Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın iki qonşusu Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayacaq; təyyarəmizi vuran və səfirliyimizi terror edənlərin bu birliyi hansı təhdidlər yaradır?
İran prezidenti Məsud Pezeşkian həftəsonu Rusiyaya səfər edəcək. “Yeni Müsavat” yazır ki, səfər çərçivəsində Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Görüş zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişin imzalanması nəzərdə tutulub. Yeni sənəd 2001-ci ildə imzalanan sazişi əvəz edəcək və Qərblə kəskin münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək.
Sənədin tam mətni açıqlanmasa da, artıq Moskva və Tehran mətbuatına sazişin bir sıra müddəaları sızdırılıb. Rusiya İranla imzalamaq istədiyi müqavilənin Şimali Koreya ilə imzaladığı müqavilələrin analoqu olacaq. Yəni Moskvanın imzalamaq istədiyi müqavilənin şərtlərinə görə, Rusiyanın ərazisinə hücum İranın ərazisinə hücum deməkdir və bu ölkələr bir-birinə hərbi qüvvə ilə yardım etməlidir. “Bu müqavilə ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”.
Moskva və Tehran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali deyib. “Bu müqavilə preambula, 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir”, - Cəlali İranın dövlət televiziyasına bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti” agentliyinə müsahibəsində deyib ki, yeni saziş Moskva və Tehranın təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq istəyini təsbit edəcək. “Əlbəttə, belə əhatəli sənədin həm də beynəlxalq komponenti var. Sənəd digər məsələlərlə yanaşı, regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xüsusi diqqət yetirir və Moskva və Tehranın təhlükəsizlik, müdafiə, terrorizmlə mübarizə və digər sahələrdə daha sıx əməkdaşlıq etmək istəyini təsbit edir”, - Sergey Lavrov əlavə edib.
İran diplomatik mənbəsinin “Kommersant”a verdiyi məlumata görə, sazişin mühüm hissəsi ticarət, iqtisadi və enerji əməkdaşlığı, həmçinin müdafiə və təhlükəsizliklə bağlı məsələlərdə tərəfdaşlıq olacaq. Saziş ABŞ və İsrailin İrana hücum barədə müzakirələr fonunda imzalanır. Trampın vəzifəyə gəldikdən sonra nüvə silahının yaradılmasının qarşısını almaq üçün İrana qarşı qabaqlayıcı hava zərbələri endirmək imkanını nəzərdən keçirir. Bakı da bu sazişlə bağlı gəlişmələri diqqətlə izləməlidir. Azərbaycanın hər iki ölkə ilə münasibətlərində son aylarda gərginlik yaranıb. Təbii ki, Azərbaycanın şimalda və cənubda iki nəhəng qonşusunun hərtərəfli strateji tərəfdaşlıq sazişini əsasən müdafiə sahəsinə yönəltməsi narahatedici hal da sayıla bilər. Zaman-zaman hər iki dövlətdən Azərbaycana hərbi təhdidlər olub. Xüsusən son illərdə İran bizi hədələyib, sərhədlərimizdə təlimlər keçirib, hədyanlar yağdırıb. Suriyadakı hadisələr isə Moskva və Tehranda Ankaraya qarşı narahatlıq yaradıb. Yeni imzalanan İran-Rusiya sazişini, heç şübhəsiz, Ankara da diqqətlə izləyəcək. Azərbaycanlı ekspertlərin gözləntiləri nədən ibarətdir? Bakı üçün bu ittifaqın hansı riskləri görünməkdədir?
Qabil Hüseynli
“Son bir ayda şimal və cənub qonşularımızın etibarsız, qeyri-dost ölkələr olduğunu bir daha gördük, təəccüblənmədik” - “Yeni Müsavat”a danışan professor Qabil Hüseynli belə replika verdi. Politoloq vurğuladı ki, Rusiya Azərbaycanla strateji müttəfiqlik sənədi imzalayıb, bununla belə, təyyarəmizi vurdu, yerə eniş etməyə icazə də vermədi: “Bu, Rusiyanın nə qədər təhlükə və ətrafı üçün təhdid saçdığını yenidən gözlər önünə sərdi. Biz qəbul edirik ki, Rusiya nəhəng, güclü dövlətdir, Azərbaycan onunla əməkdaşlığa üstünlük verir, amma təhlükə olduğunu da görməliyik. Necə ki tarix boyu” şimal küləkləri" bizə tərəf əsib".
Q.Hüseynli əlavə etdi ki, İran da Rusiyanın müttəfiqi olaraq ondan geri qalmır: “Tarix boyu torpaqlarımızı parçalayıblar, bu gün də təhlükə kimi qalmaqdadırlar. Son həftələrdə İran mollası Amulinin çıxışları olsun, SEPAH mediasının hədələri olsun, bizə aydındır ki, İran da Rusiya qədər təhdiddir. Əgər ruslar təyyarəmizi vurublarsa, daha əvvəl İran səfirliyimizi terror edib, onlara bağlı qruplar millət vəkilimizə sui-qəsd edib, dəfələrlə sərhəddə təlimlərə "xox" gəlməyə çalışıblar. İndi bu iki təhlükənin yeni sazişi imzalamağa hazırlaşması, hərtərəfli əməkdaşlıq niyyəti təbii ki, özünümüdafiə instinktindən irəli gəlir. Onlar qlobal güclərə qarşı mübarizə immunitetini artırır, səylərini birləşdirirlər. Nəzərə almaq lazımdır ki, Tramp İranla haqq-hesab çürütməyə daha çox həvəslidir".
Professor xatırlatdı ki, hər iki müttəfiq Ukrayna münaqişəsi və Yaxın Şərq hadisələrində iştirak edir: “İran dronları Ukraynaya hücumlarda istifadə edilir. Bu, işğala dəstəkdir. Onlar Suriya prosesində də həmahəng idilər. İkisi də sanksiyalara məruz qalıblar. Yəni onları birləşdirən cəhətlər çoxdur və yeni saziş olmasaydı belə, yenə də ittifaq olduqlarına şübhə yox idi. Ona görə də bu yaxınlaşma Azərbaycan üçün hər zaman işarəni dənizdən gözləməyi şərtləndirir, amma Rusiya və İranın hazırkı davranışları daha çox anti-Qərb cəbhəsini möhkəmləndirməyə hesablanıb”.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli isə bu sazişi daha çox Qərbdən gözlənən ağır təzyiqlər fonunda hazırlıq kimi qiymətləndirdi. Onun sözlərinə görə, Azərbaycan öz milli maraqlarına uyğun siyasət yürüdür və kimsə bizimlə təhdid dilində danışa bilməz: “Azərbaycan Prezidenti təyyarəmizin vurulması məsələsində də ən sərt mövqedən çıxış etdi, tələbləri səsləndirdi, İranın əyalət mollasının və onun başında duranların da lazımi cavabını verdi, yəni demək istədi ki, müstəqil siyasət yürüdürük, nə kənar güclər, nə qonşularımız bizi təhdid edə bilməzlər. Azərbaycan tək deyil, onun müttəfiqləri, tərəfdaşları var. Bu mənada, Rusiya və İran arasında əldə ediləcək yeni razılaşmaya daha qlobal aspektdən yanaşmaq lazımdır. Sözsüz ki, regionumuz qaynar qazana çevrilməkdədir, ətrafımızda müharibələr gedir, bunun da mənfi təsirləri göz qabağındadır. Elə bu səbəbdən quru sərhədləri bağlı saxlamışıq”.
Hərbi ekspert bildirdi ki, Rusiya və İran arasında 24 il qabaq imzalanmış sənəd yenilənəcək, müttəfiqlik səviyyəsi yüksəldiləcək: “Tərəflər arasında razılaşma Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsinə oxşayır. Yəni birinə olan hərbi hücum digərinin müdaxiləsinə səbəb ola bilər. Bu razılaşma Rusiya və Şimali Koreya arasında da var. Azərbaycan Prezidenti də son müsahibəsində dedi ki, ABŞ-ın yeni rəhbərliyi dövründə bu ölkə ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə ümid edir. Məncə, bu da şimal və cənub ölkələrinə bir mesaj ola bilər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ