Onlayn ictimai-siyasi qəzet
Sankt-Peterburqda Rusiya, İran, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlarının görüşü olub. Görüşdə Xəzər dənizində əməkdaşlıq, regional təhlükəsizlik və birgə təlimlər kimi məsələlər müzakirə edilib.
Təhlilçilərə görə, İran Hərbi Dəniz Qüvvələri komandanı Şahram İranin Sankt-Peterburqa səfəri təkcə Xəzər dənizindəki texniki əməkdaşlıq məsələləri ilə bağlı deyildi. Unutmaq olmaz ki, İran və Rusiya son illərdə xüsusilə Xəzər istiqamətlərində hərbi əməkdaşlığı dərinləşdiriblər. İki ölkənin donanmaları bir neçə dəfə birgə təlimlər keçirib, qarşılıqlı liman səfərləri təşkil olunub. Sankt-Peterburqdakı bu görüş də həmin xəttin davamıdır, lakin bu dəfə daha gərgin və təhlükəli beynəlxalq kontekst fonunda baş verir.
Musavat.com-a görə, iki rejimin yaxınlaşması regionda balansın pozulması riskini artırır. Xüsusilə də, Azərbaycanla Rusiya və İran arasında sərhədlərin kəsişdiyi geosiyasi məkanda belə hərbi koordinasiya təşəbbüsləri diqqətlə izlənilməlidir. Tarixi nümunələr göstərir ki, regionda gərginlik artdıqda Rusiya və İran hərbi təlimlər vasitəsilə güc nümayişi edir. Məsələn, bu ilin yayında İranla Rusiya arasında Xəzər dənizində birgə təlimlər keçirilib. Rusiya ötən ay da gözlənilmədən Xəzərdə təlimlərə başlamışdı. Bəllidir ki, Xəzərdə Rusiyanın çox böyük hərbi dəniz donanması var. Özü də sovet dövründə saxlanılan hərbi qüvvələr kiçik donanma hesab olunurdusa, Xəzərdə Rusiyanın saxladığı dəniz donanması çoxdan bütün parametrlərinə görə hərbi dəniz donanmasının göstəricilərinə malikdir. Rusiya Xəzər üzərindəki hərbi nəzarəti bütövlüklə öz üzərinə götürmək iştəhasındadır.
Rusiya və İran bu cür hərbi manevrlərlə guya sıx əməkdaşlıq görüntüsü yaratmağa çalışır. Lakin əslində tərəflər arasında artan inamsızlıq, geosiyasi ziddiyyətlər və qarşılıqlı məyusluq var.
Xatırladaq ki, 2018-ci il avqustun 12-də Xəzərin statusuna dair Konvensiya imzalanıb. Bu sənəd Xəzərin hüquqi statusunu müəyyənləşdirdi və sahil dövlətlərinə (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) dəniz resursları, sərhəd və təhlükəsizlik məsələlərində daha aydın hüquqi çərçivə verdi. Azərbaycan Milli Məclisi 2019-cu ildə sənədi ratifikasiya edib və bununla Konvensiya Azərbaycan üçün hüquqi qüvvəyə minib. Amma İran parlamenti hələ də konvensiyanı ratifikasiya etməyib.
Yeri gəlmişkən, avqustun 22-də Prezident İlham Əliyev Azərbaycanın Xəzərdə gücləndiyi haqda da danışıb. “Biz hərbi gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki, həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, - sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb. Biz hər an müharibəyə hazır olmalıyıq ”-deyə, ölkə başçısı qeyd edib.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”da ölkəmizə qarşı istənilən təhdidin cavabsız qalmayacağını bildirdi: “Xəzər dənizi sahilində yerləşən dövlətlər arasında əməkdaşlıq və təhlükəsizlik məsələlərinin müzakirəsi, şübhəsiz ki, regional sabitlik baxımından önəmlidir. Lakin son vaxtlar müşahidə olunan proseslər, xüsusən də Rusiya və İranın hərbi təlimləri əməkdaşlıq görüntüsündən daha çox güc nümayişi xarakteri daşıyır. Bu cür təşəbbüslər Xəzərdə balansın pozulması riskini artırmaqla yanaşı, Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə yönəlmiş təhdidlər kontekstində də diqqətlə izlənilməlidir. Rusiya və İran tarixən Xəzər və Cənubi Qafqaz kontekstində geosiyasi rəqabət edən tərəflər olduğu üçün bu iki dövlətin yaxınlaşması situativ maraqlar üzərindən inkişaf edir. Məsələ Xəzər hövzəsinə yaxınlaşmaqdırsa, burada əsas məqsəd Azərbaycan, Qazaxıstan, Türkmənistan və daha geniş spektrdə Orta Asiya xəttində inkişaf edən dinamikliklə bağlıdır. Yəni bu istiqamətdə iqtisadi-ticari və enerji əməkdaşlığının dərinləşməsi, Rusiya və İrandan yan keçən iqtisadi marşrutların aktivləşməsi Moskva-Tehran cütlüyünü narahat edir. Məhz bu səbəbdən hər iki ölkə çəkindirmə metodlarını işlək mexanizmə çevirmək cəhdləri edir. Azərbaycan dövləti müstəqilliyini, ərazi bütövlüyünü və enerji təhlükəsizliyini qorumaq gücünə malikdir. Ölkə başçımız cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ordumuzun, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin, xüsusilə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının gücləndirilməsi Azərbaycanın istənilən aqressiyaya adekvat reaksiya vermək gücünü formalaşdırır. Bu, sadəcə, müdafiə potensialının artırılması deyil, eyni zamanda regionda sabitliyin təminatına töhfədir.
Xəzərin hüquqi statusunu müəyyən edən 2018-ci il Konvensiyası Azərbaycanın mövqeyinin və beynəlxalq hüquqa sadiqliyinin göstəricisidir. Azərbaycan bu sənədi ratifikasiya etməklə sahil dövlətləri arasında əməkdaşlığın hüquqi əsaslarını dəstəklədiyini nümayiş etdirib. Təəssüf ki, İran parlamentinin hələ də konvensiyanı ratifikasiya etməməsi bu istiqamətdə suallar doğurur.
Azərbaycanın Xəzərdə böyük iqtisadi maraqları və beynəlxalq tərəfdaşlıqları mövcuddur. Burada həyata keçirilən enerji və nəqliyyat layihələri yalnız ölkəmizin deyil, həm də regionun və Avropanın təhlükəsizlik maraqlarına xidmət edir. Bu baxımdan, müttəfiq Türkiyə başda olmaqla, dost dövlətlərin, eləcə də Qərb tərəfdaşlarının Azərbaycanın yanında olması strateji zərurətdir.
Biz bir daha bəyan edirik ki, Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş hər hansı təhdid cavabsız qalmayacaq. Ölkəmiz müstəqil siyasətini davam etdirəcək, Xəzərdə və bütövlükdə regionda sülhün və təhlükəsizliyin hər zamankı kimi təminatçısı olacaq".
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev hesab edir ki, münasibətlərdə müəyyən gərginlik zatən çoxdan var: “Yəni belə hesab edə bilərik ki, Azərbaycan və Qazaxıstan eyni mövqedən çıxış edəcək. Amma Rusiya və İranın sona qədər bir mövqedə olacağı inandırıcı deyil. Rusiya çox istəyir ki, Xəzər vasitəsilə təsir və təzyiq etsin. Dediyim kimi, bu istək onlarda çoxdandır ki, var. Amma indiyədək nə ediblər ki, bundan sonra da edə bilsinlər. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi gedişatında ölkənin müxtəlif yerlərində quruda, dənizdə hərbi təlimləri tez-tez keçirir. Bu da informasiya müharibəsində Rusiyanın əvvəlki kimi güclü hərbi potensialının olması təbliğatına hesablanıb. Sankt-Peterburqda olan görüş vasitəsilə də Xəzər dənizində proseslərə özünün nəzarət etdiyini göstərməyə çalışır. Amma dediyim kimi, bunu sıradan bir görüş hesab edirəm. Xəzəryanı dövlətlər olaraq ortada olan münasibətlərə baxmayaraq, bu səpkili görüşlərdə iştirak etmək normaldır. Əsas odur ki, kimsə özünü daha böyük və güclü göstərmək fikrinə düşməsin. Əgər belə olarsa, təbii ki, gələcəkdə hər hansı təmas və görüşlərin olması minimuma enəcək. Hazırda Azərbaycan və Qazaxıstan özlərinin milli təhlükəsizliklərini təmin etmək istiqamətlərində lazım olan addımları atırlar. Xəzər regionunda da bu istiqamətdə addımlar atırlar”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
08 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ