə üz-üzə gələn “Qarabağ” cəmi 3 xal topladı. 

5e4a7dee-6291-3819-8fd1-3675b30eca74_850.jpg (172 KB)

Çempionlar Liqası mərhələsində iki oyunda Zaqreb "Dinamo"suna 5 top fərqi ilə uduzandan sonra mən şəxsən Avroliqada növbəti mərhələ şansımızı minimum qiymətləndirirdim, həm yeni format, həm güclü klublarla yarışmaq asan olmayacaqdı. Amma düzü, bu qədər zəif (36 klub arasında sonuncu yer) nəticə də gözləmirdim. Çünki daha güclü rəqiblərlə "Ayaks", "Lion", "Malmö" və FCSB ilə Bakıda oynayacaqdıq və son iki komandadan ev oyununda 6 xal qoparacağımıza ümid vardı.  "Tottenhem" və "Olimpiakos"la səfərdə 1 qal qazanmaq şansa bağlı ola bilərdi, amma hesablama görə, Norveç("Budyo Qlimt") və  İsveç ("Elfsborq") səfərlərindən də qalibiyyətlə dönmək mümkün ola bilərdi. Yəni “Qarabağ” ən yaxşı halda turnirə yolunu davam etdirmək üçün 12 xal toplaması şərt idi. Zənnimcə, optimist əksəriyyət də bu hesablamanı aparmışdı və məyusluğun bir səbəbi də bu hesablamaların doğrulmamasıdır. 

 1738313321679c8e69ce4795.26514984.jpg (322 KB)

Bəs niyə “Qarabağ” bu dəfə zəif çıxış etdi? Fəlsəfi düşünsək, Azərbaycan ərazi suverenliyini tam bərpa etdikdən sonra bəlkə, bu klub da öz döyüşkənlik missiyasını başa vurmuş sayır, indi daha rahat, azarkeş basqısı olmadan oynamağa üstünlük verir. Anlamaq olar, "Qarabağ" işğal illərində bizə ümid oldu, Avropada tanındı, erməniyə gözdağı oldu, bunu heç vaxt unutmaq olmaz. Qurban Qurbanov aradan hansısa yorğunluqdan da danışır ki, bu da anlaşılandır. Bilinən başqa səbəblər də var ki, onlar haqda isə yenidən söz açmağın mənası yoxdur. Həftəsonu Azərbaycan da daxil digər liqaların oyunlarına baxırıq, fərqləri görürük. Həm klubların oyun üslubuna, həm oyunçulara, həm stadionlardakı atmosferə baxanda ““Qarabağ” niyə uduzur?” soruşmağa adamın dili gəlmir. 

2024-ci klubların oyunçulara xərclədiyi siyahıya baxdım.  Rəqiblərimiz “Tottenhem” ötən il  transferə 777, “Lion” 238, “Ayaks” 219, “Olimpiakos” isə 109 milyon avro xərcləyib. “Qarabağ” bu klublarla oynayır və biz hələ istəyirik ki, onlara qalib də gələk? İnsafınız olsun...  

thumb856_20250129124554018.jpg (94 KB)

“Qarabağ”ın transfer üçün nə o qədər pulu var, nə o qədər pulu olsa da xərcləməyəcək ağılı. Bu yerdə mütləq qeyd edim ki, "klub rəhbərliyi transferə pul xərcləmir" ittihamlarını heç vaxt bölüşmürəm. Avropada transfer siyasətini azarkeşlərin ağlına və tələbinə uyaraq aparan klub yoxdur, ağlınız "qoca brendlər"i Ərəbistan klublarına yığanlara getməsin... "Qarabağ" da bu baxımdan transfer siyasətində pis-yaxşı doğru bildiyini edir. Yəni “Qarabağ” Avropada 5-6 klubla oynamaq üçün hansı futbolçular alsın ki, onlar həm milli çempionatda darıxmasınlar, həm Avropada oynasınlar. Belə oyunçunu tapmaq çətindir. Kadi transfer olarkən yazmışdım, indi  Juninyo getdikdən sonra da yeri var. “Qarabağ” sanki “futbolçu istixanası” kimidir. Qurban Qurbanov xaricdən gətirilən oyunçunun əyər-əskiyinin düzəltmək üçün aylarla əziyyət çəkir, əməyi bəhrə verəndə də...transfer edirlər. Bir az da Şuşa-Ağdam  zarafatdır bu... 

maddison-and-bissouma-spurs2023-24_7w169rus0qzuzpz8mk10vfhj.jpg (160 KB)

Bütün dünyada klublar bir-birlərindən oyunçular alır, hətta kirayə də verirlər. Amma ““Qarabağ”dan oyunçu alırlar, buna sevinməliyik” deyirlər, bu doğru deyil.  Anlaşılmaz sevinc çağırışdır. Niyə Junionyonun getməsinə məsələn, azarkeş sevinməlidir? Guya gedib “Qarabağ” haqda xoş xatirələrin danışmasının, dolmanı-kababı tərifləməsinin bizə nə faydası? Klubun transferdən pul qazanmasına azarkeş qarşı çıxa bilməz, bu onların daxili siyasətidir. Hansı oyunçunu satıb hansı oyunçunu almaq da eləcə. Bəllidir ki, indi “Qarabağ” növbəti Avropa turniri üçün oyunçu axtarışındadır. Hansı ölkənin liqalarından oyunçu gətirə biləcəkləri də aşağı-yuxarı bəllidir. O da gəlib iki-üç Avropa turnirdə məşhurlaşacaq, diqqət çəkəcək, sonra o da gedəcək və sairə...

1738273692679bf39c912427.88817503.jpg (247 KB)

“Qarabağ”ın heyətində dəyişikliklər vacibdir, bunu Qurban Qurbanovdan yaxşı bilən yoxdur.  Bizim azarkeş olaraq təkliflərimiz ola bilər, amma heç biri də gerçəyi əks etdirməz. Məsələn, azarkeş olaraq deyə bilərik ki, klubdakı geriləməyə səbəb oyun sistemində dəyişiklik ola bilər. "Qarabağ" əvvəlki kimi oynamır" deyənlər, həm də onu nəzərdə tuturlar ki, klubun stratejisi hücumdan, rəqibə pressinqdən "dişsiz futbol" a keçib, son iki oyunda künc zərbəsindən 4 qol buraxıb. "Qarabağ" əvvəl heç bir rəqibdən çəkinməz, riskli oynayar, hücuma getməkdən zövq alar, azarkeşə xoş anlar yaşadardı.                  

Ümid edək ki, "Qarabağ" yeni Avropa sezonunda bizi yenə sevindirəcək. Zatən, başqa klubdan hələ belə gözləntilər yoxdur.  Həm də “Qarabağ” bir ayrı hekayədir...                       
Nazim SABİROĞLU, 
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR