İnsanlara hürriyət, millətlərə istiqlal!

Putini dəstəkləyən opera divası böyük etirazlara rəğmən səhnəyə qayıdır

Ukrayna klassik musiqiçiləri Almaniyanın Visbaden şəhərində may ayında keçiriləcək beynəlxalq festivalda iştirakdan imtina etmək niyyətində olduqlarını açıqlayıblar.

Musavat.com xarici agentlliklərə istinadən xəbər verir ki, buna əsas səbəb Kremlin sevimli sənətçilərindən, məşhur opera divası Anna Netrebkonun da həmin festivala gəlmə ehtimalıdır.

Ukraynalı sənətçilər Anna Netrebko ilə eyni səhnədə çıxış etmək istəmədiklərini bildiriblər. Ukrayna Mədəniyyət Nazirliyi da festivalın təşkilatçılarına ultimatum verib: ya ukraynalı ifaçıların iştirakı, ya da Netrebko.

“Deutsche Welle” kanalının məlumatına görə, Visbadendəki festivalın təşkilat komitəsi Ukrayna Milli Operasının baş direktoru Petro Çuprinanın və Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenkonun məktubunu alıb. Eyni məzmunda məktub Almaniyanın mədəniyyət naziri Klaudiya Rota da ünvanlanıb Tkaçenkonun mesajında Ukrayna tərəfinin Rusiya mədəniyyətini təmsil edən insanlarla heç bir əməkdaşlığa getməyəcəyi, onların olduğu heç bir tədbirdə iştirak etməyəcəklərini bildirib.

Visbadenin yerləşdiyi Hessen federal əyalətinin siyasətçiləri də ukraynalıların mövqeyini dəstəkləyiblər. Lakin festivalın keçiriləcəyi Hessen Dövlət Teatrının rəhbərliyi azad ölkədə sualın bu şəkildə qaldırılmasının qəbuledilməz olduğunu bildirib. Teatr öz bəyanatında müharibə əleyhinə mövqe tutduğunu və Ukraynanı dəstəklədiyini vurğulayıb. “Lakin bu o demək deyil ki, biz, bütün rus mədəniyyətini pisləməyə və rus sənətçilərini yalnız mənşəyinə görə kənarlaşdırmalıyıq”,-deyə rəhbərliyin açıqlamasında qeyd olunub.

Almaniyanın federal mədəniyyət və media naziri Klaudiya Rot Ukraynanın mövqeyini başa düşdüyünü, lakin ümumilikdə Rusiya mədəniyyətinin boykot edilməsinə qarşı olduğunu vurğulayıb. O, ukraynalı sənətçi və musiqiçilərə Visbadendə çıxış edib-etməmək barədə özlərinin qərar verməli olduğunu deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR