İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli həmrəylik və demokratik münasibətlərin təminatçısı

Tərəddüdsüz deyə bilərik ki, müasir beynəlxalq münasibətlər sistemini xarakterizə edərkən “dünyada siyasi seysmik zonalar mövcuddur” kimi ifadələr artıq aktual hesab oluna bilməz və bu cür ifadələr real vəziyyəti əsla əks etdirmir. Bu gün beynəlxalq münasibətlər sistemi bütövlüklə qlobal siyasi “vulkana” bənzəyir. Bu “vulkan” o qədər qızıb ki, istənilən hadisə istənilən an və istənilən yerdə baş verə bilər. Vulkan daşanda isə bu prosesin başlanğıc nöqtəsinin harada yerləşməsinin heç bir fərqi yoxdur. Məhz qeyd olunan ehtimalı hesablamış ölkələr “milli səfərbərliyi” təmin edə biləcək tədbirlərin həyata keçirilməsinə xüsusilə ciddi yanaşırlar. Beynəlxalq münasibətlər kontekstində “milli səfərbərlik” ilk növbədə milli həmrəyliyin və cəmiyyətdə olan potensialların səfərbərliyinin təmin olunması deməkdir.

Məhz qeyd olunan “milli səfərbərlik” təzahürü və mövcud istiqamətdə Azərbaycanda görülən işlər kontekstində ilk növbədə Prezident İlham Əliyevin “siyasi dialoq” siyasəti yada düşür. Son dörd il ərzində bu istiqamətdə görülən işlərə diqqət yetirəndə anlayırsan ki, siyasi dialoq milli həmrəyliyin və demokratik münasibətlərin ən önəmli təminatçılarından biridir. Xarici qüvvələrə “işlədiklərini” gizlətməyə belə artıq cəhd etməyən radikalların bütün vəchlə siyasi dialoqa qarşı çıxış etmələri dolayısilə sübut edir ki, siyasi dialoq mühiti həqiqətən də milli həmrəyliyin təminatçısıdır.

Təsadüfi deyil ki, ölkəmizdə hər dəfə milli həmrəyliyin hansısa təzahürü yaşananda radikalların “avtobus” dərdi apendiks sancısı kimi onların dərin narahatlıqlarına səbəb olur. Parlament seçkilərindən dərhal sonra iqtidar-müxalifət münasibətlərinin yeni işlək əməkdaşlıq mexanizmlərinin müəyyən olunmasına xidmət edən təşəbbüsləri görən “kreativ zəka” sahibləri olan radikallar yenə də “avtobus müxalifəti” ifadəsini aktuallaşdırmağa çalışırlar. Sanki bağça uşağı kimi eşitdikləri mənasız bir zarafatı hər dəfə yeri gəldi-gəlmədi dilə gətirməyə çalışırlar. Əslində isə, onların bu cür ritorikası cəmiyyətdə yaşanan milli həmrəyliyə qarşı olan aqressiv mövqenin göstəricisidir.

Siyasi yetkinlikdən uzaq radikal təfəkkürün məhsulu olan “avtobus müxalifəti” ifadəsinin tarixçəsinə və hətta onun etimologiyasına diqqət yetirək. Bunu etmək zəruridir, çünki sözügedən ifadənin arxasında qərəzli siyasət və çirkin niyyətlər dayanıb. Belə ki, bilavasitə Prezident Administrasiyasının təşəbbüsü ilə 2021-ci ildə ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin iştirakı ilə işğaldan azad olunmuş Ağdam şəhərinə ilk birgə səfəri təşkil olunmuşdur. Bu, həmin ərəfələr idi ki, Qələbədən sonra erməni vandalizminin qurbanı olan və daşı daş üstündə qalmayan Ağdam həqiqətlərinin hamılıqla dünyaya və geniş ictimaiyyətə çatdırmaq üçün oraya ardıcıl kütləvi səfərlər təşkil olunurdu.

Çəkinmədən onu da deyə bilərik ki, “avtobus müxalifəti” ifadəsi ətrafında qərəzli və ucuz manipulyasiyaların aparılması eyni zamanda siyasi əxlaqsızlığının təzahürüdür. Belə ki, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin digər məsələlər ilə yanaşı eyni zamanda böyük pozitiv emosional yükü də var. Misal üçün, həmin səfərlərdə iştirak etmiş siyasi partiya sədrlərindən biri mətbuata öz emosiyaları ilə bölüşən zaman bu fikirləri səsləndirmişdir: “Mənim həmkarlarımın Ağdamda avtobusdan düşən kimi ilk gördüyü iş o müqəddəs torpağı öpmək oldu. Bu mənzərəni görəndə göz yaşlarımı dayandıra bilmədim”. Bu cür ülvi hisslərinin yaşamasının tək bir səbəbi olar, o da Vətənə sevgidir. Demək ki, siyasi dialoq eyni zamanda Vətənə olan sevgini də oyandıra bilir. İndi baxın və görün radikal təfəkkür “avtobus” sözünü hansı mənəvi mənzərə və kontekstdən qoparıb?! Onların bu cür davranışlarının bir adı var - yaramazlıq. Şüurlu şəkildə bunu edənlərin isə tək bir hədəfi var: milli həmrəyliyə zərbə vurmaq.

Odur ki, milli həmrəyliyi həzm edə bilməyən zəhərli radikal təfəkkürün, natamamlıq kompleksinin və ucuz istehza xəstəliyinin məhsulu olan bu “avtobus müxalifəti” ifadəsinin dövriyyəyə buraxılmasının əsl məqsədi suverenliyini bərpa edərək sülh yolunda inamla addımlayan ölkənin siyasi partiyalarını əməkdaşlıqdan çəkindirmək və əldə olunmuş tarixi nailiyyətlərin kiçildilməsidir.

Xatırladaq ki, siyasi partiya rəhbərlərinin iştirakı ilə analoji səfərlər daha sonra Şuşa və Zəngilana da təşkil edildi və bu səfərlərin hər biri mətbuatda olduqca geniş şəkildə işıqlandırıldı. Beləcə, müstəqil Azərbaycanın geniş ictimaiyyəti ölkənin siyasi tarixində heç bir zaman yaşanmayan dialoq və həmrəylik mənzərəsinə şahidlik etmiş oldu.

Nəinki siyasətdə, ictimai münasibətlərdə belə dialoqsuz mühit şübhələrə, etimadsızlığa, qərəzli təxribat və manipulyasiyalara yol açır. Dialoq demokratik münasibətlərin əsas meyarlarından biridir. Sözügedən təsbit siyasi aksiomdur. Demək ki, dialoqu inkar edənlər barış və inkişafı yox, məhz ixtilaf və tənəzzülü seçmiş olurlar. Hansı xislət sahibi olmalısan ki, milli qürur və ümumxalq sevincinin səbəbi olan işğaldan azad olunmuş ərazilərə ölkənin bütün siyasi partiya nümayəndələrinin təşkil olunmuş birgə səfərinə qarşı çıxış edəsən və hətta bu siyasi həmrəyliklə bağlı ucuz istehza edəsən?

Məhz qeyd olunanlar müstəvisində yuxarıda bəhs etdiyimiz qlobal “siyasi vulkanları” və bu cür “vulkanlara” hazır olmaq üçün “milli səfərbərliyin” təmin olunmasının zərurətini bir daha yada salaraq biz ilk növbədə siyasi dialoq mühitinin əvəzolunmaz əhəmiyyətini görürük. Təsadüfi deyil ki, “siyasi dialoq” daim radikalların siyasi ritorikalarının hədəfindədir və o da təsadüfi deyil ki, beynəlxalq təşkilatlar heç zaman siyasi dialoq mövzusunu dilə belə gətirmirlər. Halbuki, dialoq mühitinin yaranması və yaşanması onların əsas demokratik vəzifəsi olmalıdır. Odur ki, həmrəyliyə və dialoqa qarşı çıxış edənlər iqtidar ilə siyasi rəqabət aparan yox, məhz düşmənlərin yanında dayanaraq cəmiyyətin parçalanmağını istəyənlərdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR