Onlayn ictimai-siyasi qəzet
Əhməd Qəşəmoğlu: ""Mən səndən üstünəm" prinsipi artıq ailədə işləmir..."
Son statistik rəqəmlərə görə, Azərbaycanda boşanmaların sayında artım müşahidə edilməkdədir. Səbəblər arasında ən müxtəlif amillər sadalanır.
Bu arada türkiyəli aktrisa İpek Tuzcuoğlu açıqlaması ilə gündəmi zəbt edib. BAKU.WS xəbər verir ki, aktrisa qonaq olduğu verilişlərdəm birində “Türkiyədə qadınlara iqtisadi azadlıq verilsə, onların 95 faizi boşanar” sözlərini söyləyib. Onun bu çıxışı ilə müzakirələr yaradıb. İzləyicilər aktrisanın bu fikirləri ilə razılaşaraq onu dəstəkləyiblər.
Doğrudanmı qadın azadlığının artması, o sırada qadının iqtisadi azadlığı, yəni kişidən daha çox qazanması ailə institutu üçün təhlükə yarada bilər? Qadının işləməsi möhkəmlik baxımından ailənin ziyanınadırmı?
Statistikadan belə məlum olur ki, Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov da bu yaxınlarda açıqlamasında bildirmişdi ki, ölkədə boşanmaq istəyən hər 10 nəfərdən yeddisi xanımdır.
“İqtisadi asılılıq olmadıqdan sonra qadın da düşünəcək ki, ailəni neynirəm, ailəyə çox da əhəmiyyət verməyəcək. Beləliklə, iqtisadi vəziyyəti gücləndikcə, qadınlar özlərini əziyyətə salmaq istəmirlər”.
Bu sözləri mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasımda deyib.
Sosioloq qeyd edib ki, indiki vaxtda Azərbaycanda ailə institutları ilə bağlı lazım, vacib olan işlər hələ də görülmür: “Ailə institutunu Allahın ümidinə buraxmışıq. Əslində isə bu sahədə çox ciddi işlər görmək lazımdır. Yeni texnologiya inkişaf etdikcə insanları robotlar əvəzləməyə başlayır. İnsanlar gələcəkdə daha çox sosial sahədə işləyəcəklər, iqtisadi sahədə əsasən robotlar fəaliyyət göstərəcək. Bu baxımdan daha çox sosial sahəyə diqqət etməliyik.
İlk olaraq bu sualı verməliyik - ailə lazımdır, ya yox? Bütün araşdırmalar onu göstərir ki, ailənin olması çox yaxşıdır, vacibdir. Amma biz lazım, vacib olan ailəni indi qoruyub saxlaya bilirikmi? Araşdırsaq görərik ki, bizim ailəyə münasibətimiz hələ də feodal cəmiyyətdə olan münasibətlər kimidir. Gərək elə edək ki, ailədə yeməkdən, çörəkdən əvvəl mehriban, ahəngdar münasibət olsun. Gərəkdir ki, indi günü-gündən mürəkkəbləşən cəmiyyətimizdə ailənin qorunub saxlanılması üçün yeni işlər görülsün. Biz elə etməliyik ki, ailə qurulanda evdə ahəngdar mühit olsun. Bu isə öz-özünə olmur, mütləq sosial iş xidməti olmalıdır.
Bunun üçün isə biz indidən universitetlərə müraciət etməliyik ki, bu sahə üzrə işçilər hazırlansın. Sosial işçilər sayəsində bilinəcək ki, hər evin, ailənin hansı ciddi sosial, mənəvi-psixoloji problemləri var və onlara vaxtında xidmət göstəriləcək. Əlbəttə ki, bu işlər görülmədikcə, birtərəfli yanaşmalar olduqca iqtisadi amillər mühüm rol oynayacaq. Bu zaman qadın daha çox qazanırsa və mənəvi tərəfdən onun yetişməsi arzuolunan şəkildə olmayıbsa, düşünəcək ki, ailəni neynirəm, ailəyə çox da əhəmiyyət verməyəcək. Beləliklə, iqtisadi vəziyyəti gücləndikcə, qadınlar özlərini əziyyətə salmaq istəmirlər.
Biz gəncləri elə hazırlamalıyıq ki, gənclər ailə dəyərlərini dərindən öyrənsinlər, bilsinlər.
Əvvəllər güzəştə getməyi qadından daha çox tələb edirdilər. İndi çalışmaq lazımdır ki, ailə münasibətlərində qadın və kişi bir-birini ahəngdar olaraq tamamlasın. Bəzən deyirlər ki, qadın və kişi hüquqları bərabərdir, evdə iş bölgüsü də ona əsasən aparılır. Evdə bu işi sən gör və müqabilində sənə filan qədər pul verəcəyəm kimi fikirlər gülməlidir. İnsanlar evdə öz imkanlarına, xarakterlərinə və bacarıqlarına görə, bir-birini harmonik olaraq tamamlamalıdır. “Mən səndən üstünəm” prinsipi artıq ailədə işləmir".
Sosioloqun sözlərinə görə, ailədəki münasibətlər mənəvi dəyərlər əsasında qurulmalıdır, əks təqdirdə, təhlükəli vəziyyət yaranır: “Qadın əsas diqqəti ailəyə yönəldəndə yalnız ailə qayğıları ilə yaşayır və bu zaman başqa cür psixologiya olur. Lakin qadın cəmiyyətdə ciddi mövqe tutanda və yaxud bizneslə məşğul olanda, fikirləri başqa cür formalaşır. Əlbəttə, insanda peşəsinə vurğunluq yarananda bəzən bu da ailəsinə qarşı münasibətinə təsir edə bilər. Bəzən isə əksinə, bu istiqamətdə ailəsini təmin etdikdə ailəsinə daha çox bağlana bilər.
Burada çox mühüm rol oynayan məsələ üstünlük verilən dəyərlərdir. Artıq min illərdir bütün ağıllı insanlar, dini kitablar bizə deyir ki, cəmiyyətdə, sosial sistemdə mənəvi dəyərlər öndə olmalıdır. Mənəvi dəyərlər arxa plana keçdikdə isə gərginlik artır, xoşagəlməz vəziyyətlər yaranır, insanlar arasında münasibətlər korlanır.
Təbii ki, insanın aldığı informasiyalar da mühüm rol oynayır. Ona görə biz bu gün deyiriksə ki, boşanmaların qarşısını alaq, deyə bilmərik ki, bu ancaq işləməyə görədir və bu, kobud müdaxilə ola bilər və xanımların cəmiyyətdə passiv rola keçməsinin çağırışı olar. Çalışmalıyıq ki, ailə dəyərləri, ailə münasibətləri daha da gücləndirilsin. Bunun üçün də yeni ailə modellərinin qurulmasına ehtiyac var".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ