İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinlə anqlosakson dünyasının müharibəsi - iki ilinə 2 gün qaldı...

Rusiyanın kollektiv Qərblə Ukrayna poliqonunda apardığı müharibə yeni mərhələyə daxil olur; işğalçı qüvvələr Avdeyevkanı ələ keçirmək üçün iki il ağır döyüşlər apardı; “Budurmu qüdrətli rus ordusunun uğuru?” - Budanov

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Trudovskoye kəndi yaxınlığındakı rus ordusunun təlim poliqonuna zərbələr endirib. “Yeni Müsavat” xəbər verir ki, fevralın 21-də müharibə ilə bağlı məlumatlarda ən diqqətçəkən hadisə bu olub. Hücum nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə daha əvvəl Rusiyanın müharibəyönlü teleqram kanalları da yazıb. Hücum fevralın 20-də günorta saatlarında “HIMARS” reaktiv yaylım atəş sistemindən atılan iki raketlə həyata keçirilib. Bu zaman poliqonda 36-cı qvardiya motoatıcı briqadasının hərbçiləri təlimdə idi. BBC-nin məlumatına görə, zərbə zamanı briqadanın 3 alayının hərbçiləri poliqonda düzülərək Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandiri, general-mayor Oleq Moiseyevin gəlişini gözləyirdilər. 

“Ukrayna üçün əks-hücum planını xarici mütəxəssislər hazırlamışdı”. Rusiya müdafiə naziri Sergey Şoyqu TASS-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, Polşa və Baltikyanı ölkələrin mütəxəssisləri Ukrayna üçün əks-hücum planını hazırlayıblar. Əks-hücum planına görə, Ukrayna Silahlı Qüvvələri Azov dənizinə çıxmalı və Krıma quru dəhlizini kəsməli idi. General Ukraynanın əks-hücum əməliyyatından əvvəl RF Silahlı Qüvvələrinin qurduğu müdafiə xəttinin Ukrayna qoşunlarını gündəlik olaraq sıradan çıxarmağa və müəyyən istiqamətlərdə irəliləməyə imkan verdiyini bildirib.

“Moskva ABŞ və müttəfiqlərinin Ukrayna böhranının sülh yolu ilə həllində maraqlı olduğunu görmür”. Bunu isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. “Qərblilərin orada baş verən hər şeyin Vaşinqton üçün sərfəli sövdələşmə olduğunu xatırlatması ənənə halını alıb: Ukrayna münaqişəsi üçün ayrılan və məbləği on milyardlarla ölçülən vəsaitin böyük hissəsi xaricdə qalır, Amerika hərbi-sənaye kompleksinin inkişafını stimullaşdırır və yeni iş yerləri yaradır. Döyüş meydanında ABŞ deyil, Ukrayna vətəndaşları ölür, bu da həyasız şəkildə vurğulanır. Diplomatik yolda Kiyev və Qərb ölkələri Zelenskinin tamamilə gözdən salınmış "formulunu" təbliğ etməyə davam edir. Bununla yanaşı, Ukrayna böhranının həlli üçün digər ölkələrin təklif etdiyi real təşəbbüsləri nəzərdən keçirməkdən qəti şəkildə imtina edirlər", - Qaluzin bildirib.

“Rusiya ordusu Avdeyevkanı ələ keçirmək üçün iki il ağır döyüşlər aparıb. Digər hesablamalara görə, Avdeyevkanın tutulması prosesi 2014-cü ildən başlayaraq, on il davam edib. Budurmu böyük, qüdrətli rus ordusunun uğuru?”, - Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “The Wall Street Journal”a müsahibəsində istehza ilə soruşub. Budanovun sözlərinə görə, Rusiya hazırda istehsal edə biləcəyindən daha çox artilleriya mərmisindən istifadə edir: “Düşmən son bir ildə yüzlərlə tank buraxsa da, onların əksəriyyəti köhnə modellərdir. Onların cəmi 178-i yeni olub. Bundan əlavə, tədarükün azalması səbəbindən Rusiya Ukraynaya raket atışlarını azaldıb”. Budanovun sözlərinə görə, Rusiyanın bu il Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərini ələ keçirmək kimi əsas strateji məqsədinə nail olması çətin olacaq: “Onların gücü yoxdur”.

Qərb rəsmiləri və analitikləri Budanovun açıqlamalarını bu il Ukrayna üçün optimal ssenari adlandırırlar. Ukrayna ağıllı müdafiə döyüşü apara bilsə, Rusiya qüvvələrini sarsıdıb öz qüvvələrini yenidən qura bilsə, 2025-ci ildə zəifləmiş düşmənə qarşı növbəti əks-hücuma keçə bilər. Artıq müharibənin iki ilinin tamamına iki gün qalır. Bu müddətdə Ukrayna işğal edilən ərazilərin yarısını azad etdiyini açıqlayıb. Lakin torpaqların tam işğaldan qurtulması üçün yaxın zamanda ümid görünmür. Rusiya da ciddi həmlələr və hücumlar edə bilmir. Bütün Donbasın işğalı, Donetsk və Luqanskın inzibati sərhədlərinə çıxmaq üçün Rusiyaya bir neçə il də döyüşmək lazımdır. Londonda yerləşən “Royal United Services Institute” analitik mərkəzinin son araşdırması Rusiya qüvvələrinin təzyiqlərinin və imkanlarının ilin sonunda özünün pik nöqtəsinə çatacağını, 2025-ci ildə isə sursat və zirehli texnika çatışmazlığı ilə qarşılaşacağını müəyyən edib.

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də “AÇIR  SANDIĞI, TÖKÜR PAMBIĞI”

Şair Ramaldanov

Polkovnik Şair Ramaldanova görə, Rusiya nəyin bahasına olursa-olsun Ukraynanı işğal etməyi qarşısına məqsəd qoymayıb: “Rusiyanın konkret siyasi tələbləri var. Əgər Kiyev onları qəbul edib masaya otursa, atəşkəs əldə edilə bilər. Rusiya Ukrayna ilə döyüşmür, ukraynalılarla savaşır. Artıq düşünmək olar ki, başda ABŞ olmaqla, koalisiya çıxış yolu axtarır. Avdeyevka uğrunda döyüşlər bu mənada kulminasiya nöqtəsi idi. Qərb bu şəhərin işğalına şərait yaratdı. Şərait də ondan ibarət idi ki, iki aydır yardımlar verilmir. Zelenski də bu problemi dilə gətirib. Ona görə də hazırda kollektiv qüvvələr arasında çat olduğu görünməkdədir”. Ş.Ramaldanov hesab edir ki, milyardlar xərclənib, silah-sursat verilib, iki il ərzində Rusiyanın işğalı genişləndirməsinin qarşısı alınıb, lakin Ukrayna əks-hücumlarda effektiv olmayıb, indi isə ruslar yenidən işğalı genişləndirirlər: “Rusiya işğalı yenidən genişləndirməklə qarşı tərəfi masaya oturmağa məcbur etmək istəyir. Bununla demək istəyir ki, üstünlük bizdədir. Yəni siz Kiyevə yenə silah versəniz də, bu, işğal etdiyimiz əraziləri geri almağa kömək etməyəcək. Hə, onlar döyüşəcəklər, amma tutduğumuz əraziləri azad edə bilməyəcəklər. Mən bir faktı deyim - Avdeyevkada 12 briqada və alay döyüşürdü, onlardan 5-i tank alayı idi. Artilleriya üstünlüyü aşkar şəkildə Rusiya tərəfdə idi. Ona görə avropalı siyasətçilər etiraf edirlər ki, qarşıya qoyulan hədəflərə nail olmayıblar”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR