İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qara qutu” açıldı, qaldı saxladığı sirr...

Bu gerçəyin üzə çıxması nələri dəyişə bilər?

Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bir neçə mühüm məlumat açıqladı. Prezident Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanıldığını dedi. “Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radio elektron mübarizə (REM) vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radio elektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq. Əminəm ki, yaxın vaxtlarda biz ilkin nəticələri öyrənəcəyik və hər şey öz yerini tutacaq. Baş verən faciənin bütün mənzərəsi də məlum olacaq. Təbii ki, bu, faciənin tam araşdırılması və onun günahkarlarının cəzalandırılması işində mühüm məqam olacaq” deyə, dövlət başçısı bildirib.

Dövlət başçısının vurğuladığı məqam (niyə Aktau?)niyə bu qədər önəmlidir? Aktaunun seçilməsi pilotların qərarıdır, yoxsa dispetçerin? Bu gerçəyin üzə çıxması nələri dəyişə bilər?

Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, “qara qutu”ların tədqiqi bu suallara ən doğru cavabı verə bilər:

1598437062540325292_1200x630.jpg (77 KB)

“Hələlik bilinən budur ki, uçuş zamanı təyyarədə hər hansı bir səbəbdən nasazlıq yaranırsa, belə hallar üçün əvvəlcədən müəyyən olunmuş digər aeroportlara enmək icazəsi olur. Belə aeroportların sayın 3 olur. Təyyarəmiz Qroznı hava limanına eniş edərkən vurulduqdan sonra enmə icazəsi verilməyib. Bundan sonra təyyarə Mahaçqala hava limanına yönləndirilib. Lakin naməlum səbəbdən Mahaçqala hava limanına da təyyarəyə eniş etmək üçün icazə verilməyib. Hər hansı bir ölkənin hava məkanına aviasiya vasitəsi daxil olan zaman o təyyarənin hansı təyinatda olmasını hava hücumundan müdafiə sistemi aydınlaşdıra bilir. Bunu bort nömrəsi ilə aydınlaşdırmaq mümkündür. Hətta həmin dalğaya keçib təyyarənin pilotu ilə danışa bilir və qəbul olunmuş kod əsasında təyyarənin mülki olmasını aydınlaşdırırlar. Bu məsələlərə mütləq aydınlıq gətirilməlidir ki, niyə Rusiya hava hücumundan müdafiə sistemi mülkü təyyarəyə qarşı belə bir addım atıb, atəş açıb?! Bu gün dünyanın bütün ölkələri hava hücumundan müdafiə sistemini avtomat rejimdə deyil, onlayn formada idarə edir.

1736250297_5469668185084128282 (1).jpg (43 KB)

Əgər bu sistem avtonom qərar vermiş olsaydı, hardasa, təyyarənin səhv nəticəsində vurulmasını başa düşmək olardı. Faktiki isə Qroznı da daxil bütün Rusiya ərazisində hava hücumundan müdafiə sistemi avtomat rejimdə deyil, onlayn formada idarə olunur. Belə olan təqdirdə, Rusiya mülki təyyarənin vurulmasına aydınlıq gətirilməlidir. Həm Bakı, həm də Gəncədən Rusiyanın müxtəlif şəhərlərinə aviareyslər həyata keçirilir. Əgər Rusiya tərəfinin hava hücumundan müdafiə sistemində belə bir qeyri-müəyyənlik varsa, reyslər məhdudlaşdırılmalıdır. Hazırda AZAL Rusiyanın bir neçə şəhərinə uçuşları təxirə salıb. Bütövlükdə Rusiya ərazisinə uçuşların dayandırılaması ilə bağlı ictimai tələblər də səslənir”.

Hərbi ekspert qəzalı durumda olan təyyarənin Aktauya yönləndirilməsinin səbəbləri ilə bağlı bir neçə mülahizənin olduğunu deyib: “İlkin mülahizə belədir ki, Rusiya tərəfi təyyarə vurulandan sonra izləri itirmək üçün bu addımı atıb. Düşünüblər ki, təyyarə o durumda çox da uzağa gedib çıxa bilməyəcək və Xəzərə düşüb sularda itəcək. Bununla da təyyarənin vurulması da ört-basdır olunacaq. Digər mülahizə isə budur ki, pilot təyyarəyə Rusiya aeroportlarına eniş izninin verilməyəcəyini, bir daha vurula biləcəyini ehtimal edib və Aktuya istiqamətlənib. Mümkündür ki, pilot Aktau ərazisində çöllüklərin olmasını, qəzalı durumda olan təyyarəni endirmək üçün ən rahat aeroportun orada olmasını bilib deyə o istiqamətə yönəlib. O da istisna deyil ki, təyyarəni dənizə endirmək planı da olub. Təyyarənin dəniz üzərində qalxıb enməsini də dənizə qəza enişi etmə cəhdi kimi qiymətləndirənlər də var. Bu mülahizənin xeyrinə qəzadan sağ çıxan sərnişinlərin ifadələri də var. Hansıda deyilir ki, onlara təyyarə bələdçilərindən xilasetmə jiletlərini geyinmək göstərişi verilib. Dənizə enmə planı olmasaydı, sərnişinlər üçün xilasetmə jiletlərinin, suya düşəndə üzdə qalma üçün nəzərdə tutulan jiletlərin geyinmələri göstərişi də verilməzdi. Sonradan isə sərnişinlərə jiletləri çıxarmaları, qəza enişinə hazır olmaları üçün təlimat verilib. Hər halda “qara qutu”ların tədqiqi və pilot kabinəsində aparılan səs yazılarının təhlili qəza enişi üçün Aktaunun seçilməsinin səbəbini və digər qaranlıq məqamlara aydınlıq gətiriləcək”.

Qeyd edək ki, qəzanın təhqiqatına ICAO Konvensiyasına (Çikaqo Konvensiyası) uyğun olaraq hadisənin baş verdiyi ölkə olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edirlər. “Qara qutu”lar beynəlxalq ekspertlərin iştirakı ilə götürülüb.

Braziliyanın “oglobo.globo.com” saytının yaydığı məlumatda deyilir ki, “qara qutu”lar Braziliya Hərbi Hava Qüvvələri mütəxəssisləri, Braziliyadan olan 3 müstəntiq, audioyazıların transkripsiyasına nəzarət edən Azərbaycan və Rusiya agentləri ilə birgə təhlil olunur. Tədqiqatla bağlı son məlumat qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə göndəriləcək və qəza ilə bağlı Yekun Hesabat dərc olunacaq.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR