İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalib Ordunun qaziləri niyə intihar edir? - komitə yaratmaq təklifi

“Qanunvericilikdə qazilərlə bağlı dəyişikliklər olmalıdır, onların psixoloji pasportları hazırlanmalıdır”

Bütün hallarda - səbəbindən asılı olmayaraq postmüharibə dövründə 36 qazinin intihar etməsi dəhşətli hadisədir. Sanki bu, ABŞ-da “Vyetnam sindromu”, Rusiyada “Əfqan sindromu” adı ilə tanış olan psixoloji problemdir, indi Azərbaycanda onun analoqu yaşanır. Bu cür problemlər isə peşəkar psixoloqların yardımı ilə həll edilir.

Özünü yandırıb, intihar edən sabirabadlı qazi Elvin Cəfərovun ölümü ölkəni silkələdi. Qeyri-rəsmi məlumatlara görə, bu, sayca 36-cı qazi intiharıdır. İndiyədək 35 nəfər qazi də müxtəlif səbəblərdən intihar edib. Yazılanlara görə, onların bir çoxu səbəbsiz, öncədən hər hansı narazılıq bildirmədən - ruhi-psixoloji travmalar səbəbindən canına qıyıb. Bəziləri ağrılara dözə bilməmələri səbəbindən özünə qəsd edib. Bir çoxu isə üzləşdiyi haqsızlıqlara, pensiyasının kəsilməsinə, əlillik ala bilməmələrinə, bir sıra məmurların etinasız münasibətinə etiraz edərək intihar ediblər.

Qazilərimiz müharibədən sonra psixoloqların yardımlarını mütləq almalı idilər. Müharibədən dərhal sonra Türkiyədən bir qrup mütəxəssis bu məqsədlə gətirilmişdi -  lakin sonradan onlar geri qaytarıldılar və görünən budur ki, Azərbaycanın rayonlarındakı qazi qardaşlarımız psixoloq və bu qəbildən olan mütəxəssislərin xidmətindən istifadə edə bilmirlər.

Məhz bu səbəbdəndir ki, müharibədən sonra ölkəmizdə psixoloji travmalı müharibə veteranları çox ağır period keçirdirlər. Bütün hallarda və bunun artan xətt üzrə davam etməsi ciddi tədbirlər görülməsini zəruri, vacib edir.

Əsas təklif isə bundan ibarətdir ki, qazilərin problemlərinin həlli üçün çevik bir qurum, komitə yaradılmalıdır.

Psixoloq Rövşən Nəcəfov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, intihar fərdin ictimaiyyətə münasibətidir: “İntihar qərarı vermiş şəxsin psixologiyasında çoxlu cavabsız suallar formalaşır. Şəxs düşünür ki, intihar etmək onun çıxış yoludur və yaranmış mənzərə dəyişəcək. İnsanların problemə yanaşması fərqli olduğu üçün hər kəs çıxış yolunu da fərqli görür. Bəzən intiharın acizlik olduğu ifadə olunur, amma intihar etmək insan psixikasının acizliyi deyil, onun fikirlərinin əlacsızlığıdır. Əlacsızlıqla acizliyi eyni fikir kimi ifadə etmək uyğun deyil. İnsan intihar etməmişdən əvvəl intihar haqqında düşünür. İntihar insan beyninə fikir toxumu kimi əkilir və fikir olaraq cücərməyə başlayır. Şəxsin intihar edəcəyini bilmək və ya hiss etmək çətindir. Suisidal fikirləri olan insanın ancaq davranışlarını müşahidə edərək müəyyən etmək olar. İntihar halı şəxsin travmalarına bağlıdır. Psixoloji və fiziki travmalar keçirmiş şəxsdə PTSP (Post Travmatik Stress Pozuntusu) müşahidə edirik. Post Travmatik Stress Pozuntusu (PTSP) şəxsin mənəvi böhranına bağlıdır.

Uşaqlarla empatiya qurmalıyıq” - Psixoloq Rövşən Nəcəfov | Yeni Gündəm

Rövşən Nəcəfov

Postmüharibə dövrü psixoloji sindromdur. Müharibənin dəhşətləri insanlarda psixoloji gərginliklər yaradır və uzun müddət adamları müşahidə edir. Müharibə iştirakçısı olmuş şəxslər öz cəsarətlərinin ən yüksək zirvəsini görürlər. Daha sonra gördükləri zirvənin nə qədər qorxunc olduğunu düşünürlər. Faciələrin şahidi olmuş müharibə iştirakçılarının postmüharibə dövründə psixoloji seanslar almaqları vacibdir. Travma almış şəxslər hekayələrini başqaları ilə bölüşməkdən qorxurlar və zamanla keçəcəyini düşünürlər. Psixologiyada isə zaman onu travmasını gündəlik, yəni patoloji hala gətirir".

R.Nəcəfovun fikrincə, post müharibə dövründə insanların mənəvi böhranlardan xilas olmağa ehtiyacı var: “Müharibə iştirakçısı olmuş şəxslərlə psixoloji keyslər hazırlanmalıdır. Müntəzəm olaraq qazilərə psixoloji dəstək göstərilməlidir. Qazilərin psixoloji pasportları hazırlanmalıdır və psixoloji ”Check-up" proqramları müəyyənləşdirilməlidir. Müharibə iştirakçısı olmuş şəxsin psixikasını “norma” olaraq qəbul etməməliyik. Psixikasının güclü olduğunu ifadə edən şəxsi də psixodiaqnostik testlərlə yoxladıqdan sonra “norma” dediyimizi müəyyən edə bilərik.

Cəmiyyət olaraq postmüharibə dövründə müharibə iştirakçıları ilə münasibətlərdə empatiya qurmalıyıq. Onların aqressiv davranışlarına həssaslıqla yanaşılmalıdır. Bəzən mülki insanların fikirləri müharibə iştirakçısı olmuş şəxsləri mənfi emosiyalara təhrik etmiş olur. Sosial şəbəkə platformalarında həssas mövzularda fikirlər ifadə edərkən ekranın digər tərəfində oturmuş insanların psixologiyasını pozmamaq lazımdır".

Milli Dirçəliş günündə ayağa qalxan ataların oğulları bayrağımızı Qarabağa  sancdılar” - Pənah Hüseyn

Pənah Hüseyn

Əslən Sabirabad rayonundan olan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn mövzu ilə bağlı “Yeni Müsavat”a dedi: “İstənilən halda intiharların əleyhinəyəm, qazilərimizi heç bir halda intihar haqda düşünməməyə çağırıram. Öz hüquqları uğrunda mübarizə aparsınlar. Biz də onlara əlimizdən gəlın dəstəyi verəcəyik. Günlərdir ki, qazi Elvin Cəfərovun faciəli ölümünün təsiri altındayam. Ən ağırı odur ki, çoxları bilirmiş ki, qazi icra hakimiyyətinə və digər qazi yoldaşlarına münasibətinə etiraz olaraq özünü yandıracaq, faciənin qarşısını almaq üçün heç nə edilməyib. Yaxınlarına başsağlığı verirəm. Canına qıymasına səbəb olan qatillərə - başqa ad vermək olmaz - nifrətimi, qəzəbimi, hiddətimi ifadə edirəm. Bu hadisənin baş verməsində səbəbkar olan məmurlar ən sərt şəkildə cəzasını almalıdır. Ümumilikdə qazilər, əlilliklə bağlı siyasətə ciddi şəkildə dəyişikliyə ehtiyac var. Bu dəyişikliklər barədə fikirlərimizi, təkliflərimizi səsləndirmişik. Rəsmi olaraq da siyasi partiyaların toplantısını keçirib fikirlərimizi çatdıracağıq”. 

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri, müharibə veteranı Rey Kərimoğlunun mövzu ilə bağlı dedikləri diqqət çəkir: “Azərbaycanda icra strukturlarının idarəetməsində çox ciddi qüsurlar var. Rayon icra hakimiyyətlərindən başlayaraq nazirliklərə qədər idarəetmədə qüsurlar var. İcra strukturları bu insanlarla xüsusi işləməlidir, normal münasibət qurmalıdır. Münasibətlər düzgün qurulmur. Bəzən bir müharibə iştirakçısına hər şey edilir, başqa müharibə iştirakçısına heç nə edilmir. Yəni hansı müharibə iştirakçısı hüquqlarını səsli qaydada tələb edir, ona nə isə verirlər. Kimsə sakit durur, ona heç nə yoxdur. Bəzi müharibə iştirakçıları özlərinə qapanıblar, hüquqlarını tələb etmirlər, onlar da zaman-zaman intihar edir. Ümumi bir qayda yaradılmalıdır ki, bütün müharibə iştirakçıları ilə eyni qaydada münasibət qurulsun. Ümumiyyətlə, şəhid ailələri, qazilər, veteranlar və hərbçilərlə iş üzrə dövlət komitəsi yaradılmalıdır.  İntiharların birinci səbəbi psixolojidirsə, ikinci səbəb yaxşı idarəetmənin olmamasıdır”.

Rey Kərimoğlu: “Qazilərimiz səbrli olsunlar!”

Rey Kərimoğlu

Kərimoğlu Birinci Qarabağ müharibəsinin veteranı olduğunu və döyüş meydanında ağır yaralandığını xatırlatdı: “Birinci Qarabağ müharibəsindən sonra dövlətin müharibə iştirakçılarına kömək etməyə o qədər də imkanı yox idi, amma o vaxt bu qədər intihar halı yox idi. O dövrdə ayda 18-20 dollar miqdarında pensiya alırdıq. O zamanlar 8 ilə 34 müharibə iştirakçısı intihar etmişdi, bu gün isə son iki ildə 36 müharibə iştirakçısı intihar edib. Halbuki bu gün 15 min müharibə iştirakçısına əvəzsiz olaraq ev, minik avtomobili verilib. Bu gün qazilərə 250 dollaradək pensiya verilir. Müxtəlif təminatlar da var. Amma psixoloji məqamlar və idarəetmə məsələləri həll edilmədiyindən intihar halları azalmır, əksinə, çoxalır. Ona görə də Azərbaycanda bu sahədə vahid bir qanunvericilik aktı olmalıdır. Şəhid ailələrinin qanunvericlik aktı ayrıdır, Veteranlar haqqında qanun var, qazilər haqqında bir qanunvericilik aktı yoxdur, onlarla münasibətlər əlillər haqqındakı qanunvericiliklə qurulur. Bir də ayrı-ayrılıqda Prezidentin fərman və sərəncamları var. Ölkədə müharibə iştirakçıları ilə münasibətləri nizamlayan vahid qanunvericlik aktı və vahid idarəetmə strukturu yaradılmalıdır. Bu intiharların səbəbi təkcə sosial məsələ deyil. Bunun arxasında başqa məsələlər də var. Bu hadisələr hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, hüquqi qiymət verilməlidir, başqa çıxış yolu görmürük”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı

Politoloq Asif Nərimanlı da mövzu ilə bağlı fikrini bildirib: “İntihar edən qazi son videosunun sonunda ”Məni o dərinliyində “sındırmağın” yeri yox idi" deyir. Məncə, məsələnin mahiyyəti budur və məsələ probleminin həll edilib-edilməməsindən daha çox, üzləşdiyi münasibətdir. İcra hakimiyyətində ona nə deyiblər, hansı münasibətlə üzləşib?! Əksər vaxt vətəndaşı problemin həllindən öncə gördüyü münasibət qıcıqlandırır, bu vətəndaş müharibə iştirakçısıdırsa, münasibət məsələsi daha da həssaslaşır. Çətindirmi qaziləri, şəhid ailələrini xoş qarşılayıb, xoş yola salmaq?! Biz I Qarabağ müharibəsindən sonra bu təcrübəni yaşamışdıq, ikincidən sonra belə olmamalı idi. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı əvvəl mənim doğulduğum və hazırda doğmalarımın yaşadığı Saatlı rayonunda başçı idi. Onun vətəndaşla davranış qaydasından xəbərsiz olduğunu bizim rayonun camaatı yaxşı xatırlayır. Elvin Cəfərovla necə davrandığını təxmini təsəvvür edirəm".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR