Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Braziliyanın Hərbi Hava Qüvvələri tərəfindən Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"larının oxunması başa çatıb, məlumatlar Qazaxıstanın müvafiq araşdırma qurumlarına təqdim edilib.
Beləliklə, vurulmuş təyyarə ilə bağlı bütün baş verənlərin səbəbləri haqqında məlumatlar Qazaxıstanın hökumət komissiyasındadır.
Bəs Qazaxıstan ədalətli mövqe sərgiləyə biləcəkmi?
"Rusiyanın Qazaxıstan hökumətinə təzyiq göstərəcəyini istisna etmirəm".
Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib.
Politoloqun fikrincə, Moskva çalışacaq ki, Qazaxıstanın Azərbaycan təyyarəsinin vurulmasıyla bağlı mövqeyi yumşaq olsun:
"Ancaq Moskvanı iki çətinlik gözləyir. Birincisi, Qazaxıstan müxtəlif regional təşkilatlarda Rusiya ilə birlikdə üzvlüyünə davam etsə də, Azərbaycanla da strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Buna görə Astananın Kremlin təzyiqləri altında faktları gizlədəcəyi ehtimalı azdır. İkinci məqam təyyarənin vurulmasıyla bağlı beynəlxalq araşdırma komissiyasının fəaliyyətini davam etdirməsidir. Yəni nəyisə gizlətmək mümkün olmayacaq. Üstəgəl, qəhrəman pilotlarımızın sayəsində təyyarə qəza vəziyyətində də olsa eniş edə bilib. Təyyarənin üzərində güllə və mərmiz izləri, o cümlədən sağ qalanların şahid ifadələri var.
Rusiyanın təyyarəmizi vurması faktdır, o da faktdır ki, vurulan təyyarəmizə Rusiya hava limanlarında enməyə imkan verməyiblər. Bu, "qara qutu" açılmadan da bəlli idi".
Xalidə Gəray
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ