İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə telefon danışığı: ad günü təbriki, yoxsa “razılaşmalara əməl et” çağırışı?

Rusiya lideri erməni baş naziri təbrik etməklə yanaşı, üçtərəfli anlaşmanın gücləndirilməsinin vacibliyini xatırladıb; Kreml sanksiyaları Zəngəzur dəhlizi ilə kompensasiya etməyə tələsir?

Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub. “Yeni Müsavat”ın verdiyi məlumata görə, Kreml rəhbəri Putin əvvəlcə hökumət başçısı Paşinyanı ad günü münasibətilə təbrik edib. Kremlin rəsmi saytında bildirilir ki, telefon danışığında Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əsaslı üçtərəfli sazişlərin icrası müzakirə edilib. Tərəflər  regional sabitliyin təmin edilməsinin, eləcə də Cənubi Qafqazda nəqliyyat və logistika infrastrukturunun inkişafı üçün birgə işin gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Paşinyan mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təmasları barədə də Rusiya prezidentini məlumatlandırıb.  Yeri gəlmişkən, iyunun 2-də Paşinyan İran prezidentini də Brüssel görüşü barədə məlumatlandırıb. Yada salaq ki, mayın 31-də Azərbaycan Prezidenti ilə rusiyalı həmkarı arasında telefon danışığı olmuşdu. Bu danışıqlarda da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, kommunikasiya, blokadaların  aradan qaldırılması əsas müzakirə mövzusu olmuşdu.

Görünür ki, Paşinyanla danışıqların əsas səbəbi də baş nazirin ad günü deyil, xəbərdə də vurğulandığı kimi,  üçtərəfli sazişlərin icrası və ən əsas da, nəqliyyat və logistika infrastrukturu məsələləridir. Sadəcə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı hələ də müəmmalı mövqeyini davam etdirməkdədir. Gah Ermənistan ərazisindən belə bir dəhliz olmayacağını iddia edir, gah da lazımi işlərin görülməsi üçün külli miqdarda vəsaitə ehtiyac olduğunu bəhanə gətirir. Ermənistan kommunikasiyalarla bağlı təkcə Rusiya ilə deyil, Avropa Birliyinin vasitəçiliyi ilə əldə edilən razılaşmaların icrasını ləngidir.

Ehtimal etmək olar ki, Azərbaycan Prezidenti Kreml rəhbəri ilə telefon danışığında bu məsələni gündəmə gətirib. Çünki Prezident dəfələrlə Azərbaycanın kommunikasiyalarla bağlı üzərinə götürdüyü işlərin icrasına başlandığını deyib. Amma Ermənistanın bu məsələlərdə tutduğu destruktiv mövqe nə Rusiyaya, nə də Avropa Birliyinə sirr deyil. Odur ki, Rusiya prezidenti Paşinyana “öhdəliklərini əməl et” çağırışı etməsi gözləniləndir. Təsadüfi deyil ki, Putin də məhz üçtərəfli razılaşmaları Paşinyana xatırladıb...

Bəs Putinin bu zəngindən sonra Ermənistan kommunikasiyalarla bağlı, nəhayət, hərəkətə keçəcəkmi? Rusiyanın sanksiyalara məruz qaldığı bir dövrdə Zəngəzur dəhlizinin tez bir zamanda açılmasında maraqları Bakı ilə üst-üstə düşürmü?

Sərhəd komissiyasının gözlənilən Moskva toplantısı - Brüssel kənarda qalır

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Rusiyaya sanksiyaları Zəngəzur dəhlizinin kompensasiya edəcəyini söyləmək ciddi arqument kimi qiymətləndirilə bilməz: “Demək olmaz ki, Rusiya ümidlərini buna bağlayıb. Fikrimcə, burada başqa məsələlər var - xüsusən Rusiya moderatorluqda şərik istəmir və prosesləri öz adına bağlamaq, nəzarətində saxlamaq niyyəti güdür. Buna görə Brüssel görüşündən sonra həm Lavrov, həm Putinin Bakıya və İrəvana zəngləri oldu”.

Siyasi ekspertin sözlərinə görə, iqtisadi maraqlar da nəzərdən qaçırıla bilməz: “Brüssel platforması Rusiyadan fərqli olaraq, postmüharibə dövründə iqtisadi yardımlar ayırmağı vəd verir. Gəlin rəqəmlərə də baxaq, heç də az deyil, o baxımdan Ermənistan və Azərbaycan bu imkanları əldən vermək istəmir. Ancaq yaxın zamanda delimitasiya işlərinə başlanmasını və kommunikasiyaların tezliklə açılmasını gözləmirəm, proses xeyli vaxt aparacaq, asan məsələ deyil, amma yekunda məntiqi sonluğuna çatacaq. Hər bir halda Zəngəzur dəhlizinin açılması  ilə bağlı irəliləyiş olacaq”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyev isə dedi ki, geosiyasi vəziyyətlə əlaqədar Qərb-Rusiya münasibətləri tam kəsilib: “Buna görə Kreml diqqətini Şərqə yönəldəcək. Bunun üçün böyük sülhün əldə olunması vacib məsələdir. Rusiyanın Cənubi Qafqazda təsir imkanları Qərbdən daha genişdir. Ona görə prosesin kənar qüvvələrin əlinə düşməsində maraqlı deyil. 10 noyabr sazişinin təşəbbüskarı Rusiyadır, Kreml rəhbərinin imzası var, buna görə öhdəliklər yerinə yetirilməlidir. Bütün bu müddəalar icra edilmədən sülh müqaviləsi mümkün deyil”.

Ekspert hesab edir ki, əgər sülh sazişi bağlansa, Rusiya şərq siyasətini aktivləşdirəcək: “İran, Türkiyə, Orta Asiya bölgəsi ilə bağlı siyasətinə yenidən baxacaq, fəallaşdıracaq. O baxımdan Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Brüsseldə qaldırılan məsələlər isə 10 noyabr sənədində olan razılaşmalardır. Avropa İttifaqı vasitəsi ilə baş tutan təşəbbüslər Rusiyanın moderatorluğuna mane olmaq cəhdidir. Amma düşünürəm ki, bütün anlaşmalar Rusiyanın iştirakı ilə həllini tapacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR