Onlayn ictimai-siyasi qəzet
Prezident Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib. Daha əvvəl Kreml lideri də ukraynalı həmkarının dialoqda iştirak edə biləcəyinə işarə vurub. Rusiya liderinin sözlərinə görə, Zelenski legitim prezident olmasa da, danışıqlara qoşula bilər. Lakin ötən gün Putin təklif edib ki, BMT, ABŞ və Avropa Birliyinin də birgə nəzarəti ilə Ukraynada müvəqqəti hökumət qurulsun və onunla dialoq aparılsın.
Sitat: "Ukraynada müvəqqəti idarəetmənin tətbiqi mümkünlüyü BMT-nin himayəsi altında ABŞ, Avropa ölkələri və Rusiyanın tərəfdaşları ilə birlikdə müzakirə oluna bilər".
Bu təklifə ABŞ-nin reaksiyası adekvat olmayıb. Vaşinqton hesab edir ki, Ukraynada seçkilər Konstitusiyaya söykənir və xalqın iradəsi ilə keçirilir. Yeri gəlmişkən, bundan qısa müddət əvvəl Ali Rada Zelenskinin təklifini dəstəkləyib və qərar qəbul edib ki, dayanıqlı atəşkəsə qədər ölkədə prezident seçkiləri keçirilməsin. Ancaq göründüyü kimi, Ukraynanın suveren əraziləri olan 4 regionu Rusiyaya birləşdirən Putin, bu azmış kimi, hərbi təcavüz etdiyi ölkədə seçkilərin belə necə keçirilməsini diktə etmək istəyir. Onun keçid hökuməti qurmaq ideyasına isə Vaşinqton kimi Brüssel də müsbət yanaşmır. Paris sammiti göstərdi ki, Avropa İttifaqı Kiyevi var gücü ilə dəstəkləməyə davam etməkdə israrlıdır. Xüsusən də Fransa və Aİ üzvü olmayan, lakin "qoca qitə"nin dominant ölkəsi Böyük Britaniyanı qeyd etmək lazımdır. BMT də Ukraynada müvəqqəti hökumət qurulması təklifinə "hə" deməyib. O zaman Putinin bu fikri suya düşmüş sayıla bilərmi? Ümumiyyətlə, Ukraynada seçkilər olarsa, Zelenski qalib gələcəkmi? Çünki Kiyev Dövlət Sosiologiya İnstitunun son sorğusunda 67 faiz insan hazırkı prezidentə etimad göstərib.
Bu mövzuda Musavat.com-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Ukrayna Suriyanın vəziyyətində deyil, ona görə müvəqqəti hökumət qurulmasına zərurət yoxdur:
"Suriyada silahlı müxalifət şəhərləri ələ keçirdi, Bəşər Əsəd ölkədən qaçıb Rusiyadan sığınacaq aldı. Buna görə də keçid hökuməti yaradıldı və seçkilərə hazırlıq gedir. Ukraynada isə işğala qarşı müqavimət cəbhəsi qurulub. Bu mübarizədə dövlət, ordu və xalq birlik nümayiş etdirir. Hakimiyyətin içində parçalanma da yoxdur, Zelenski bu müddətdə monolitliyi qoruyub saxlaya bilib. Eyni zamanda, xalqın içində hansısa narazı elektorat meydana çıxaraq Zelenskini istefaya çağırmır. Müxalifət də mitinqlər təşkil etmir. Ali Radada olan müxalifət də işğala qarşı savaşda iqtidarla həmrəydir. O halda, Putin müvəqqəti hökumət qurulmasını necə tələb edə bilər?"
Hüquq müdafiəçisi hesab edir ki, bu qədər faciələrə baxmayaraq, heç bir ukraynalı Zelenskiyə "get" deməyib:
"Hətta sonuncu dəfə Ali Rada seçkilərin atəşkəsdən sonra keçirilməsi haqda qərar qəbul edəndə Zelenskinin rəqibləri - Poroşenko və Timoşenko da bu mövqeyi dəstəklədilər. Ona görə də Putinin çağırışına nə Ukraynadan, nə də onun müttəfiqlərindən müsbət cavab gəlməyəcəyi gözlənilən idi".
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, Rusiya Kiyevi üç günə tutmağı planlaşdırırdı, amma bu blitskriq uğurlu olmadığı üçün indi yeni ideya dövriyyəyə buraxılıb:
"Rusiya 2022-ci ilin fevralında desantları Qostomel və Kiyev istiqamətinə göndərəndə ildırımsürətli plan bu idi ki, hərbi çevriliş baş verəcək, Zelenski devriləcək və həbs olunacaq. Bundan sonra Kiyevdə rus desantlar Zelenski üçün hərbi tribunal quracaq, onu neonasist olmaqda ittiham edərək məhkəməyə çıxaracaqlar. Ardınca ölkədə tələsik seçki keçirib Medvedçuk və ya ona bənzər ruspərəst siyasətçi qalib elan edilərək prezident postuna gətiriləcəkdi". Ekspertin sözlərinə görə, Rusiyanın bütün bu planları alt-üst oldu: "Zelenski cəsarətli davrandı, desantlar məhv edildi, Medvedçuk da həbs olundu, Kiyevdə barrikadalar quruldu, xalq, ordu və kəşfiyyat işlədi, Qərb də ciddi dəstək verdi, beləliklə Zelenskini hakimiyyətdən aşıra bilmədilər. Bu günə qədər də Rusiya bu fiaskonun altını Donbasda çəkir. Hər halda, Zelenski Əsəd deyildi, onu xalq 73 faiz səslə seçmişdi və yadelli qüvvələrə qarşı mübarizədə ukraynalılar prezidentlə həmfikir olduqlar. İndisə Putin yeni variant üzərində baş sındırır və amma onun son təklifinin reallaşması nonsensdir".
Emil SALAMOĞLU,
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ