Onlayn ictimai-siyasi qəzet
"Dövlət hesabına hüquqi yardıma görə vəsaitin artırılması ilə bağlı aidiyyəti qurumlara göndərdiyimiz təkliflərə müsbət cavab ala bilməmişik".
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda keçirilən təlimdə deyib.
Sədr dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsaitin qənaətbəxş olmadığını və bu məsələnin öz həllini tapmalı olduğunu söyləyib: "Məlum olduğu kimi, dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkillərə ödənilən vəsait 2018-ci ildə 2 manatdan 6 manatadək artırılıb. 2018-dən bugünədək bütün sahələrdə məvaciblər və digər ödənişlər real şəraitə uyğun olaraq indeksasiya olunub. Yalnız vəkillik sahəsində 6 ildir ki, bu məbləğ dəyişmir. Hesab edirəm ki, bununla bağlı ədalətli qərar qəbul edilməlidir. Dövlət hesabına hüquqi yardıma ödəniş ağlabatan və bazar şəraitinə uyğun olmalıdır. Bu vəsaitin artırılması formal vəkilliklə apardığımız səmərəli mübarizəyə də mühüm töhfə verəcək. Çünki bəzi hallarda dövlət hesabına hüquqi yardıma görə ödəniln vəsaitin az olması formal vəkilliyə münbit şərait yaradır. Yaxın zamanda bununla bağlı lazımi addımların atılmasına ümid edirik. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik".
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ