Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, TB Musavat-ın canlı yayımında ölkə gündəmini şərh edən Rauf Arifoğlu Ramiz Mehdiyev ətrafında gedən istintaq proseslərinin mərhələləri və növbəti addımlar barədə əhəmiyyətli məlumatlar verib.
Rauf Arifoğlunun sözlərinə görə, Ramiz Mehdiyev barəsində elektron nəzarət tədbiri bu ilin 13 avqustunda Səbail Rayon Məhkəməsinin qərarı ilə tətbiq edilib. İki ay davam edən elektron izlənmədən sonra isə o, ev dustaqlığına keçirilib. Bu isə o deməkdir ki, Mehdiyevin özü və onun yaxın çevrəsində olmaqda şübhəli bilinən şəxslər uzun müddətdir ki, nəzarət və dinləmə altında olublar.
Arifoğlu bildirib ki, istintaqın hazırkı “səssizliyi” prosesin dərinliyi və toplanmış materialların həcmi ilə bağlıdır:
“Əgər istintaq bu qədər məlumat toplamamış olsaydı, Ramiz Mehdiyev ən ağır maddələrlə ittiham olunmazdı. Burada kollektiv iştirak, planlaşdırma və geniş çevrə məsələsi var. Bu iş tək adamlıq deyil.”
Ekspertlərin qiymətləndirməsinə görə, hökumət prosesin ictimai rezonansını, siyasi və sosial fonu da nəzərə alır. Mümkündür ki, səs-küy yarada biləcək həbslərin vaxtı xüsusi seçilir.
Rauf Arifoğlu əlavə edib ki, qarşıdan gələn 8 Noyabr – Zəfər Gününün 5 illiyinin geniş qeyd olunacağı nəzərə alınaraq, sensasion həbslərin bayramdan sonra başlama ehtimalı yüksəkdir:
“Zəfər bayramı dövlətin birliyinin, gücünün simvoludur. Həmin günün fonunda böyük siyasi gərginlik yaratmaq məqsəd deyil. Lakin bayramdan sonra həbslərin olacağı demək olar ki, qəti məsələdir.”
Nəticə olaraq, Ramiz Mehdiyev işində ortaya çıxan ittihamların mahiyyəti və əhatə dairəsi göstərir ki, proses təkcə bir şəxsin deyil, onun illərlə formalaşdırdığı siyasi və inzibati şəbəkənin məsuliyyət məsələsini gündəmə gətirəcək.
Musavat.com müsahibənin həmin hissəsini təqdim edir.
Musavat.com
Musavat.com
26 Oktyabr 2025
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ