İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Paşinyana Qarabağla bağlı dediyi o söz: “Əlbəttə...”

Erməni baş nazir humanitar vəziyyətin guya gərgin olduğuna diqqəti cəlb etmək istəyib, əslində hiyləsi başqadır, Kreml başçısı isə onu dinləyib və qısa cavabla yola verib - ekspertlərin fərqli şərhi

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündə sonuncu çox çalışdı ki, Qarabağ müzakirə masasında olsun. Putinlə görüşdə Paşinyan Azərbaycandan şikayətlənib.

“Yeni Müsavat” xatırladır ki, erməni baş nazir Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurulmasına görə vəziyyətin guya ağırlaşdığına diqqət çəkməyə can atıb. “Təəssüf ki, orada humanitar vəziyyət gərgin olaraq qalır. Bir neçə aydır ki, Dağlıq Qarabağda qaz və işıq yoxdur. Laçın dəhlizində vəziyyət kifayət qədər gərgin olaraq qalır. Yeri gəlmişkən qeyd etməliyəm ki, indi Dağlıq Qarabağa ərzaq çatdırılması Rusiya sülhməramlılarının köməyi ilə həyata keçirilir və bu, məhdud miqdarda ərzaqdır. Ümumiyyətlə, Dağlıq Qarabağda humanitar böhran davam edir və bu da çox vacib məsələdir”.

Burada diqqəti çəkən məqam odur ki, Putin Paşinyanın dediklərini, sadəcə, dinləyib və bir kəlmə “əlbəttə” deməklə başqa heç bir reaksiya verməyib. Necə deyərlər, Paşinyanın dediklərinə ətraflı münasibət bildirməyib.

Kreml başçısının “əlbəttə” deməsini iki cür şərh etmək olar: bir, yəni əlbəttə, biz bu məsələləri danışa bilərik, ikincisi, Putin Nikolu yola verib. Əvvəla, Paşinyan gözünün içinə qədər yalan danışıb - Qarabağda su da, işıq da, qaz da, internet də var. Heç bir kommunikasiya böhranı yaşanmır. Qarabağa humanitar yüklərin daşınmasına gəlincə, hər gün yoldan ruslara aid təminat maşınları keçir və heç bir əngəl yaradılmır. O başqa məsələdir ki, erməni sakinlər sabaha nicatla baxmırlar və köç prosesi başlanıb. Çünki onlar separatçı rejimə inanmırlar. Bakı isə şərtini açıqlayıb: ya vətəndaşlığı qəbul edirsiniz, ya da bölgəni tərk edirsiniz, təlxək yığınından ibarət “artsax”ın tabeliyi altında həmişəlik belə yaşayacağınıza göz yummayacağıq. Bizim ərazilərdə ikinci idarəetmə mərkəzi ola bilməz.

Əksinə, Paşinyan hələ də cavab vermir ki, Qarabağın yuxarı hissəsində 10 min erməni silahlısı var. Onlar səngər qazır, istehkamlar qurur, vaxtaşırı mövqelərimizi atəşə tutur, yeni təmas xətti formalaşdırmağa çalışır, Kərkicahan-Xəlifəli yolu ilə də rusların müşayiəti ilə ərazilərə hərbi yük daşınır. Budurmu Qarabağda vəziyyətin ermənilər üçün gərgin olması? Əslində buna Paşinyanla yanaşı Putin də cavab verməlidir. Hər iki lider 10 noyabr sənədinə qol çəkib və 4-cü bənddə öhdəlik götürülüb ki, Qarabağa rus qoşuları yerləşdiyi andan etibarən bir erməni hərbi qulluqçusu belə qalmamalıdır. Ona görə Paşinyanın Putinlə görüşdə qaldırdığı məsələnin üzərindən Rusiya prezidentinin bir kəlməlik sözlə keçməsi bölgədə reallığı ifadə edir - Azərbaycan Qarabağın dağlıq ərazilərində də bayrağını ucaltmalıdır. Həm Putin, həm Paşinyan Qarabağın Azərbaycana aid olduğunu təsdiq ediblər. O halda, ekspertlər Putinin “əlbəttə” deyərək soyuqqanlı reaksiya verməsini necə dəyərləndirirlər?

Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma Ermənistanda türk  görmək istəmirlər”

Ramiyə Məmmədova 

Siyasi təhlilçi Ramiyə Məmmədova Nikolun yalanını separatçıların özlərinin ifşa etdiyini düşünür: “Qarabağdakı ermənilərin blokadada olması cəfəngiyyatını ifşa edən görüntülərlə rastlaşdım. Ağdərə ərazisində ermənilərin toy məclisi və rəqs etmələri həmin videoda öz əksini tapıb. Paşinyan yaxşı bilir ki, orada humanitar fəlakət yoxdur. Sadəcə, Qarabağ ermənilərinə, Ermənistan cəmiyyətinə göstərir ki, mən Putin qarşısında bu məsələləri qaldırdım, o da belə cavab verdi, daha nə edə bilərəm... Bir növ özünü tənqidlərdən sığortalayır. Eynilə Rusiyanı da öz aləmində şantaj edir, yəni sülhməramlılar işini görmür, erməni əhalisi çətin vəziyyətə düşüb, rus hərbçiləri onlara təminatçı ola bilmirlər. Paşinyan rus hərbçilərinin Qarabağda və sərhəddə beynəlxalq missiya ilə əvəzlənməsi üçün bəhanələr axtarmağa başlayıb. Ancaq onun bu çırpıntıları mənasızdır. Əgər Qarabağın bizim torpaqlar olduğunu qəbul edirsə, işimizə qarışa bilməz”.

Ekspert Putinin reaksiyasının Paşinyan üçün açıq cavab olduğunu düşünür: “Rusiya lideri demək istəyib ki, Laçın yolunda nəzarət postunun olması normaldır. Bunu istəsən müzakirə edək, amma yığışdırılması üçün hüquqi əsas yoxdur. Üstəlik, bizdən qabaq Ermənistan sərhəddə nəzarət məntəqəsi yaradıb. Paşinyan əslində razıdır ki, Laçın yolunda yoxlama olsun, o da Zəngəzur yolu işə düşəndə Rusiya FTX-sinin yox, erməni sərhədçilərinin gediş-gəlişi kontrol etməsini təmin edə bilsin. Yəni onun çıxışını belə oxumaq lazımdır. Putin isə 44 günlük müharibənin gedişində demişdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsidir. İndi nə əlavə edə bilər?

Məsələyə daha qlobal və regional baxanda isə Rusiyanın bu gün Türkiyə ilə Azərbaycana hava-su kimi ehtiyacı var. Belə vaxtda bizi narazı salmaq, üstümüzə gəlmək istəməz".

Asif Nərimanlı yazır...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan Rusiya prezidentinə ad günü münasibətilə məktub ünvanlayıb: “Araik Putinin adı gününü bəhanə edərək, ona ünvanladığı məktubda Rusiya prezidentindən Qarabağda separatizmə dəstək verməsini xahiş edir. Məktubun mətni separatçıların "başçısı"nın Putinə yalvardığını deməyə əsas verir. Araik Azərbaycanın separatizmə qarşı addımlarından şikayətlənir və bunun Rusiyanın təhlükəsizlik təminatlarına qarşı addım kimi təqdim edir. Bununla Putinə demək istəyir ki, “Bakı Moskvanın Qarabağ planını pozur”, “Rusiyanın bölgədəki maraqları üçün separatçıların mövcudluğu əhəmiyyətlidir”. Moskvanın Qarabağdakı planları, eləcə də Azərbaycanın öz suverenliyinə qarşı olan təhdidləri aradan qaldırmaq istiqamətindəki addımları sirr deyil. Burada əsas məsələ separatçıların başçısının bu məsələləri dilə gətirərək, Putinə “bizi xilas edin” məğzindəki yalvarmasıdır. Və bu məqam separatçıların indiyə qədər arxalandığı Rusiyanın da artıq onları qorumadığı, yaxud qoruya bilmədiyi reallığının dilə gətirilməsidir".

Onun sözlərinə görə, indiyə qədər sadə ermənilərin Laçın postundan keçidinə separatçılar imkan vermirdi və hesab edirdilər ki, postun ləğv edilməsinə nail olacaqlar: “Lakin Nikolun "Qarabağ Azərbaycandır" bəyanatı, Əliyevin separatçılar üçün “amnistiya çağırışı” və beynəlxalq müstəvidə bunun dəstəklənməsindən sonra getmək istəyənlərə şərait yaradılır. Erməni mediası bunu Xankəndidəki separatçıların mövcud vəziyyətlə barışması ilə əlaqələndirir, qarşıdakı dövrdə gedənlərin daha çox olacağını yazır".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR