Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda İslam istiqrazlarının - sukukun tətbiqi üçün hüquqi və tənzimləyici çərçivə hazırlanır. Layihə Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İslam İnkişaf Bankı İnstitutu (IsDBI) tərəfindən İslam maliyyəsi qrantı hesabına həyata keçiriləcək. Layihə çərçivəsində Azərbaycanda sukuk və digər İslam maliyyə məhsullarının buraxılışını tənzimləyən qanunvericilik bazası hazırlanacaq, maliyyə institutlarının risklərin idarə olunması sahəsində potensialı gücləndiriləcək, İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq mexanizmi yaradılacaq və yekunda ölkənin ilk sukuk emissiyası həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanın kapital bazarının hazırkı vəziyyəti qiymətləndiriləcək, Malayziya, İndoneziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin təcrübəsinə əsaslanan benchmark araşdırması aparılacaq. Daha sonra Milli Sukuk Çərçivəsi, Şəriət və korporativ idarəetmə qaydaları hazırlanacaq. Bununla bağlı tədbirlərin icrası 15 ay müddətində həyata keçiriləcək.
Mərkəzi Bankdan qeyd edilib ki, bu təşəbbüs Azərbaycanın maliyyə sektorunda ilk dəfə İslam istiqrazlarının tətbiqini təmin etməklə, kapital axınını artırmağa, investor bazasını genişləndirməyə və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, Azərbaycanda İslam maliyyə alətlərinin tətbiqi məsələsi uzun illərdir müzakirə olunsa da, indiyədək real addımlar atılmamışdı. Yalnız 2024-cü ildə Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Maliyyə sektorunun inkişaf Strategiyasında bununla bağlı hüquqi çərçivənin yaradılması öhdəliyi qoyulub. Yaxın 2 ildə investisiya şirkətləri yeni məhsul olan sukukun tətbiqinə nail olacaqlar.
Qeyd edək ki, islam maliyyə sisteminin əsasını şəriət qanunları təşkil edir. Ənənəvi maliyyə sistemindən fərqləndirən əsas cəhət faizin olmamasıdır, yəni faizsiz kreditlərin verilməsidir. Bu sistemdə faiz anlayışı yoxdur, əvəzində “mənfəət marjası” (profite rate) adlı yanaşma var. Elə buna görə də islam bankçılığının nüfuz göstəricisi də onun həm faizsiz, yaxud halal olması, həm də ucuz və sərfəli şərtləri ilə bağlıdır.
İslam maliyyə sisteminin əsaslandığı şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir.
Dünyada, xüsusilə də Malayziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, ABŞ, Bəhreyn, Qatar və Böyük Britaniya kimi ölkələrdə İslam kapital bazarları və maliyyə institutlarının artımı hiss olunur.
İslam bankçılığının şəriətdən doğan bir neçə cəhəti var ki, bu cəhətlər onu adi bankçılıqdan fərqləndirir. Belə ki, İslam bankçılığında bütün alqı-satqı və kirayə əməliyyatları yalnız real, göz qabağında olan aktivlərə əsaslanır. Bu növ bankçılıqda faizlər (ərəbcə “Riba”) qadağandır.
İslam maliyyə sistemində tütün və alkoqol məhsullarına, qeyri-halal mallara, silahlara sərmayə qoymaq və onların ticarətini aparmaq olmaz. Qumar və şəriətə zidd olan başqa bank və maliyyə sahələrinə də sərmayə qoymaq və oradan gəlir götürməyə çalışmaq qadağandır.
İslam maliyyəçiliyini fərqləndirən maraqlı cəhətlərdən biri də hər hansı risklərdən yan keçə bilmək üçün mal və xidmət bazarlarında həyata keçirilən bütün əməliyyatların şəffaf və açıq olmasının vacibliyidir.
Yuxarıda sadalananlara rəğmən, bazar iqtisadiyyatı ilə ziddiyyət təşkil etməməsi və bazar iqtisadiyyatı şəraitində normal fəaliyyət göstərə bilməsi İslam maliyyə sistemini, xüsusilə İslam bankçılığını cəlbedici edir və ona tələbat təkcə müsəlman ölkələrində yox, Qərb ölkələrində də artır.
İslam maliyyəsinin yeganə iştirakçıları İslam bankları deyil. Onlardan başqa ənənəvi banklarda olan İslam pəncərələri, digər İslam maliyyə institutları, İslam Kapital bazarları, məsələn, investisiya bankları və s., habelə İslam sığortası (ərəbcə “Takaful”) da mövcuddur.
İslam bank institutlarının fəaliyyətini tənzimləyən beynəlxalq qurumlar da var.
Bunlardan 2002-ci ildə Malayziyada yaradılmış İslam Maliyyə Xidmətləri Şurası (IFSB), əsası 1991-ci ildə Bəhreyndə qoyulmuş İslam Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) və 1975-ci ildə yaradılmış İslam İnkişaf Bankını nümunə göstərmək olar.
Maraqlıdır ki, artıq şimal qonşumuz Rusiyada İslam bankçılığının tətbiqinə başlanıb. 2023-cü il sentyabrın 1-dən Rusiyanın dörd regionunda - Başqırdıstan Respublikası, Tatarıstan Respublikası, Çeçenistan Respublikası və Dağıstan Respublikası ərazisində tərəfdaş (islam) maliyyələşdirmə üzrə layihəyə start verilib. Pilot sayılan layihə iki il - 2025-ci il sentyabrın 1-dək davam edəcəkdi, artıq onun davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsinə qərar verilib.
Rusiya Mərkəzi Bankından verilən açıqlamada bildirilir ki, qurum İslam bankçılığında “iqtisadiyyatın kreditləşdirilməsinin və maliyyə sektorunun inkişafı üçün böyük imkanlar” görür. Bundan əlavə, hesab olunur ki, İslam bankçılığının hüquqi qeydiyyatı müsəlman ölkələrindən Rusiyaya BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və digər İslam ölkələrindən böyük investorları cəlb edə bilər.
Azərbaycanın ilk tətbiq etməyə hazırlaşdığı Sukuk İslam maliyyəsinə uyğun olaraq sabit gəlirli ənənəvi istiqrazlara alternativ olaraq istifadə edilən, müsəlman ölkələrində yayılmış bir maliyyə sertifikatıdır. Bu sertifikatlar, investorlara müəyyən bir aktivin (məsələn, bir layihənin və ya bir əmlakın) gəlirindən pay almaq imkanı verir, lakin faiz (riba) qadağan olduğu üçün gəlir faiz deyil, aktivdən əldə olunan mənfəət və ya icarə ödənişi şəklində olur.
Beləliklə, sukuk hər hansı bir aktivdə, məsələn, binada, avadanlıqda mülkiyyət hüququna əsaslanır. Sukukun ən geniş yayılmış növlərindən biri mudarabah sukukudur. Bu, mənfəətə və zərərə şərik prinsipi ilə tətbiq olunan maliyyələşmə üsuludur. Bu zaman bir tərəf proyekti tamamilə maliyyələşdirir, digər tərəf isə biznesin idarə edilməsini həyata keçirir. Belə halda maliyyələşdirən tərəf Rabbul-Mal (investor), digər tərəf isə Mudarib (Manager) adlanır. Şəriklik payları əvvəlcədən müəyyən olunur. Uğursuzluq halında maliyyələşdirən tərəf tamamilə kapitalını itirir, mudarib isə yalnız vaxtını və tətbiq etdiyi əməyi itirir.
Muşarakah Sukukun hər iki tərəfi maliyyələşmədə iştirak edir.
İcara sukuku hər hansı bir aktivə - daşınmaz əmlaka mülkiyyət və rental gəlirlər əldə olunması hüququnu verən sukuk növüdür. İcara sukuku İslam kapital bazarlarının sabit gəlir vəd edən alətlərindəndir.
Murabaha Sukuku - burada emitent malın satıcısı, sukuka abunə yazılanlar malın alıcısı, reallaşdırılmış nağd vəsaitlər isə malın alış qiymətidir. Sukuk sahibləri malın mülkiyyətçiləridir və bu da həmin malın növbəti satışı zamanı yaranan gəliri mənimsəməyə hüquq verir. Murabaha zamanı ilk satış nağd ödənişlə, ikinci satış isə hissəli ödənişlə həyata keçirilir. Bu iki satış eyni tsikldə baş verir və sonuncu alış üzrə borc yaradır. Borcu təmsil etdiyi üçün də bu sukukların təkrar fond bazarında tranzaksiyası bütün məzhəblərin ittifaqına görə haramdır. Bu müddəa qlobal miqyasda İslam Maliyyə İnstitutları üçün audit/maliyyə/mühasibatlıq standartlarını müəyyənləşdirən AAOIFI-nın (Accounting and Auditing Organisation for Islamic Financial Institutions) müvafiq standartında da əks olunub. Murabaha sukuku sabit gəlir vəd edən İslam maliyyə alətlərindəndir.
Salam sukuku satıcının məhsulu nağd ödəniş qarşılığında gələcəkdə müəyyən olunmuş bir tarixdə alıcıya çatdırmasını nəzərdə tutan satış növüdür. Salam Sukukunun sahibləri malın mülkiyyətçiləridir və bu da həmin malın növbəti satışı zamanı (paralel salam) yaranan gəliri mənimsəməyə hüquq verir. Salamın ilkin satıcı üçün üstünlüyü ondan ibarətdir ki, gəlirlərini əvvəlcədən əldə edir. İlkin alıcı üçün isə üstünlüyü ondan ibarətdir ki, bu müqavilə üzrə məhsulun qiyməti onun normal bazar qiymətindən aşağı olur. Salam kənd təsərrüfatı məhsullarının inkişafının stimullaşdırılması üçün çox əlverişlidir.
İstisna sukuku salamdan əsasən tikintisi tələb olunan məhsulların tranzaksiyası zamanı istifadə olunması ilə fərqlənir. Böyük tikinti proyektlərinin həyata keçirilməsi üçün çox əlverişlidir. Ərəb dövlətlərində də bu istiqamət üzrə geniş istifadə edilir.
Sukukların mövcudluğu artıq dünyanın müxtəlif yerlərindən nəhəng investorları cəlb edib. Sukuk vasitəsilə dünyanın müxtəlif yerlərində xüsusilə ərəb dövlətlərində böyük infrastruktur layihələri (körpülər, aeroportlar, şoselər, limanlar və s.) həyata keçirilir.
Qeyd edək ki, qlobal sukuk bazarı 2012-ci ildə 229 milyard dollardan 2021-ci ildə 775 milyard dollara çatıb. Son dövrlərdə isə 1 trilyon dolları ötüb. Sukuk bazarında orta hesabla illik 14,9 faiz inkişaf göstəricisi mövcuddur.
Yuxarıda da qeyd etdik ki, sukukun maliyyə aləti kimi çox geniş bir tətbiq sahəsi var. Azərbaycan iqtisadiyyatı isə hazırda investisiyalara kəskin ehtiyac duymaqdadır - dövlət investisiya qoyuluşları azalır, özəl investisiyalardakı artım tempi onu kompensasiya edə bilmir. Buna görə də islam maliyyə alətlərinin tətbiqi bu sahədə tələbatın ödənməsində mühüm rol oynaya bilər.
Əkrəm Həsənov
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənova görə, Azərbaycan İslam maliyyə alətlərinin tətbiqində xeyli gecikib: “Müsəlman əhalisi olan ölkədə İslam qaydaları ilə investisiya etmək, vəsait əldə etmək istəyən şəxslər, biznes kifayət qədərdir. İndiyədək adi banklara vəsait qoymaq istəməyən insanların qazanc əldə etmək üçün öz vəsaitlərini hara yönəltdiklərini biz bilmirik, dövlət üçün də onları izləmək çətindir. İslam maliyyə alətləri bu sahədə şəffaflıq yaradacaq. Bu baxımdan, prosesin başlanması çox mühüm addımdır. Sukukun tətbiqindən başlanması isə gözlənilən və düzgün seçimdir, çünki ölkə iqtisadiyyatında investisiya ehtiyacları sürətlə artır. Onun tətbiqi ilə iqtisadiyyatın ən prioritet sahələrində böyük layihələrə vəsait cəlb etmək mümkündür. Sukukda əsas məsələ şəffaflıqdır: həm onu buraxan, həm də alan tərəf üçün”.
Eldəniz Əmirov
İqtisadçı Eldəniz Əmirova görə, sukuk dövlət-özəl tərəfdaşlığına əsaslanan layihələrin maliyyələşdirilməsi üçün effektiv alət ola bilər: “Ona görə ki, sukukda investora konkret olaraq aktivin gəlirlərinə bağlıdır. Dövlət-özəl tərəfdaşlığı ilə enerji, yol, sənaye parkları kimi aktivlərə sukuk vəsaitəsilə vəsait cəlb etmək olar. Bu, dövlət və özəl sektorun riskləri bölüşməklə uzunmüddətli layihələr icra etməsinə şərait yaradar. Düşünürəm ki, sukukla ölkəmizə investisiya qoymağa daha çox ərəb investorları maraq göstərə bilərlər. Çünki onlar bu sahəni bilirlər, təcrübələri, özü də çox uğurlu təcrübələri var”.
Dünya SAKİT,
“Yeni Müsavat”
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ