Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalına verdiyi müsahibədə Ukrayna müharibəsi, Rusiya-ABŞ münasibətləri və Avropa siyasəti ilə bağlı bir sıra mühüm açıqlamalarla çıxış edib.
Musavat.com xəbər verir ki, o, jurnalist Pavel Zarubinə verdiyi cavablarda mövcud vəziyyəti dəyərləndirib.
Peskov bildirib ki, Ukrayna ətrafında baş verən qarşıdurmanı əsas səbəbləri aradan qaldırmadan bitirmək mümkün deyil. Onun sözlərinə görə, Vladimir Putin prinsip etibarilə Ukraynada atəşkəs fikrini dəstəkləyir, lakin bu proses üçün bir çox mühüm detallara və görüləcək işlərə ehtiyac var.
Kreml sözçüsü Kiyev rəhbərliyinə etibar edilmədiyini də açıq şəkildə ifadə edib:
“Kiyev bir çox vəd verə bilər, lakin Kiyev rejiminin və Zelenskinin sözlərinin dəyəri demək olar ki, yoxdur.”
Peskov Avropa ölkələrinin Ukrayna məsələsinə yanaşmasını paradoksal adlandırıb. Onun sözlərinə görə, “Avropalılar sülhlə maraqlanmalı olduğu halda, hələ də müharibənin davamını müzakirə edirlər.”
Bununla yanaşı, o ümid etdiyini bildirib ki, “bir gün Avropada Rusiyayla yaxşı qonşuluq münasibətlərinin əhəmiyyətini anlayan siyasətçilər meydana çıxacaq”.
Peskov qeyd edib ki, Rusiya ilə ABŞ bütün məsələlərdə razılaşa bilməsə də, bu, tərəflərin böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlıqdan imtina etməsi anlamına gəlməməlidir. O əlavə edib ki, Qara dəniz taxıl təşəbbüsünün bərpası ilə bağlı mürəkkəb danışıqlar gözlənilir.
Sözçü həmçinin Kiyevin enerji infrastrukturlarına edilən hücumlarla bağlı öhdəliklərə əməl etməməsinin ABŞ Prezidenti Tramp ilə Rusiya Prezidenti Putin arasında yeni görüşə səbəb ola biləcəyini də istisna etməyib.
Onun sözlərinə görə, tərəflər arasında çətin danışıqlar gözlənilir və bu məqsədlə müzakirəçilər bazar ertəsi günü Səudiyyə Ərəbistanının paytaxtı Riyada səfər edəcəklər.
Peskov əlavə edib ki, martın 18-də Putinlə Tramp arasında baş tutan telefon danışığı iki liderin indiyə qədər apardığı ən uzun müzakirələrdən biri olub. O həmçinin son həftələrdə liderlər arasında iki dəfədən çox telefon danışığının aparılma ehtimalını istisna etməyib.
Rusiya rəsmisi qeyd edib ki, sonuncu telefon danışığı Putin və Tramp arasında keçiriləcək üzbəüz görüş üçün atılan mühüm addımlardan biridir.
Fransa Prezidenti Emmanuel Makronun Avropa üçün “nüvə çətiri” konsepsiyası ilə bağlı açıqlamalarını isə Peskov “çox təhlükəli” adlandırıb.
Musavat.com
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ